EN

İstedadlı aktrisa: Daha fərqli tamaşalarda rol almaq mənəvi zövq verir

Bakı, 14 iyun, Fidan Əlizadə, AZƏRTAC

Onun yaratdığı obrazlar çox olsa da özü az tanınır. Çünki haqında danışmaqdan heç də xoşu gəlmir. Deyir, mən sadəcə üzərimə götürdüyüm missiyanı yerinə yetirirəm, sevib-bəyəndiyim işlə məşğulam, rolumu oynayıram, sənətimə olan sevgini tamaşaçı alqışından hiss edirəm və bu mənə yetər. Elə bizimlə müsahibə zamanı da bunu bir daha hiss etdik. Özündən daha çox səhnədən, sənətdən, Azərbaycan teatrının dünənindən, bu günündən danışmağa üstünlük versə də, biz onu oxucuya yaxından tanıtmağa çalışdıq. Həmsöhbətimiz Gənc Tamaşaçılar teatrının aktrisası, Prezident mükafatçısı Könül Əbilovadır.

Aktrisanın AZƏRTAC-a müsahibəsini təqdim edirik.

-Söhbətə bir qədər keçmişdən başlamaq istərdik. Uşaqlıq illəriniz necə keçib?

-Mən ziyalı ailəsində dünyaya gəlmişəm. Babam, dayım gözəl şeirlər yazardı. Onların sənətə olan sevgisi kiçik qəlbimi isidirdi. Uşaqlıq illərim daha çox Gürcüstanda keçib. 3-4 yaşıma kimi orda yaşamışam. Atamı itirdikdən sonra isə Azərbaycana qayıtdıq. Burada əvvəlcə bir qədər çətinliklərlə üzləşsək də, hər birinin öhdəsindən gəlməyi bacardıq. Yay tətillərində nənəmin yanına gedib yaxşıca dincələrdim. Ailənin sonbeşiyi olduğum üçün çox ərköyün böyümüşəm.

-Sizdə bu sahəyə maraq necə yarandı?

-İncəsənətə lap kiçik yaşlarımdan sıx bağlıyam. “Teatr məbəddir” deyirlər. Düşünürəm ki, teatr mənim qəlbimdir. Mən bu məbəddən kənar yaşaya bilmərəm. Məktəb illərindən, tələbəlik dövründən tədbirlərdə, tamaşalarda fəal iştirak etmişəm. Anam lap kiçik yaşlarımdan mənə qadın üçün savadın önəmli olduğunu bildirib. Elə bu səbəbdən də daim oxumağı, öyrənməyi özümə ömür kredosu seçmişəm. Düzdür, bu sahəni seçəndə qohum-əqrəba məni dəstəkləmədi, daha rahat peşə seçməyi məsləhət gördülər. Mən isə öz fikrimdən qəti dönmədim. Bilirəm ki, bu incəsənətdir, yəni, duymaq və incəlikləri dərk etmək lazımdır. Ümid edirəm ki, teatra olan sevgi şamım heç zaman sönməz.

- On ilə yaxındır ki Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərirsiniz, bu illər ərzində ən yaddaqalan obrazınız hansı olub?

- Bəli, artıq on ildir ki, bu sənət məbədində çalışıram. Geriyə dönüb baxanda sonsuz sayda gözəl xatirələr yada düşür. Ən çətin anlarımda belə bu teatrda təskinlik tapmışam. Teatrımızın direktoru Naidə İsmayılzadə aktyorlara, xüsusilə də gənclərə qarşı diqqətli olması ilə seçilib. Bu qayğını mən də hər zaman öz üzərimdə hiss etmişəm. Həmçinin sənət dostlarım da məni dəstəkləyiblər.

Həyat verdiyim obrazların hər biri mənim üçün əzizdir. Ən yaddaqalanı isə, “Kod adı: V.X.A.” tamaşasında canlandırdığım Anna Kisilyova obrazı oldu. Bəlkə də bunun səbəbi həmin ərəfədə özümün mənən yaşadığım problemlərlə obrazımın eynilik təşkil etməsi idi. Tamaşada iştirakım mənə yeni bir həyat eşqi verdi. Yaratdığım Anna obrazından sonra ölkə başçısının müvafiq Sərəncamı ilə Prezident mükafatına layiq görüldüm. Bu, mənim üçün böyük fəxarət hissidir. Bəzən olurdu ki, səhnəyə çıxmazdan əvvəl göz yaşlarımı silib öz obrazımı yaşayırdım. Tamaşanın müddəti ümumilikdə 4 saata yaxın çəkir. Aktyor heyəti də olduqca böyükdür. Əlbəttə bu səhnə əsərinin uğurlu alınmasında tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin danılmaz rolu var. O, aktyorların hər birinə xüsusi diqqət ayırırdı.

-Ayrı-ayrı rejissorlarla çalışmaq çətindir, yoxsa...

- Mən demək olar ki, teatrımızın bütün rejissorlarının qurduğu tamaşalarda iştirak etmişəm. Cənnət Səlimova, Nicat Kazımov, Mehriban Ələkbərzadə, Bəhram Osmanov və digərləri. Hər birinin öz üslubu və dəsti-xətti var. Bu yaradıcılıq yolumda mənə sonsuz təcrübələr qazandırıb. Fikrimcə, fərqli rejissorlarla işləmək aktyorun inkişafı üçün də vacib amildir.

-Sənət adamlarının yaratmaq arzusunda olduğu obraz olur. Sizdə bəhs necə, varmı?

-Dahi mütəfəkkir Cəfər Cabbarlının “Sevil” əsərində eyniadlı obrazı canlandırmaq istədiyim rollar siyahısına daxildir. Bu siyahı əslində o qədər də geniş deyil. Əsasən Sevil və bir az maraqlı səslənsə də Kleopatraya yeni nəfəs vermək arzusundayam.

-Bir az da gələcək planlarınızdan danışardınız.

-Hər bir aktyor daim fəaliyyətdə olmaq istəyir. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində həm bakalavr, həm də magistr təhsili almışam. Universiteti yaxşı qiymətlərlə oxumuşam, müəllimlərimdən çox şey öyrənmişəm. Teatrda aktyorluq üzrə qazandığım təcrübələri ali məktəb tələbələri ilə bölüşmək istəyərəm. Bunu yaxın gələcəkdə reallaşdırmaq mənim üçün uyğun olar. Həm təcrübəm, həm də təhsilim buna imkan verir. Daha fərqli tamaşalarda rol almaq mənəvi zövq verir. Çünki obrazların hər biri aktyorun baxış bucağına yeni nələrisə qatır.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
1
azertag.az

2Sources