EN

“Zəngəzur sənətkarlığı” adlı layihənin icrası davam etdirilir

“Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri Lalə Sərdarlının bildirdiyinə görə, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agenliyinin maliyyə dəstəyilə reallaşdırdıqları “Zəngəzur sənətkarlığı” adlı layihənin ilkin mərhələsi üzrə planlaşdırılan işlər uğurla davam etdirilməkdədir.

Yenicag.az xəbər verir ki, layihəyə əsasən, Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrinin, zəngin mədəni irs inciləri elementlərini özündə ehtiva edən dekorativ tətbiqi sənət nümunələrinin hazırlanması və təbliğ olunması, qardaş Türkiyədə də tanıdılması təmin edilməlidir.

Lalə Sərdarlının mətbuata açıqlamasına görə, qardaş ölkədə bu dəfə “Turan Yolu-Zəngəzurum” adlı kolleksiyadan ” İrəvanım”,” Sərdarım”,” Zəngəzurum”, “Dərələyəzim”,” Şərqin sədası”,” Çərxi fələk” adlı əsərlərlə yanaşı, “Şuşa baharı”,” Səma naxışları”, “İpək Yolu” adlı digər əsərlər də ilk dəfə olaraq nümayiş etdiriləcək.

Adıçəkilən bütün bu əsərlər Azərbaycan Mədəniyyət Nazirliyinin müvafiq komissiyaları tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək qeydiyyata alınmışdır. Müəllifləri Sərdarlı ailəsi olan əsərlər Azərbaycan mədəniyyət tarixində ilk dəfə özləri tərəfindən yaratdıqları yeni metodologiya, üslub və formatda hazırlanmışdır.

Qeyd edək ki, “Turan Yolu – Zəngəzurum” kolleksiyasından bəzi əsərlər ilk dəfə Azərbaycan Milli İncəsənət muzeyində, daha sonra Bakı Yunis Əmrə İnstitutunda nümayiş etdirilib.

Bundan başqa, ötən il “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi adından ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsində verdiyi əməli töhfəyə görə qardaş Şimali Kipr Türk Respublikası Prezidenti cənab Ərsin Tatara və Qazaxıstan Respublikası Prezidentinin müşaviri cənab Malik Otarbayevə hədiyyə edilmişdir. Məqsəd həm də bu ölkələrdə Qərbi Azərbaycan mədəni irsinin böyük Türk dünyasının zəngin mədəni irs mirasının bir parçası olduğunu təbliğ etməkdir. QHT Agentliyinin maliyyə dəstəyilə yaxın zamanlarda

İstanbulda gerçəkləşəcək “Zəngəzur sənətkarlığı” adlı layihənin mesajları da bu fəlsəfəyə köklənəcəkdir.

Daha sonra İctimai Birliyin sədri Lalə Sərdarlı bildirib ki, adıçəkilən layihənin hazırlanmasında və icrasında Azərbaycan Rəssamlar İttifaqının Dekorativ tətbiqi sənət bölməsinin rəhbəri, Azərbaycanın Xalq rəssamı Aydın Rəcəbovun, Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin, Azərbaycan Rəssamlıq Akademiyasının professoru, sənətşünas, Azərbaycanın Əməkdar rəssamı Məmmədhüseyn Hüseynovun, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi bərpa şöbəsinin müdiri, ali dərəcəli bərpaçı rəssam, Azərbaycanın Əməkdar rəssamı Natiq Səfərovun təklif və tövsiyələri xüsusi diqqətə götürülmüşdür. YUNESCO yanında “Yeni Era” Ümumdünya Rəssamlıq Akademiyasının heykəltaraşlıq üzrə vitse-prezidenti, Azərbaycanın Xalq rəssamı Xanlar Əhmədov da “İrəvanım” adlı əsərin hazırlanmasında şəxsən iştirak etmişdir.

“Bütün hallarda Azərbaycan mədəniyyət və incəsənətinin bu ünlü simaları bizim layihənin gerçəkləşməsində tam təmənnasız, əsl vətəndaş cəmiyyəti fəalı kimi kimi iştirak etməkdədirlər. Bununla bir layihə rəhbəri olaraq çox qürurluyam. Və fürsətdən istifadə edərək təşkilatımız adından onların hər birinə hədsiz minnətdarlığımızı bildirir, onlara uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram. İnanıram ki, onların xeyir duası və iştirakı ilə gerçəkləşən bu layihəmiz də uğur qazanacaqdır”, – deyə İB sədri əlavə edib.

Chosen
43
2
yenicag.az

3Sources