EN

PUTİN “SÜLH ŞƏRTLƏRİNİ” AÇIQLADI - Ukrayna ilə danışıqların məxfi detallarını açdı

Rusiyanın işğalçılıq iştahası ən həyasız həddə çatır və Kreml bütün beynəlxalq hüquq normalarını, prinsiplərini tapdalamaqda davam edir.

“AzPolitika” Rusiya KİV-inə istinadla xəbər verir ki, Vladimir Putin Rusiya XİN rəhbərliyi ilə görüşdə Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb. 

Onun sözlərinə görə, atəşkəs üçün Ukrayna qoşunları Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən çıxarılmalıdır.

İkinci şərt isə rəsmi Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsidir.

Rusiya prezidenti bildirib ki, yalnız bundan sonra danışıqlar mümkündür: “Ukrayna qoşunları “DXR”, “LPR”, Xerson və Zaporojye vilayətlərinin ərazisindən tamamilə çıxarılmalıdır. Bu həyata keçirildikdə və Kiyev NATO-ya daxil olmaq planlarından rəsmən imtina etdikdə, biz dərhal atəşkəs əmrini verəcəyik və danışıqlara başlayacağıq. Biz Ukrayna bölmələrinin və birləşmələrinin təhlükəsiz çıxarılmasına zəmanət veririk”.

O, əmin edib ki, Rusiya sabah da Ukrayna üzrə danışıqlar masasına oturmağa hazırdır. Putinin sözlərinə görə, bu, münaqişənin dondurulması deyil, onun yekun şəkildə başa çatdırılması ilə bağlı təkliflərdir.

Vladimir Putin vurğulayıb ki, Rusiyanın iştirakı olmadan, “dürüst dialoq” olmadan sülh yolu ilə nizamlanmaya nail olmaq mümkün deyil: “Bu gün Rusiya “daha bir real sülh təklifi” ilə çıxış edir, lakin Qərb və Kiyev bundan imtina edərsə, “qan tökülməsinə görə” məsuliyyət onların üzərində qalacaq... Bizim prinsipial mövqeyimiz Ukraynanın neytral olması, bloklara qoşulmaması, nüvə silahının olmaması, demilitarizasiyası və denasifikasiyasıdır".

O bildirib ki, sülh razılaşmaları beynəlxalq müqavilələrdə təsbit edilməlidir: “Digər şərt Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasıdır. Biz tarixin faciəli səhifəsini çevirməyə, Ukrayna və Avropa ilə münasibətləri tədricən bərpa etməyə çağırırıq".

Putin həmçinin bildirib ki, Volodimir Zelenskinin prezidentlik müddəti “legitimliyi ilə birlikdə başa çatıb”. O, iddia edib ki, Ukraynada hakimiyyət “faktiki olaraq qəsb edilib”.

Onun fikrincə, yeganə legitim orqan Ali Rada olaraq qalır: “Ukraynanın əvvəllər seçilmiş rəhbərinin prezidentlik müddəti onun legitimliyi ilə bərabər başa çatıb, onu heç bir hiylə ilə bərpa etmək olmaz”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources