EN

AÇ-2024: Bu gün daha 3 oyun keçiriləcək - YENİLƏNİR

Dünən start götürən Avropa çempionatı davam edir.

Sizi iyunun 22-ə qədər keçiriləcək oyunların afişası ilə sizi tanış edirik.

15 iyun
A qrupu
Macarıstan – İsveçrə

Hakim: Slavko Vinçiç (Sloveniya)
Cəzalı: yoxdu
Stadion: Reyn Energi Ştadion (Köln)
Əvvəlki oyunlarının balansı: +30=5-11

Bu qrupda kağız üzərində Almaniyanın favorit, Şotlandiyanın isə autsayder sayıldığını nəzərə alsaq, bu oyun 2-ci yer uğrunda mübarizə baxımından mühüm əhəmiyyət kəsb edəcək. Son illərdə yüksəlişdə olan macarların bu turnirdə necə çıxış edəcəyi maraq doğurur. İsveçrənin gücü onsuz da bəllidi. Komanda ötən qitə turnirində Fransanı mübarizədən kənarlaşdırmış, 1/4 finalda İspaniyaya yalnız penalti seriyasında yenilmişdi. Yəni İsveçrənin potensialı hətta yarımfinala qədər irəliləməyə də imkan verir. Macarıstanın son 16 oyunda cəmi 1 dəfə uduzması (10 qələbə, 5 heç-heçə) bu komandanın fanatlarını ümidləndirməyə bilməz. Amma digər tərəfdən, macarların son dönəmlərdə bu rəqibə qarşı sindromu var. Macarıstan İsveçrəyə qarşı keçirdiyi son 3 oyunda məğlub olub və bu rəqibi son 9 oyunda cəmi 1 dəfə yenib (2 heç-heçə, 6 məğlubiyyət). Həmin qələbə 1998-də Budapeştdəki yoxlama oyununda qeydə alınıb. İsveçrənin indiyə qədər Köln şəhərində keçirdiyi 3 oyununun hamısında əsas vaxtda bərabərlik qeydə alınıb. DÇ-2006-nın 1/8 finalında isveçrəlilər məhz bu şəhərdə Ukrayna ilə qolsuz bərabərliyin ardından penalti seriyasında uduzmuşdular.

B qrupu
İspaniya – Xorvatiya

Hakim: Maykl Oliver (İngiltərə)
Cəzalı: yoxdu
Stadion: Olimpiaştadion (Berlin)
Əvvəlki oyunlarının balansı: +5=2-3

İtaliya – Albaniya
Hakim: Feliks Svayer (Almaniya)
Cəzalı: yoxdu
Stadion: Siqnal İduna Park (Dortmund)
Əvvəlki oyunlarının balansı: +4=0-0

İspaniya ilə Xorvatiyanın yolları son illərdə tez-tez kəsişir. İspaniya son Millətlər Liqasının finalında penalti seriyasında, ötən AÇ-nin 1/8 finalında isə dramatik qarşılaşmada əlavə vaxtda üstün olmuşdu (5:3). Bundan başqa, 2018-də ML-də “buğalar” 6 cavabsız qolla qalib gələrək Xorvatiyaya tarixinin ən ağır məğlubiyyətlərindən birini yaşatmışdı. Düzdü, həmin vaxt evdə xorvatlar qalib gəlməyi bacarmışdılar (3:2).
Xorvatiya 5-ci qitə turnirini keçirməyə hazırlaşan Modriçin liderliyi ilə seçmə mərhələdə gözlənilmədən Türkiyəni özündən irəli buraxaraq 2-ci pillə ilə kifayətlənsə də, ümumilikdə komanda yaxşı formadadı. AÇ ərəfəsində səfərdə Portuqaliya ilə hazırlıq oyununda qazanılan qələbə də bunu sübut edir. Bəlkə də bərabərlik xorvatlar üçün pis nəticə sayılmayacaq. İspaniyada Lyaport bu oyun üçün zədəli olsa da, “Real”ın heyətində əla təsir bağışlayan Naçonun onu uğurla əvəzləyəcəyi gözlənilir.

Qrupun digər oyununda İtaliya Albaniyaya qarşı, təbii ki, aşkar favorit sayılır. Son çempion statusunda olan İtaliya bu turnirdə xüsusi maraqla izləniləcək. Amma etiraf edək ki, “skuadra adzurra”nın bu heyəti qorxulu adlar baxımından zəngin deyil. Ümumiyyətlə, İtaliya futbolunda nəsildəyişmə prosesi gedir və komandanın AÇ-dəki perspektivi barədə proqnoz vermək çətindi. İtaliyanın necə qrupa düşdüyünü nəzərə alsaq, bu komanda həm qrupda qala, həm də finala qədər irəliləyə bilər. Hər halda, yığma Spallettinin təyinatından bəro 10 matçda cəmi 1 dəfə uduzub (6 qələbə, 3 heç-heçə) və son 5 oyunun 4-də qapısını toxunulmaz saxlayıb. Bu məqamlar fanatları ümidləndirməyə bilməz. Bu komandalar arasındakı 4 oyunun hamısı 2014-dən bəri keçirilib. Son yoldaşlıq oyununda yığmamızı üstələyən albanlar o qədər çətin qrupa düşüblər ki, onların hətta 1 xal toplaması belə sürpriz olacaq.

16 iyun
C qrupu
Sloveniya – Danimarka

Hakim: Sandro Şerer (İsveçrə)
Cəzalı: yoxdu
Stadion: MHP Arena (Ştutqart)
Əvvəlki oyunlarının balansı: +0=1-5

Serbiya – İngiltərə
Hakim: Daniele Orsato (İtaliya)
Cəzalı: yoxdu
Stadion: Veltins Arena (Helzenkirhen)
Əvvəlki oyunlarının balansı: +4=5-6

Sloveniya bu qrupun ilk oyununda tarixi boyunca heç vaxt məğlub edə bilmədiyi Danimarkanı yenməyə çalışacaq. Komandalar bu turnirin seçmə mərhələsində də eyni qrupa düşmüşdülər. Həmin vaxt Lüblyanada 1:1-lik bərabərlik qeydə alınmışdısa, Kopenhagendə meydan sahibləri 2:1 üstün olmuşdular. Kopenhagendəki həmin məğlubiyyət Sloveniyanın son 12 qarşılaşmadakı yeganə uğursuzluğudu. Sloveniya tarixində cəmi 2-ci dəfə AÇ-nin final mərhələsinə vəsiqə qazanıbsa, Danimarka bu turnirin qalibi (1992) olması ilə öyünə bilər.

Həm bukmekerlər, həm də bir çox futbolsevərlər tərəfindən turnirin bir nömrəli favoriti sayılan İngiltərə qrupa heç də zəif olmayan Serbiyaya qarşı oyunla start verəcək. Hər iki komandanın çılğın fanatlara malik olması üzündən UEFA bu matç üçün təhlükəsizliyi gücləndirmək qərarına gəlib. Oyunda 1000-dən çox polis olacaq. Aleksander-Arnold üçün yeni mövqe tapan və onu yarımmüdafiənin mərkəzində sınayan Sautqeytin bu dəfə də “Liverpul”un ulduzunu həmin mövqedə oynadacağı gözlənilir. Bu komandalar son 21 ildə ilk dəfə qarşılaşacaq. Onlar sonuncu dəfə 2003-də Lesterdə yoxlama oyununda qarşılaşıblar. Həmin vaxt ingilislər 2:1 üstün olmuşdular. Ümumiyyətlə, “üç şir” Yuqoslaviya dönəmi də daxil olmaqla bu rəqibə qarşı son 4 oyunun hamısında qalib gəlib. Amma digər tərəfdən AÇ-nin final mərhələsinə təsadüf edən yeganə görüşdə ingilislər üzülüb. AÇ-1968-in yarımfinalında yuqoslavlar minimal hesabla üstün olmuşdular.

D qrupu
Polşa – Niderland

Hakim: Artur Diaş (Portuqaliya)
Cəzalı: yoxdu
Stadion: Volksparkştadion (Hamburq)
Əvvəlki oyunlarının balansı: +3=7-9

Niderland yığması bu turnirdə favoritlər arasında göstərilməsə də, Ronald Kumanın fikrincə, əlinin altında çox yaxşı futbolçular toplaşıb. Baxmayaraq ki, Koopmayners və De Yonq kimi futbolçular zədə üzündən komandaya yardım edə bilməyəcək. Adlar baxımından müdafiə xəttinin yarımmüdafiə və hücumu üstələdiyi “narıncılar” ilk görüşü heç də pis formada olmayan Polşaya qarşı keçirəcək. Polşalılar Mixal Probejin rəhbərliyi altında keçirdikləri 8 oyunun heç birində uduzmayıblar (5 qələbə, 3 heç-heçə) və turnirə belə maraqlı seriya ilə başlayacaqlar. Bu komanda son hazırlıq oyunlarında heç də zəif olmayan Ukrayna və Türkiyə kimi rəqibləri yendi. Amma türklər üzərində qələbə Polşaya baha başa gəldi. Belə ki, əzələsini dartan və ilk yarıda əvəzlənən Levandovski Niderlandlaoyunu buraxmalı olacaq! İndi əsas sual onu kimin əvəzləyəcəyi ilə bağlıdı. Probej Buksa, Sviderski və Pyontek arasında seçim etməli olacaq. Polşa sürprizə imza atacağı təqdirdə həm də bu rəqibə qarşı qələbəsiz seriyaya, hətta lənətə son qoymuş olacaq. Belə ki, Polşa sonuncu dəfə Niderlandı 1979-un martında – AÇ-1980-nin seçmə mərhələsində öz meydanında məğlub edib (2:0). Həmin tarixdən bəri keçirilən 12 oyunda niderlandlılar 7 qələbə qazanıbsa, 5 oyunda bərabərlik qeydə alınıb.

17 iyun
D qrupu
Avstriya – Fransa

Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu
Stadion: Merkur-Şpil Arena (Düsseldorf)
Əvvəlki oyunlarının balansı: +9=3-13

Fransızların superulduzu Mbappe adəti üzrə yenə diqqət mərkəzindədi. Ötən qitə turnirində çox zəif təsir bağışlayan və qol vura bilməyən ünlü futbolçunun bu dəfə nələr edəcəyi maraq doğurur. Həm də o, ilk dəfə nəhəng turnirə “Real”ın futbolçusu kimi qatılacaq. Amma Fransa yığmasının düşərgəsindən heç də xoş xəbərlər gəlmir. Belə ki, futbolçular arasında qripp virusunun yayıldığı məlum olub. Bu üzdən Mbappe ilə Koman dünənki məşqi buraxmalı oldu. Dembelenin də durumu yaxşı deyil. Düzdü, bu futbolçuların Avstriya ilə oyunu buraxacağı gözlənilmir. Amma onların fiziki cəhətdən hansı durumda olacağı bəlli deyil. Son ML-də bu komandalar eyni qrupda yer almışdı. Vyanada “xoruzlar” çətinliklə məğlubiyyətdən qurtulmuşdusa (1:1), Parisdə meydan sahibləri 2 cavabsız qolla qalib gəlmişdi.

Ümumiyyətlə, Avstriya Fransaya qarşı keçirdiyi son 10 görüşdə cəmi 1 qələbə qazanıb (2 heç-heçə, 7 məğlubiyyət). Həmin qələbə 2008-in sentyabrında - DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Vyanada əldə olunub (3:1).

E qrupu
Rumıniya – Ukrayna

Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu
Stadion: Alyans Arena (Münhen)
Əvvəlki oyunlarının balansı: +3=0-3

Belçika – Slovakiya
Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu
Stadion: Doyçe Bank Park (Frankfurt)
Əvvəlki oyunlarının balansı: +3=4-5

Ötən AÇ-də 1/4 finala qədər irəliləyən Ukrayna bu turnirə “sirli qutu” kimi qatılır. Sergey Rebrovun komandası bir neçə gün öncə Almaniyaya qarşı səfərdəki hazırlıq oyununda (0:0) qapısını toxunulmaz saxlamaqla diqqəti çəkdi. Düzdü, sonradan ukraynalılar Varşavada Polşadan ilk yarım saata 3 top buraxdılar (1:3). Komandanın əsas itkisi Mikolenkodu. “Everton”un sol cinah müdafiəçisi turnirə aparılsa da, hansı matçda oynayacağı bilinmir. Bu üzdən Rebrov məcburiyyətdən Zinçenkonu həmin mövqedə oynadacaq. Təcrübəli futbolçu yığmada, adətən, yarımmüdafiədə oynayır. Rumıniya son 2 oyunda qola, son 4 oyunda isə qələbəyə həsrət qalıb. Bu iki qonşu ölkənin şəxsi oyunlarında maraqlı bir tendensiya var. Belə ki, ilk 3 oyun rumınların qələbəsi ilə yekunlaşmışdısa, son 3 oyunda Ukrayna sevinib.

“Qızıl nəsil” ilə heç cür ciddi uğur qazana bilməyən Belçikanın bu cəhdinin necə alınacağı maraq doğurur. Əvvəlki nəhəng turnirlərdən fərqli bu dəfə komanda heç gizli favoritlər arasında da göstərilmir. Əslində bu, Belçika üçün yaxşı məqamdı. Çünki “qırmızı iblislər” əvvəlki nəhəng turnirlərdə, adətən, “favorit” statusununun ağırlığının öhdəsindən gələ bilmirdi. Şəxsi oyunlarda Slovakiyanın üstünlüyü heç kimi çaşdırmasın. Çünki UEFA bu siyahıda Çexoslovakiyanın da nəticələrini nəzərə alır. Slovakiya müstəqil olandan bəri isə Belçikaya qarşı keçirdiyi 3 oyunun hamısında qələbəyə həsrət qalıb (2 heç-heçə, 1 məğlubiyyət). Bu komandalar sonuncu dəfə 2013-ün fevralında Brüggedə hazırlıq oyununda qarşılaşıb və Belçika 2:1 hesabıyla üstün olub.

18 iyun
F qrupu
Türkiyə - Gürcüstan

Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu
Stadion: Siqnal İduna Park (Dortmund)
Əvvəlki oyunlarının balansı: +3=1-1

Portuqaliya – Çexiya
Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu
Stadion: Red Bull Arena (Leyptsiq)
Əvvəlki oyunlarının balansı: +7=3-4

Hər birimiz qardaş Türkiyə yığmasının oyununu səbirsizliklə gözləyirik. “Ay-ulduzlular” bu turnirdən öncə bütün iştirakçılar arasında bəlkə də zədələrdən ən çox əziyyət çəkən komandalardan biridi. Vinçentso Montella Ozak Kabak, Çağlar Söyüncü və Enes Ünalın xidmətindən faydalana bilməyəcək. Bunlar azmış kimi, Mərt Günok, İrfan Can Kahveci, Zəki Çəlik, Fərdi Kadıoğlu, Samet Akaydın, Ahmetcan Kaplan kimi futbolçuların da müxtəlif dərəcəli zədəsi var. Türkiyənin sonuncu qrupda yer alması və mübarizəyə hamıdan gec başlaması bu baxımdan komandanın xeyrinə işləyə bilər. İrfan Can Kahveci istisna olmaqla bu futbolçuların hamısının ilk oyuna qədər hazır durumda olacağı gözlənilir. Türkiyə çoxdandı fanatlarını nəhəng turnirlərdə gözəl nəticələrlə sevindirmir. Komanda AÇ-nin final mərhələsində keçirdiyi son 6 oyundan 1 qələbə, 5 məğlubiyyətlə ayrılıb və son 2 turnirdə qrup mərhələsini adlaya bilməyib. Türkiyə ilk görüşdə favorit sayılır. Hərçənd gürcülər debütant olsalar da, hər kəs gözəl başa düşür ki, “ay-ulduzlular”ın işi asan olmayacaq. Üstəlik Türkiyə indiyə qədər qatıldığı 5 AÇ-nin hamısında ilk oyunda qələbəyə həsrət qalıb (1 heç-heçə, 4 məğlubiyyət)! Bu komandalar sonuncu dəfə 2012-nin mayında Zaltsburqda haızlıq oyununda qarşılaşıb və Türkiyə 3:1 hesabı ilə üstün olub. Gürcüstan bu rəqibi yalnız bir dəfə - 2007-də öz meydanındakı yoldaşlıq oyununda yenib (1:0).

Bir sıra yeni rekordların astanasında olan Kriştiano Ronaldo və komanda yoldaşlarının Çexiya ilə görüşdə büdrəmək ehtimalı azdı. Düzdü, Kriştiano bu rəqibə qarşı son iki oyunda meydanı qolsuz tərk edib. Amma Portuqaliyanın Çexiyanı həm AÇ-2008-in, həm də AÇ-2012-nin qrup mərhələsində məğlub etdiyi hər iki görüşdə Ronaldo fərqlənməyi bacarmışdı. Portuqaliyanın bu qrupu asanlıqla lider kimi başa vuracağı gözlənilir. Bu komandaların son 4 oyununun hamısında sevinən tərəf portuqaliyalılar oldu.

19 iyun
A qrupu
Almaniya – Macarıstan

Hakim: açıqlanmayıb
Stadion: MHP Arena (Ştutqart)
Əvvəlki oyunlarının balansı: +13=12-12

Şotlandiya – İsveçrə
Hakim: açıqlanmayıb
Stadion: Reyn Energi Ştadion (Köln)
Əvvəlki oyunlarının balansı: +8=3-6

B qrupu
Xorvatiya – Albaniya

Hakim: açıqlanmayıb
Stadion: Volksparkştadion (Hamburq)
Buna qədər qarşılaşmayıblar

20 iyun
B qrupu
İspaniya – İtaliya

Hakim: açıqlanmayıb
Stadion: Veltins Arena (Helzenkirhen)
Əvvəlki oyunlarının balansı: +13=16-11

C qrupu
Sloveniya – Serbiya

Hakim: açıqlanmayıb
Stadion: Alyans Arena (Münhen)
Əvvəlki oyunlarının balansı: +1=6-1

Danimarka – İngiltərə
Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu
Stadion: Doyçe Bank Park (Frankfurt)
Əvvəlki oyunlarının balansı: +4=5-13

21 iyun
D qrupu
Polşa – Avstriya

Hakim: açıqlanmayıb
Stadion: Olimpiaştadion (Berlin)
Əvvəlki oyunlarının balansı: +5=2-3

Niderland – Fransa
Hakim: açıqlanmayıb
Stadion: Red Bull Arena (Leyptsiq)
Əvvəlki oyunlarının balansı: +11=4-15

E qrupu
Slovakiya – Ukrayna

Hakim: açıqlanmayıb
Stadion: Merkur-Şpil Arena (Düsseldorf)
Əvvəlki oyunlarının balansı: +2=3-3

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources