EN

"Qapalı parkinqdə avtomobilə dəyən zərərə görə məsuliyyət var, açıq parkinqdə belə qayda yoxdur"

Bir neçə gün əvvəl “Azparking” parklama yerlərində birində kiçik avtomobil öz parklama yerini tərk edərkən qarşısındakı maşını, sözün əsl mənasında vuraraq çıxdı və heç nə olmamış kimi hadisə yerini tərk etdi. Bu kimi hadisələr baş verdiyi zaman məsuliyyət kim daşıyır, “Azparking”in əməkdaşlarına avtomobillərə nəzarət etməlidirmi? Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, parklanma yerlərində sığorta məsələsi yoxdur. Elməddin Muradlı “Təhlükəsizliklə bağlı elə bir mövzu yoxdur. Açıq ərazidir və burada hansısa maşını “Azparking” əməkdaşları dövrəyə alıb mühafizə edəsi deyil. Hər bir avtomobilin icbari sığortası var. Kasko sığorta deyilən bir anlayış var. Bunlar da bu formada icra olunur. Kimsə avtomobili yerindən tərpədəndə başqasına sürtürsə, bu da həmin avtomobilin sürücüsünün məsuliyyətinin fonunda sığortalana bilər. Bu xətanı törədən sürücü öz sığortası vasitəsilə dəymiş ziyanı ödəyəcək. Yəni bu məsələlər belə tənzimlənməlidir. Belə bəsit formada "burada saxladığım maşın üçün “parkinq” pulu ödəmişəm, maşınıma nə xidmət göstərirsən?" fikrini irəli sürmək düzgün deyil. Yəni parkovkaya pul verdin deyə, sənin maşınına yağdəyişmə etməli deyillər. Orada pulsuz avtoyuma edəsi deyillər. Maşının qabağına gül taxası deyillər. Yəni küçə parklanması bütün dünyada bu formadadır. Heç bir ölkədə parklanmaya görə sürücüyə xüsusi medal verən yoxdur”-deyə Elməddin Muradlı bildirib. Ekspertin sözlərinə görə, yeraltı parkinqlərdə bu məsuliyyət məsələsi ola bilər. Çünki bir neçə mərtəbədən ibarət olur. Orada təhlükəsizlik qaydaları qorunmalıdır. Avtomobilə dəymiş zərərə görə, məsələn, boru qopub avtomobilin üstünə düşübsə, qapalı parklanma xidməti göstərilən qurum buna görə məsuliyyət daşıyır. Amma küçə parklanmasında belə məsuliyyət yoxdur. İradə Cəlil, Bizimyol.info

Chosen
110
bizimyol.info

1Sources