EN

Qatı dindar, siqaret həvəskarı, Mourinyonun dostu… - Fernando Santuş haqda nə bilirik?

Fernando Santuşun milli komandaya baş məşqçi təyin olunmasını futbol ictimaiyyəti birmənalı qarşılamadı.

“Football-plus.az” xəbər verir ki, etiraf etmək lazımdı ki, narazıların sayı razılarla müqayisədə daha çoxdu. Axı yığmanın “sükanı arxasına” gənc, enerjili birinin gətiriləcəyi gözlənilirdi. Amma AFFA 69 yaşlı portuqaliyalı mütəxəssislə uzunmüddətli layihəyə start verdi.
Bəs Fernando Santuş kimdi? 1954-cü il oktyabrın 10-da Lissabonda dünyaya gələn Fernando müdafiəçi mövqeyində oynayıb, karyerası “Benfika”, “Eştoril-Praya” və “Maritimu” ilə bağlı olub. Məşqçi karyerasına 1987-ci ildə məhz “Eştoril-Praya”da köməkçi kimi başlayıb, növbəti il baş məşqçi olub və 1994-cü ilə qədər bu komandanı çalışdırıb. Ardından 4 il “Eştrela”ya rəhbərlik edib, burda da uğurla nəticə ilə yadda qalmayıb. 1998-ci ildə ölkə nəhənglərindən “Portu”nu çalışdırmağa başlayıb, 2001-ci ilə qədər “əjdahalar”la bir dəfə çempion olub, iki dəfə Portuqaliya kubokunu, daha iki dəfə Superkubokunu qazanıb. 2001-10-cu illər aralığında AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK kimi klubları çalışdırsa da, yalnız 2001/02 mövsümündə Yunanıstan kubokunu qazanmağı bacarıb.

Məhz Yunanıstan klublarındakı işi ilə bu ölkənin futbol rəhbərliyinin diqqətini çəkib. 2010-cu il iyulun 1-də yığmaya rəhbərlik etməyə başlayıb. AÇ-2012 və DÇ-2014-də yunanların “sükanı arxasında” olub, hər iki turnirdə komandanı pley-offa çıxarıb. 2014-cü il sentyabrın 23-də Santuşun həyatında önəmli hadisə baş verib. O, çoxdan arzuladığı hədəfə çatıb – Portuqaliya yığmasının “sükanı arxasına” keçib. 2022-ci il dekabrın 15-nə qədər bu komandanı çalışdırıb, bu müddətdə yığma ilə həm Avropa çempionu, həm də Millətlər Liqasının qalibi olub. Maraqlıdı ki, Santuş doğma ölkəsinin yığmasından ayrılandan sonra komandaları az qala əlcək kimi dəyişir. Məsələn, ötən il yanvarın 23-də Polşa Futbol İttifaqının prezidenti Sezar Kuleşa portuqaliyalı mütəxəssisin bu ölkənin yığmasını çalışdıracağını elan etdi. Cəmi 9 ay sonra Santuş postundan qovuldu. Bu ilin yanvar – aprel aralığını əhatə edən “Beşiktaş” macərasından isə xəbərdarsız. Yanvarın 7-də “qara qartal”ı çalışdırmağa başladı, aprelin 13-də qovuldu. Kim bilir, bəlkə də Santuş Azərbaycan yığmasındakı işə növbəti özünüsübut imkanı kimi baxır. Çox uzaq tarixdə yox, artıq sentyabrda biz onun yığmamızı necə bir komandaya çevirmək istədiyini görəcəyik. Ümid edək ki, ən azı Canni de Byazini ölkəmizin futbol ictimaiyyətinə unutdura biləcək.
Çox güman, azərbaycanlı futbolsevərlər üçün yığmanın yeni baş məşqçinin özəl həyatı da maraqlıdı. Santuş çox qapalı və təvazökar həyat sürür. Lissabonda – böyük malikanədə yaşayır, uzun illərdi Gilyermina Santuşla nigahdadı. Santuş dəhşətli siqaret həvəskarı və çox dindar adamdı. Hətta xristianlıq üzrə xüsusi kurs da keçib. Fernandonun ən yaxın dostu isə hazırda “Fənərbaxça”nın “sükanı arxasında” olan Joze Mourinyodu.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources