EN

"Müharibə iştirakçılarına 80 manatın verilməsi ayıbdır" - Üzeyir Cəfərov

Azərbaycanda müharibə veteranları aldıqları müavinətin azlığından şikayətlənirlər. Hazırda onların aldığı müavinət 80 manatdır. Odur ki, bir çoxları hesab edir ki, müharibə veteranlarına verilən 80 manatlıq aylıq təqaüdün artırılmasına ehtiyac var. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, bu məsələ artıq çoxdan həllini tapıb. Onun sözlərinə görə, sadəcə olaraq bunu ölkə başçısına məruzə etmək lazımdır:

“Məsələ ilə bağlı sənəd hələ 2023-cü ildə hazır idi və bir neçə millət vəkili ilə müzakirədən sonra məlum oldu ki, onlar təklifləri veriblər və bu təklif də ondan ibarətdir ki, həmin müavinətin məbləği iki dəfə artırılaraq 160 manat olması nəzərdə tutulur. Təəssüflər olsun ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələyə hələ də qeyri-səmimi yanaşır. Onlar bildirir ki, bu məsələ ilə bağlı hələ büdcədən vəsait əldə etmək mümkün olmayıb. Amma hər gün öz ştatlarında artımlar baş verir: müxtəlif agentlik və departamentlərin təşkili, maaş artımı və sair.

Veteranların müavinətləri ilə bağlı bu məsələ artıq hər kəsi bezdirib, iyrəndirib. Məsələ artıq həllini tapmalıdır. Azərbaycanın başını uca tutan müharibə iştirakçılarına isə 80 manatın verilməsi ayıbdır. Hesab edirəm ki, bu məsələ tam şəkildə öz həllini tapmalıdır”. 

Polkovnik digər bir problemə də toxundu.

“Məsələ burasındadır ki, 2 il sonra Aprel döyüşlərinin 10 ili tamam olacaq. Hətta 2018, 2020, 2022 və 2023-cu ilin döyüşlərinin iştirakçılarının xeyli hissəsi hələ də veteran adlarını ala bilmir. Biz  bəzən qazilərin hərəkətlərini qınayırıq. Mən hesab edirəm ki, bu məsələlər həllini tapmalıdır. Təəssüflər olsun ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə düşən məsələlərin həlli ciddi məşğul olmur”, - deyə Üzeyir Cəfərov bildirdi.

Yusif SƏMƏDZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
1
redaktor.az

2Sources