EN

“Qarabağ” Lunyovu Buntiçə əvəzlədi - ARAŞDIRMA

Andrey Lunyov ayrılandan sonra “Qarabağ” yeni qolkiperi Fabiyan Buntiçi ictimaiyyətə açıqladı.

Bəs Buntiç kimdi? 1997-ci il fevralın 24-də Almaniyanın Ştutqart şəhərində dünyaya göz açan Fabiyan futbolda ilk addımlarını 2013-cü ildə elə həmin şəhərin eyniadlı komandasının aşağı yaş qruplarında atıb. Burda meydana çıxdığı 26 rəsmi matçda qapısında 30 qol görüb və 9 görüşdə də “çərçivə”sini toxunulmaz saxlamağı bacarıb.
Əslən xorvatiyalı olan qapıçı 2016-cı ildə “İnqolştadt”a azad agent kimi keçərək, peşəkar karyerasına burda başlayıb. Sözügedən komandanın həm əsas, həm də əvəzediciləri daxil olmaqla, 175 rəsmi oyuna çıxıb və bunların 46-da qapısını toxunulmaz saxlayıb. Ümumilikdə bu müddət ərzində qapısında 240 top görən qolkiper bir dəfə də qol vurmağa nail olub.

“İnqolştadt”da 6 il keçirən Buntiç 2022-də Portuqaliyanın elita təmsilçisi “Vizela”ya yollanıb. Qolkiper burda forma qazandığı 67 görüşün 18-də qapısını toxunulmaz saxlasa da, 104 qolu tordan çıxartmalı olub.

Milli karyerasında Xorvatiyanı təmsil edən balkanlı əsas komandanın heç bir matçında forma şansı qazanmayıb. Buntiçin “Qarabağ”a keçidi ağdamlıların 600 min avrodan keçməsiylə başa gəlib. Onun “köhlən atlar” üçün nə dərəcədə uğurlu qolkiper olacağı barədə danışmaq tezdi. Çünki onun bundan öncə çıxış etdiyi komandaların heç biri iştirak etdiyi çempionatın favoritlərindən olmayıb. Cari mövsümü 17-ci sırada başa vuraraq, elitanı tərk edən “Vizela”dan belə oyunçu transfer etmək də maraq doğurur. Çempionlar Liqasında mübarizə aparacaq ağdamlıların daha səviyyəli qapıçı transfer edəcəyi gözlənilirdi. Hər halda, tezliklə xorvatın səviyyəsindən xəbərdar olacağıq.

Xatırladaq ki, “Qarabağ” 27 yaşlı qapıçıyla 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources