EN

“Klubumuz başqalarıyla müqayisədə lap aşağı məbləğ ödəyib" - ”Kəpəz”də 127 min manat müəmması

Aydın məsələdi ki, hər “futbol ili” başa çatandan sonra klublar mövsüm ərzində xərclədikləri maliyyə haqda hesabat verir.

“Kəpəz” də başa çatan mövsümün sonunda maliyyənin nəyə sərf olunması barədə hesabat verib. Lakin diqqətçəkən məqam 127 min manat vəsaitin bir menecerə ödənilməsi olub. Bu barədə gəncəli futbol veteranları da narahatlığını bildirərək, sosial şəbəkə hesablarında payış ediblər. Sözügedən paylaşımın mətnini təqdim edirik:

“Diqqətinizə çatdırmaq istəyirik ki, 03.05.2023-cü ildə “Kəpəz”in büdcəsindən naməlum menecerə 127 min manat pul ödənilib. Bu sənəd klubun rəhbəri İlqar Nadiri və baş mühasib Samir Hüseynov tərəfindən imzalanıb. Dövlətimiz tərəfindən maliyyələşən klub üçün 127 min manat az vəsait deyil. Ümid edirik ki, klub rəhbərliyi bu sənədə biganə qalmayacaq”.

Bəs klubun bu məsələyə münasibəti necədi? Mövzunu aydınlaşdırmaq üçün Gəncə təmsilçisinin mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq:

“Klublar tərəfindən hər mövsümün sonunda maliyyə hesabatı verilir və sənəddə xərclənən vəsait təyinatı üzrə göstərilir. Klubumuz tərəfindən müvafiq xidmətlər üzrə ödənişlər olub. Sənəddə göstərilən məbləğ travel-səyahət agentliklərinə və futbolçu transferinə görə menecerlərə ödənilən vəsaitin cəmidi. Ödənişlərə komandanın ötən mövsüm qışda toplanış üçün Antalyaya səfəri də daxildi. Bundan başqa, müqavilə şərtlərinə görə bəzi futbolçulara vətənlərinə gediş-gəliş üçün biletlər alınıb. Bura qış tətili dövrü də daxildi. Futbolçu keçidlərinə görə bütün klublarda menecerlərə vəsait ödənir ki, bu da yenilik deyil. Klubumuz başqalarıyla müqayisədə lap aşağı məbləğ ödəyib”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources