EN

Şotlandiyanın açılış oyununda sürprizə gücü çatacaqmı? - YENİLƏNİR

Klub futbolunda mövsüm başa çatdı. Yayboyu əsas diqqət yığmaların oyununa yönələcək.

Həqiqi futbolsevərlərin bayramıdı. Çünki əvvəlcə Avropa çempionatı, sonra da Amerika Kuboku başlayacaq. Sabah sayca 17-ci qitə turniri start götürür. Ənənəyə sadiq qalaraq biz də sizi hər matçdan öncə ən maraqlı statistik və digər məlumatlardan xəbərdar edəcəyik. Bu dəfə açılış oyunu ilə başlayırıq.

14 iyun
A qrupu
Almaniya – Şotlandiya 0:0

Hakim: Kleman Türpen (Fransa)
Cəzalı: yoxdu
Stadion: Arena Münhen
Əvvəlki oyunlarının balansı: +8=5-4

Nəhəng turnirlərdə açılış oyununun ev sahibinin iştirakı ilə keçirilməsi ənənəsi davam edir. Bu ənənə hələ AÇ-2000-dən başlayıb. Ona qədər isə açılış oyunları əsasən son çempionların iştirakı ilə keçirilirdi. Böyük maraq və həyəcanla gözlənilən budəfəki turnirin ilk görüşündə Münhendə Almaniya ilə Şotlandiya üz-üzə gələcək. Açılış mərasimində elektron musiqi qrupu “Meduza”, “Qremmi”yə namizəd “OneRepublic” qrupu, eləcə də yerli pop-müğənni Leoni çıxış edəcək. Start fitindən əvvəl yanvarda dünyasını dəyişmiş Almaniya futbolunun əfsanəsi Frants Bekkenbauerin xatirəsi yad ediləcək. AÇ kuboku stadiona gətiriləcək. Kuboku AÇ-nin qalibi olmuş Almaniya yığmasının kapitanları gətirəcək. Söhbət Bernard Dits (1980) və Yürgen Klinsmanndan (1996) gedir. AÇ-1972-ni qazanmış Frants Bekkenbauerin yerinə isə mərasimdə onun həyat yoldaşı Haydi Bekkenbauer iştirak edəcək.

Bütövlükdə turnirin favoritləri arasında göstərilən bundestim, təbii ki, açılış matçının da aşkar favoritidi. Yulian Naqelsmannın komandası həm təcrübə, həm də səviyyə baxımından şotlandları üstələyir. Hərçənd Naqelsmann Hummels, Brandt, Qoretska kimi bir çox təcrübəliləri “evdə saxlayıb”. Almaniya DÇ-1970-dən başlayaraq heç bir nəhəıng tunriri buraxmadığı halda, Şotlandiya XXI əsrdə (AÇ-2020-dən sonra) cəmi 2-ci dəfə nəhəng turnirdə iştirak edəcək. Futbolçu kimi o qədər də güclü karyeraya malik olmayan Stiv Klark məşqçi kimi tarix yazmağa və Şotlandiyanı ilk dəfə nəhəng turnirdə pley-offa daşımağa çalışacaq. Almaniya isə son illərdə nəhəng turnirlərdə o qədər də ürəkaçan nəticələr əldə etməyib. Ona görə də komandanın zəfər qazanmaq iqtidarında olduğuna şübhə ilə yanaşanlar az deyil. Almaniya ilk oyundan iddiasını ortaya qoymağa çalışacaq. Şotlandiyanın son 9 oyunda cəmi 1 qələbəsi var (5 məğlubiyyət). Özü də həmin qələbə Cəbəllütariq üzərində əldə olunub. Bundestim hazırda bu rəqibə qarşı 3 oyunluq qələbə və 4 oyunluq məğlubiyyətsiz seriyaya malikdi. Almaniya AÇ-2016-nın seçmə mərhələsində britaniyalıları həm evdə (2:1), həm də səfərdə (3:2) yenməyi bacarıb. Daha bir qələbə AÇ-2004-ün seçmə mərhələsində evdə (2:1) əldə olunub. 1999-un aprelində Bremendəki yoldaşlıq matçında qazanılan minimal hesablı qələbə Şotlandiyanın Almaniyaya qarşı son 13 qarşılaşmadakı yeganə uğurudu (4 heç-heçə, 8 məğlubiyyət). Nəhəng turnirlərin final mərhələsində isə onların yolu daha öncə cəmi bir dəfə kəsişib. AÇ-1992-nin qrup mərhələsində almanlar 2:0 hesabıyla üstün olmuşdular.

Bu turnir üçün yığma karyerasını bərpa etmək qərarına gələn 34 yaşlı Toni Kroos ilk matçın önəmindən danışıb. Onun sözlərinə görə, komanda ilk görüşdə yaxşı təsir bağışlayaraq inamlı qələbə qazanacağı halda yaranacaq eyforiyanın sayəsində fanatlarla birləşərək uzağa gedə bilər. Meydan sahiblərində heyətlə bağlı ciddi problem gözə dəymir. Şotlandların isə əsas ulduzu Skott Maktomineyin durumu qeyri-müəyyəndi. O zədə üzündən komandanın son iki hazırlıq oyununu buraxmalı olub. Amma “Yunayted”in futbolçusunun adının iştirak ərizəsində olacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources