EN

“Müəllimlərin sertifikasiya imtahanındakı uğursuz nəticələrini kaş deməzdilər...” - 53 ilin müəllimi - FOTOLAR + ÖZƏL

DOSYE - Səribəyova Firəngiz Şiri qızı 1950-ci ildə Bakının Digah qəsəbəsində, neftçi ailəsində dünyaya gəlib. Digah qəsəbə fəhlə-gənclər məktəbini bitirib. Gündüzlər isə Abşeron Üzümçülük savxozunda fəhlə işləyib. 1967-ci ilin sentyabrından Binəqədi qəsəbəsi, 182 saylı tam orta məktəbdə pioner baş dəstə rəhbəri vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Universitetinin filalogiya fakültəsinin (indiki BDU) axşam şöbəsini bitirib. (1969-1975 ci illər). Dövrü mətbuatda fasiləsiz olaraq çap olunmuşdur. Belə ki, ilk mənsur şeirləri də “Abşeron” qəzetində dərc olunub. “Kitablar” və “Salam” mənsur şeirləri ilə oxucuları salamlayıb. Pioner baş dəstə rəhbəri kimi 1972-ci ildə Moskvada pionerin 50 illiyi ilə əlaqədar fəxri nişan ilə təltif olunub. İşinin bilicisi kimi “ARTEK” ümumittifaq pioner düşərgəsində iş təcrübəsində olub. Krımdan qayıdandan sonra “Azərbaycan pioneri” qəzetində iş təcrübəsini xüsusi rubrika ilə dərc etdirmişdir. Bakı Ali Partiya məktəbinin idealoji kadrlar fakültəsini sosioloq kimi əla bitirib, Zaqafqaziya Komsomol məktəbini də müvəfəqqiyyətlə başa vurmuşdur. Firəngiz müəllim yay müddətində belə istirahət etmədən, gənclərlə işləməyi üstün tutub. Belə ki, Quba şəhəri “Qırmızı qərənfil” gənclər təhsil və istirahət düşərgəsində işləmişdir. O hər sahədə çalışarkən, ilk növbədə məqsədi Azərbaycanı tanıtmaq, bir azərbaycanlı kimi şagirdlərdə qürur və vətənpərvərlik hissini tərbiyə etmək olub. Yorulmadan çalışması nəticəsində respublika pedaqoji mühazirələrində iş təcrübəsi ilə iştirak edərək, 1-ci yerə layiq görülmüşdür. Nəsirəddin Tusinin 800, ümumilli liderimiz Heydər Əliyevin bir neçə yubileyləri ilə əlaqədar olaraq orta məktəb səviyyəsində test kitabçaları işıq üzü görüb. Bundan əlavə Heydər Əliyevə həsr olunan inşa müsabiqəsində 1-ci yerə layiq görülmüşdür. Pedaqoji fəaliyyəti illərində təkcə məktəbin deyil, Binəqədi qəsəbəsinin ictimai həyatında da bir sosioloq kimi fəaliyyət göstərib. Firəngiz Səribəyova 205, 182 və 179 saylı orta məktəblər üzrə partiya təşkilatı katibi olub. Aprel şəhidi, şagirdi Emin Bağırova həsr etdiyi “Aprel qığılcımı” adlı kitabın müəllifidir. O həyatının 55-ilə yaxın bir dövrünü gənc nəslin, gələcəyimizin nümunəvi yetişməsinə sərf edib. Ona doğma olan 182 saylı tam orta məktəbdə yetirmələri ilə bərabər çalışıb. Görkəmli şairimiz, Firəngiz xanımın öz müəllimi Bəxtiyar Vahabzadənin dili ilə desək, “Hər kənddə hər şəhərdə, sənin meyvələrin var”. Həqiqətən də, bu gün onun incəsənətdə öz sözünü demiş Quliyev Cəbrayıl, tibb sahəsində Məstiyev Pirverdi, metodika sahəsində Əliyeva Məsmə, sosiologiya sahəsində Cəlallı Pərvanə, memarlıq sahəsində Əliyev Elçin, xüsusi müxbir, tanınmış jurnalist Əli Novruzəliyev və başqa yetirmələri var. Firəngiz Səribəyova hazırda əmək təqaüdündədir. Özünün də dediyi kimi 17 yaşında məktəbə daxil olub, 70 yaşında təqaüdə çıxıb. 
 
Son zəng günündə yarım əsrdən çox uşaqlara bilik verən, onların cəmiyyətə layiqli vətəndaş kimi yetişməsində əvəzsiz rolu olan Firəngiz müəllim ilə biz də həmsöhbət olmaq istədik. Moderator.az-a açıqlama verən qocaman müəllim hələ də o illərin xatirəsi ilə yaşadığını deyir.
 
“Məktəb mənim ən həssas bir duyğumdur. Çox qəribədir, heç cür mən onu ifadə edə bilmirəm. Həddən artıq kövrəlirəm. Mən məktəbə çörək kimi baxa bilmirəm. Mənim üçün məktəb heç vaxt iş yeri olmayıb. Məktəb müəllimin fədakar qəlbinin bir hissəsidir. Müəllim fədakar olmalıdır. Müəllim məktəbə işə gedirəm deyə getməməlidir. O iş deyil.. İş yeri fabrik, zavod olur. Çünki sən orada əşya ilə işləyirsən. Mən burada canlı beyinlə işləyirəm. Gör Allah bizim üzərimizə nə qədər böyük məsuliyyət qoyub?! Onun yaratdığı insanı mən yenidən inkişaf etdirməliyəm. Allah hər insana bu vəzifəni, məsuliyyəti verməyib. Sənə dikilən gözlər səndən yeni nələrsə gözləyirlər, sən də onlara nəsə verirsən. Bu bilirsiniz nə gözəl hisslərdir? Bu gün təqaüddə olsam belə bu hisslərim itməyib. Məktəb mənim üçün budur ki, mən gedəcəyəm və uşaqlara nəyisə deyəcəyəm, onlara nəyisə öyrədəcəm. Hansı ki, öyrətdiklərim zərrə qədər də olsa gələcəkdə onların köməyinə çatacaq. Təkcə elm, nəzəriyyə yox, şagirdləri həyata, cəmiyyətə yararlı bir insan kimi yetişdirmək istəmişəm. Bu illər ərzində insanlardan incidim amma məktəblərdən, şagirdlərimdən incimədim. Həmişə biz şagirdlərimizə borcluyuq. Əgər onlar evlərinə əliboş getsələr, zehnlərinə nəsə hopdura bilməsək bu artıq dərs deyil ki. 1967-ci ildə ilk dəfə məktəbə qədəm qoymuşam, pedaqoji fəaliyyətə başlamışam. 53 il fasiləsiz işləmişəm. 17 yaşında getmişən 70 yaşında çıxmışam. Ötən ilə qədər sinifləri Azərbaycan dili və Ədəbiyyat fənnindən əvəz edirdim”, - deyə o bildirib.
 
Firəngiz Səribəyova deyir ki, müəllim hər zaman cəmiyyətdə nümunə olmalıdır:
 
“Bəzən müəllimlərin müəllim adına yaraşmayan əməllərini də görmək mümkündür. Buna dözə bilmirəm. Şəxsən mənim üçün bu çox çətindir. Bu günlərdə müəllimlərin sertifikasiya imtahanı ilə bağlı mətbuatda, televiziyada reportajlar yayımlandı..Onların sertifikasiya imtahanından uğursuz nəticələrini açıb-ağartmaq lazım deyil. Müəllimlərlə belə davranmaq olmaz. Müəllimi cəmiyyətin ixtiyarına belə atmazlar! Müəllim müəllimdir! Sabah sənin uşağın əlbəttə ki, müəllimə hörmət etməyəcək. Sən müəllimi tənqid etməklə elə birinci öz uşağının evini yıxırsan! Uşaq üçün necə ana müqəddəsdirsə, müəllim də müqəddəs olmalıdır ki, o ondan nəyisə öyrənsin. Uşağın beynindəki toxum əkilir müəllim zəif ola bilər, rüşvətxor ola bilər, o uşaq həmin müəllimə o məhəbbətlə yanaşmayacaq. O vaxt guya müəllimlərin səhvi olmurdu? Onları danlamırdılar? Əlbəttə ki, xüsusi iclaslarımız olurdu, hər bir müəllimin nöqsanı üzünə deyilirdi. Amma şagirdlərin qarşısında yox. Açıq dərslər bəs nə üçündür? Belə olan halda onlar da düzəlirdi, bütün problemlər həllini tapırdı”.
 
Firəngiz Səribəyova deyir ki, uzun illər öncə dərs dediyi şagirdləri onu bu gün də yad edir. Hətta bir çoxları artıq nəvə, nəticə sahibidirlər.
 
“Son zəng bizim üçün ifadəyə sığmayacaq qədər bəxtəvər gün olub. Sübh tezdən çıxırdıq ayı qarşılamağa. Hava şəraitindən asılı olaraq həm qapalı məkanda, həm də açıq havada keçirilirdi. Həmişə son zəngdə ağlamışam (kövrəlir). Ona görə ki, 11 il məktəbdə böyütdüyüm övladlarımı o gün artıq həyatın ixtiyarına verirdim. Həyat isə Firəngiz müəllim deyil ki, hamının başına tumar çəkə. Həyat çox qəddardır. Son illər son zəngi xoşbəxtliklə keçirirəm. Bilirəm ki, uşaqlarımızı daha müharibə gözləmir. O illərdə uşaqlar bilmirdilər ki, sevinc hisslərini necə hiss etdirsinlər. Hər bir məzun üçün xüsusi diplomlar hazırlanırdı.. Hamı eyni cür geyinərdi.. O vaxt geyimlərdə tək bir rəngdən istifadə edilirdi. Ağ və qara. Mən neçə illərdir məzunlarımla görüşürəm. Heç bir şagirdim məni unutmayıb.. 3 nəsil insanlara dərs demişəm. Fəaliyyətim Binəqədi qəsəbəsində yerləşən 182 saylı orta məktəblə bağlı olub. Həm atalarına, həm oğullarına, həm də nəvələrinə dərs demişəm. Şagirdlərim məni hər zaman diqqətdə saxlayıblar. Mənim onlardan ummağa heç bir şeyə ixtiyarım yoxdur. İndi şagirdlər məktəbə daha çox əyləncə kimi baxırlar. Bəzi məktəblərdə də dərsdən çox əyləncəyə yol verirlər. Bəzən də görürsən ki, əlifba bayramı üçün 1 ay öncədən hazırlaşırlar. Hansı ki, o 1 ay təhsilə ayrılmalı idi. Bəzən yersiz şeylər daha çox diqqət mərkəzində durur nəinki elm! Büdrədiyimiz yer budur. Mənim düşündüyüm olmazların hamısı bu günki gün məktəblərdə olur. Mən məktəbi necə görmüşəmsə xəyalımda o cür yaşadıram. Bu gün Xankəndidə fəaliyyətə başlayan Qarabağ universiteti mənə o qədər sevinc verib ki. Kaş gənc olardım, gedib orada işləyərdim. Vallah gedib işləyərdim. Bu günlərdə 10 il bundan öncə dərs dediyim uşaqlarla da görüşdük. Elələri var idi ki, görüşə nişanlısı, yoldaşı, övladları ilə gəlmişdilər. Həmişə onlara deyirdim ki, görsəniz ki, görüşə kimsə gəlməyib həmişə onu da itirib-axtarın. Çalışın heç kim unudulmasın. 50 il bundan öncəki məzunlarımla da görüşürəm. 182 saylı orta məktəbin daşlarına sanki bütün gəncliyim hopub. Küçəyə çıxanda, harasa gedəndə hamısı məni dindirir, yolda saxlayıb söz soruşur. Elələri var yaşlı adamdır. Ətrafdakı uşaqlar təəccüblənir ki, ay müəllim siz onlara da dərs demisiz? Başa salıram ki, o vaxt mən dərs deyəndə gənc idim. Həyat mənim üçün maraqlıdır, zəhmətimin bəhrəsini görürəm. Şükür Allaha. Heç ağlıma da gətirmirəm ki, təqaüddəyəm. İldə 2-3 uşaq hazırlayıram, onlar da universitetə qəbul olur. Bu mənim bəsimdir. Bu sevinc məni görürsən ki, 1 il də yaşadır. Dərs dediyim şagirdlər hərbi xidmətə gedirlər gəlib mənimlə görüşürlər. Hərbi xidmətdən qayıdıb yenə də gəlib mənimlə görüşürlər. Uşaqlarımdan çox razıyam. Pedaqoji fəaliyyətimdəki illərim boşu-boşuna getməyib”, - deyə Firəngiz Səribəyova deyib.
 
Zülfiyyə Hüseynova
 
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
1
moderator.az

2Sources