NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısının ilk gün iclaslarının sonunda mətbuata açıqlama verib.

İndex.az xəbər verir ki, Stoltenberq əsas gündəmin Ukraynaya dəstək olduğunu ifadə edib.

“Nazirlərdən sabah NATO-nun Ukrayna üçün təhlükəsizlik yardımı və təlim planı ilə bağlı razılığa gəlmələrini gözləyirəm”, – deyə Stoltenberq bildirib.

Stoltenberq vurğulayıb ki, Ukraynaya hərbi dəstəyin demək olar ki, hamısı NATO müttəfiqləri tərəfindən təmin edilir və yeni plan bu dəstəyi möhkəm əsaslar üzərinə qoyacaq və proqnozlaşdırıla bilər.

Müttəfiqlərin Ukraynaya illik hərbi dəstəyinin 40 milyard avro civarında olduğunu bildirən Stoltenberq, bu məbləğin minimum meyar kimi müəyyən edilməsini və Ukraynanın ehtiyacı olduğu müddətə qədər verilməsini təklif etdiyini bildirib.

Stoltenberq bu gün keçirilən iclasda NATO-Ukrayna innovasiya əməkdaşlığı proqramının da təsdiqləndiyini və müttəfiqlərin Polşada NATO-Ukrayna Birgə Təhlil, Təlim və Təhsil Mərkəzinin (JATEC) yaradılmasına hazırlaşdıqlarını qeyd edib.