EN

İlahə Qədimovadan Ayan Allahverdiyevayadək – TARİXƏ BAXIŞ

Hindistanın Qandinaqar şəhərində yeni başa çatmış şahmat üzrə gənclər arasında dünya çempionatı müstəqil Azərbaycanın şahmatı üçün bu yarışların tarixində 8-ci medalla əlamətdar olub.

İdman.biz xəbər verir ki, bu uğura 20 yaşadək qızlar arasında Ayan Allahverdiyeva imza atıb.

Müstəqil Azərbaycanın şahmatçıları indiyədək bu yaşda dünya çempionatlarında 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Sovet bayrağı altında qazanılan zəfərləri ayrı saysaq, çempionluq sayında Azərbaycanı yalnız SSRİ (15), Rusiya (9), Çin (8), Hindistan (7), ABŞ (6) və keçmiş Yuqoslaviya (6) qabaqlayır.
20 yaşlılar arasında Azərbaycana ilk medalı 1993-cü ildə İlahə Qədimova gümüş əyarında qazandırıb.

2003-cü ildə yarışın tarixində unikal hadisə baş verdi. Naxçıvanda keçirilmiş dünya çempionatından iki medal Sumqayıtdakı bir evə gedib. Şəhriyar Məmmədyarov oğlanlar arasında dünya çempionu olub, bacısı Zeynəb Məmmədyarova isə qızlar arasında bürünc medal qazanıb.

Azərbaycan şahmatı iki il sonra da bir uğurlu nəticəyə imza atıb. 2005-ci ildə Şəhriyar ikinci dəfə 20 yaşlılar arasında dünya zirvəsinə ucalıb. Şahmat tarixində bu yaşda oğlanlar arasında ilk ikiqat dünya çempionu olan Məmmədyarovun bu uğurunu indiyədək təkrarlayan olmayıb. Qızlar arasında isə bunu 4 şahmatçı edib.

Azərbaycan şahmatçılarının bu yarışın tarixində diqqətəlayiq nəticələri bununla bitməyib. 2022-ci ildə şahmat tarixində ikinci dəfə həm oğlanlar, həm də qızlar arasında qızıl medal eyni ildə eyni ölkəyə gedib. Abdulla Qədimbəyli və Gövhər Beydullayeva şahmat tarixinin bu bənzərsiz səhifəsini yazıblar. Daha öncə 2008-ci ildə hindistanlılar Abhicit Qupta və Harika Dronavalli bunu ediblər.

Zeynəbdən sonra şahmatçılarımız bu yarışda daha iki bürünc medalla fərqləniblər. 2008-ci ildə Eltac Səfərli oğlanlar, 2024-cü ildə isə Ayan Allahverdiyeva qızlar arasında dünya üçüncüsü olub.

Qeyd edək ki, Azərbaycan şahmat məktəbinin yetirmələrindən daha ikisinin 20 yaşadək oğlanlar arasında çempion titulu var. Harri Kasparov hələ Bakıda yaşadığı dövrdə 1980-ci ildə SSRİ bayrağı altında, 14 yaşında Bakıdan İsrailə köçmüş Emil Sutovski isə 5 il sonra - 1996-cı ildə həmin ölkənin bayrağı altında dünya çempionu olub.

Vüqar Məmmədov
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
idman.biz

1Sources