EN

Tariximizə qızıl hərflərlə yazılan gün - "Kaspi"nin TƏHLİLİ

Elə günlər var ki, onlar Azərbaycan xalqının taleyində mühüm dönüş anı hesab edilir. Belə günlərdən biri də 15 İyun - Qurtuluş Günüdür. Xalqımızın təkidli tələbi ilə müstəqillik tariximizə qızıl hərflərlə yazılan ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı "olum, ya ölüm" savaşı verən dövlətimizin yenidən doğuluşudur. Bu dəyərləndirmənin heç də təsadüf olmadığını həmin tarixdən 31 il keçəndən sonra daha yaxşı anlayırıq. Bu tarix cəmi 24 saat olsa da, bir xalqın taleyinin iki fərqli hissəsini birləşdirir. Məhz bu baxımdan 15 iyun Azərbaycan xalqı, dövləti üçün qaranlıqdan aydınlığa, uçurumdan zirvələrə, məğlubiyyətdən qələbəyə, inamsızlıqdan ümidə aparan yolun başlanğıcıdır.Bəs nə idi bu iki fərqli durum? Qurtuluş Gününü Azərbaycan xalqı üçün bu dərəcədə mühüm edən məqamlar hansılardır? Bu suallara cavab tapmaq üçün Azərbaycanda 15 iyundan əvvəl və sonra yaşananlara bir daha nəzər salaq.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

15 iyundan əvvəl...

- Ölkədə idarəetmə sistemi tamamilə iflic vəziyyətdə idi. Hökumətdə məsul şəxslər yaranmış duruma görə bir-birini ittiham edirlər. Nümayişkaranə şəkildə məsuliyyəti boynundan atmaq üçün hətta istefa verənlər belə vardı. Cəmi bir il öncə eyni yolda addımlayan siyasi qüvvələr arasında yaranan uçurum mərkəzi hakimiyyəti gücsüz bir duruma salmışdı.

- Silahlı Qüvvələrdə vahid komandanlığın olmaması, ordu birləşmələrinin ali baş komandana itaətsizliyi, onların dövlətin və millətin maraqlarına deyil, ayrı-ayrı şəxslərin ambisiyalarına xidmət etməsi dövləti xarici və daxili təcavüzə açıq bir hala gətirmişdi. Hansı ki, biz bunu həmin dövrlərdə Qarabağda ardıcıl yaşanan məğlubiyyətlər və Gəncə qiyamının timsalında müşahidə etdik.

- Büdcənin talan edilməsi, hiperinflyasiya, istehsalat müəssisələrinin dağıdılması ölkənin iqtisadi dayaqlarını tamamilə sarsıtmışdı.

- Mərkəzi hakimiyyət uğrunda aparılan qanlı mübarizə əhalinin milli və mənəvi ruhunu açıq şəkildə əzmiş, beləliklə, işğala, separatizmə qarşı ümummilli həmrəyliyi təmin edə biləcək əsas güc sayılan bu amillər demək olar ki, yoxa çıxmışdı.

- Vaxtilə xalqı müstəqilliyə, azadlığa, sovet rejiminə qarşı mübarizəyə səsləyən ziyalılarımıza, alimlərimizə qarşı ögey münasibət onların bir çoxunun ölkəni tərk etməsinə, düşünən beyinlərin digər dövlətlərə sürətli axınına şərait yaratdı ki, bu da dövlətin sağlam təməllər üzərində inkişafına ciddi zərbə vurdu.

- Separatçılıq meyllərinin güclənməsi, cəbhədə ardıcıl ağır məğlubiyyətlər, yüz minlərlə qaçqın ordusu, Gəncə qiyamı nəticəsində yaranan vətəndaş müharibəsi təhlükəsi fonunda Azərbaycan dövlətçiliyini itirmək ərəfəsində idi...

15 iyundan sonra...

Bu sadaladıqlarımız əslində 1993-cü ilin 15 iyununa qədər ölkədəki ağır vəziyyətin sadəcə kiçik bir mənzərəsi idi. Bu çətinlikləri aradan qaldırmaq, milli və mənəvi cəhətdən yorğun, mübarizlik ruhu incidilmiş, azadlıq arzuları zədələnmiş xalqı yenidən ayağa qaldırmaq, təhdidlərə sinə gərmək üçün güclü liderə, rəhbərə ehtiyac var idi. Hər zaman Azərbaycan xalqının ən çətin zamanlarda müdrik qərarlar verdiyi deyilir. Biz 15 iyunda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına yol açan Azərbaycan xalqının məlum qərarının nə dərəcədə müdrik bir addım olduğunu bir daha gördük. Bu müdrik qərardan sonra həqiqətən də Azərbaycan xalqı rahat nəfəs almaq, baş verənlərə, yaşadığı faciələrə ayıq başla nəzər salmaq imkanı qazandı. Bunu şərtləndirən başlıca amillər isə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik və idarəetmə təcrübəsi sayəsində təhdidlərin qısa zamanda ortadan qaldırılması oldu:

- Ölkədə vətəndaş müharibəsi təhlükəsinin, qardaş qırğının qarşısı alındı;

- Mərkəzi hakimiyyət gücləndirildi, idarəetmədə xaosa son qoyuldu;

- Ayrı-ayrı silahlı birliklər vahid komandanlıq halında birləşdirildi. Uğurlu hərbi əməliyyatlarla atəşkəs sazişinin imzalanmasına nail olundu, ordu quruculuğu prosesinə start verildi;

- Separatizm meylləri ortadan qaldırıldı;

- İqtisadi vəziyyət sabitləşdirildi, inflyasiya səngidi, Azərbaycanın gələcək uğurlu inkişafının əsasını təşkil edən "Əsrin müqaviləsi" imzalandı;

- Dövlət çevrilişlərinə cəhdlərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin olundu;

- Qanunvericilik bazası, normativ hüquqi aktlar qəbul edildi;

- Təhsil, səhiyyə, mədəniyyət, sosial sahələrdə islahatlara start verildi...

Ulu öndərin arzuladığı Azərbaycanı qururuq

Bu gün 15 iyunla yenidən başlayan müstəqillik yolumuz artıq dönməz mahiyyət alıb. Ulu öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlara imza atıb. 15 iyundan əvvəl alnımıza vurulmuş məğlub xalq damğası artıq yoxdur. İndi biz qalib xalqıq. Ərazi bütövlüyü, sərhədləri, suverenliyi tam bərpa olunmuş, işğaldan azad edilən əraziləri yenidən qurub yaradan dövlətik. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Qurtuluş Günü ilə başlayan Zəfər yolunda Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü Azərbaycan üçün inamla irəliləyərik. Ulu öndərin arzuladığı, görmək istədiyi Azərbaycan qururuq. Yolumuz uğurlu, Qurtuluşumuz mübarək olsun!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
2
hakimiyyet.az

3Sources