EN

Elvin son dəfə “Cəbrayıl”a kömək edəcək - “Bundan sonra heç yerdə oynamaram”

Futbol üzrə ölkə çempionatında mövsümün son oyunu Saatlıda keçiriləcək.

Gələn mövsüm 1-ci liqada oynayacaq komandanı müəyyənləşdirmək üçün “Araz-Saatlı” ilə “Cəbrayıl” üz-üzə gələcək. Xatırladaq ki, Bakıda keçirilən ilk oyun “Cəbrayıl”ın inamlı qələbəsi ilə bitmişdi - 2:0. Lakin 1-ci liqanın sonuncusu olan “pambıqçılar” da cavab görüşünə yüksək motivasiya ilə hazırlaşır. Klub prezidenti Ədalət Abdullayev də qəzetimizin ötən sayında verdiyi açıqlamada oyuna hazırlıq haqda danışmışdı.

“Cəbrayıl” cavab oyununu izləmək istəyən azarkeşlərini də düşünüb. Belə ki, klub azarkeşlərin Saatlıya rahat gedib-gəlməsi üçün xüsusi avtobus ayıracaq.

Mövsümün birinci yarısında sabiq komanda yoldaşı Cavid Hüseynova kömək etməyə tələsən Elvin Məmmədovla əlaqə saxladıq. O, həm oyunla hazırlıqla bağlı danışdı, həm də gözləntilərini bölüşdü:

“Birinci oyunda yaxşı nəticə göstərmişik, amma hər şey bəlli deyil. İşin 50 faizini görmüşük. Məncə, bu görüş daha çətin olacaq və hamımız bunun fərqindəyik. Layiqincə mübarizə aparıb, 1-ci liqaya qalxmaq istəyirik. Rəqib 1-ci liqa klubudu. Ən azı 2-ci liqadan daha yaxşı vəziyyətdədi. Futbolçuları da pis deyil. Fiziki cəhətdən fərq görünür. Peşəkar liqa komandası olduğu bəllidi. Hətta birinci oyunda onların üç topu dirəyə dəydi, qol imkanını qaçırdılar. Onların imkanları az deyildi. Sadəcə, həmin oyuna biz daha yaxşı hazırlaşıb, qələbə qazandıq. İkinci matç isə bundan da çətin olacaq. Biz birinci oyunda qalıb olsaq da, bu gün şanslar bərabərdi. Həm də bu final matçıdı. Saatlıda bizi ağır oyun gözləyir. Məşqlər davam edir. Uşaqlar da fərqindədilər ki, bizim üçün də çətin olacaq. Orda həm isti, həm də stadion amili matça təsir göstərəcək. Ona görə həddən artıq çətin oyun olacaq”.

Elvin bəy kariyerasının son oyunu olduğunu da açıqladı:

“Bu, böyük futbolda son oyunum olacaq. Daha mənlik deyil. Açığı, bura Cavidə kömək etmək üçün gəldim. Son bir oyun qalıb. Bundan sonra fərqi yoxdu, heç yerdə oynamaram. Elita, ümumiyyətlə, çətindi. Çünki orda çatdıra bilmərəm. Yaş özünü göstərir, həm də bu qədər bəsdi. Onsuz da məşqçi kimi çalışır, ancaq oyundan-oyuna Cavidə kömək edə bilirdim. Bu gün də komandaya əlimdən gələn qədər dəstək olacam. Ondan sonra böyük futbol haqda fikirləşmirəm. Hazırda "Səbail"də işləyirəm. Gələcəkdə Hüseynovla yenidən işbirliyi qura bilərik. Niyə də olmasın?!”

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources