EN

Zədələr Türkiyə yığmasından əl çəkmir

Bu il keçirdiyi 5 yoldaşlıq oyununun hamısında qələbəyə həsrət qalan Türkiyə yığması AÇ-yə hazırlığını Almaniyanın Barsinqhauzen şəhərində davam etdirir.

“Football-plus.az” xəbər verir ki, ''Ay-ulduzlular'' gündə iki dəfə burda yerləşən 5 minlik ''Auqust Ventsel'' stadionunda məşq edirlər. Dünən səhər keçirilən açıq məşqə türkiyəli fanatların böyük maraq göstərməsi diqqət çəkdi. Tribunaları tamamilə dolduran fanatlardan başqa stadionun kənarında da toplaşan qürbətçi futbolsevərlər var idi. Məşqin ardından futbolçular fanatlara imza payladılar. Türkiyə yığmasının düşərgəsindən isə heç də xoş xəbərlər gəlmir. Zədələr türkiyəli futbolçulardan əl çəkmir. Mərt Günok və İrfan Can Kahveci zədə üzündən məşqdə iştirak etmədi. Yüngül ağrıları olan Zəki Çəlik və Fərdi Kadıoğlu komandadan ayrı məşq etdi. Samet Akaydın ilə Ahmetcan Kaplan isə məşqə komanda ilə başlasa da, son bölümdə onlar da ayrı şəkildə məşq etdilər. Bu arada İrfan Can Kahvecinin zədəsinin ciddi ola biləcəyi və onun hətta AÇ-ni buraxacağı haqda şayiələr yayılmışdı. Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası rəsmi açıqlama verməli oldu. Qurumdan verilən açıqlamada qeyd olundu ki, İrfan heyətdən çıxarılmayacaq. Amma onun durumu günbəgün təqib ediləcək. ''Fənərbaxça''nın heyətində karyerasının ən parlaq mövsümünü keçirən İrfan Polşaya qarşı son yoxlama oyununda zədələnmiş və fasilədə əvəzlənmişdi. Sonda onu da xatırladaq ki, zədə üzündən Ozan Kabak, Çağlar Söyüncü və Enes Ünal kimi futbolçular AÇ-də Türkiyəyə yardım edə bilməyəcəklər. Baş məşqçi Vinçentso Montella məcburiyyətdən U-21-in üzvü Sərdar Saatçını əsas komandaya dəvət edib.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources