EN

Vüqar Məmmədov “Qəbələ”dən hansı səbəbdən ayrılıb?

“Qəbələ” növbəti dəfə məşqçi dəyişikliyi edib.

1-ci liqaya düşən “qırmızı-qaralar” Vüqar Məmmədovla yoları ayırıb. Belə fikirlər var ki, Məmmədov Kaxaber Sxadadzenin istəyi ilə komandadan kənarlaşdırılıb. Deyilənlərə inansaq, gürcü çalışdırıcı uzun illərdi qapıçılar üzrə məşqçi vəzifəsini tutan yerli mütəxəssisin işindən narazı qaldığı üçün belə qərar verib.

Onu da qeyd edək ki,  2005-ci ildən “Qəbələ”də qapıçı məşqçisi kimi çalışan Məmmədov 2013-cü ilin yayından əsas və əvəzedici komandalarda fəaliyyət göstərir. 55 yaşlı mütəxəssisin qəfil ayrılığı barədə dəqiq informasiya əldə etmək üçün özü ilə əlaqə saxladıq. Vüqar bəy açıqlamasında bu ayrılığın onun üçün də gözlənilməz olduğunu və klubla bağlı planlar qurduğunu bildirdi:
“Rəhbərliklə danışıq oldu, dedilər ki, baş məşqçi özü ilə köməkçi məşqçi gətirəcək. Ona görə yollarımızı ayırdıq. Kaxaber Sxadadze ilə heç bir problemimiz olmayıb, hər şey qaydasındadı. Yəqin ki, baş məşqçinin istəyi ilə olub. Əlbəttə, belə ayrılıqdan sonra inciklik yarandı, çünki uzun illər orda əziyyətim olub. Xoş, həm də əziyyətli günlərimizi orda keçirmişik. Təbii ki, Qəbələdən ayrılmaq çox çətindi. Həm də orda peşəkarlarla işləmək, dahi insanlarla əməkdaşlıq etmək və birdən-birə ayrılmaq insanı üzür. Bu da bir qismətdi, neynəmək olar. 20 il premyer-liqada oynadıq, istər-istəməz burda işləyə-işləyə aşağı liqaya düşmüşük. İstəyərdim ki, orda da çalışıb yenidən elitaya qayıdaq. Qalıb işləmək istəyirdim. Hazırda başqa təklif yoxdu. Bir-iki yerlə danışıq aparmışıq. Dəqiq bir xəbər yoxdu. Hələ ki istirahət edirəm, həm də klublar da fasilədədi. Qayıtsınlar, komanda da yığılsın, ondan sonra dəqiq nəsə olar”.
Bəs Vüqar Məmmədovun ayrılmasının əsl səbəbi nədi? Məsələ ilə bağlı klubun mövqeyini öyrənmək və yeni məşqçinin kimliyi haqda məlumat almaq üçün “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlıya müraciət etdik: “Vüqar Məmmədov ilk illərdən “Qəbələ”yə xidmət edir. Böyük təcrübəyə malikdi. Bizim akademiyada yetişən bir neçə qapıçının üstündə böyük əməyi var. Onun işinə yanaşmasından narazılığımız yoxdu. Sadəcə, nə vaxtsa son olur. Yəni bəzən dəyişiklik qaçılmazdı. Ona görə də biz Vüqar müəllimlə bağlı belə qərar verdik. Onun ayrılması pis məşqçi olması anlamına gəlmir. Sadəcə, iş prinsiplərimiz fərqli idi. Danışıq apardığımız qapıçı məşqçiləri var, o da yerli olacaq. Amma Kaxaber Sxadadzenin özüylə gətirmək istədiyi kimsə yoxdu. Bildirib ki, daha müasir metodlarla, analizlərlə işləyən qapıçı məşqçisi istəyir. Baş məşqçinin işləmək istədiyi qapıçı məşqçisiylə bağlı ayrı tələbləri var. Ona uyğun namizədləri gözdən keçirir, danışıqlar aparırıq. Həmin tələblərə uyğun seçim edəcəyik. Müasir metodlarla işləyə bilən biri olacaq”.


RÖYANƏ OĞUZ
Chosen
111
football-plus.az

1Sources