EN

Müzəffər liderin "And və əməl"i jurnalist gözüylə

Müasir Azərbaycan tarixinin bütün səhifələri, xüsusən, 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar yaradıcı soydaşlarımızın hamısı tərəfindən alqışlanır, təqdir və təbliğ edilir. Elə bir qələm sahibi yoxdur ki, gənc müstəqil dövlətimizin uğurları barədə öz düşüncələrini geniş oxucu kütləsinə təqdim etməsin. Ancaq elə soydaşlarımız da var ki, son otuz-qırx ildəki ictimai-siyasi proseslərin demək olar ki, hamısının  mərkəzində olmuş, 1990-cı ildən bu günədək baş vermiş hadisələr haqqında az qala hər gün nə isə yazmışdır.

Elə qələm sahiblərindən biri də qocaman jurnalist, müasir siyasi publisistikaya özünəməxsus töhfələr vermiş, otuz ilə yaxın "Xalq qəzeti"nin siyasət şöbəsində çalışmış Əməkdar jurnalist İttifaq Mirzəbəylidir. "Mütərcim" nəşriyyatı bu günlərdə onun siyasi məzmunlu məqalələri toplanmış "And və əməl" adlı kitabını oxuculara təqdim etmişdir.

Kitabın annotasiyasında qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin son iyirmi ildə yürütdüyü qətiyyətli və ardıcıl siyasət nəticəsində yaranmış yeni reallıqlar təkcə müasir günlərimizin deyil, ümumiyyətlə, son əsrlərdəki tariximizin ən şərəfli səhifələridir:  "Xüsusilə vurğulanmalıdır ki, müstəqilliyimizin bərpasından keçən otuz ildən bir az çox müddətdəki uğur, nailiyyət və nəhayət, möhtəşəm Zəfər salnaməmizin qələmə alınmasında bu il 105 yaşı tamam olan "Xalq qəzeti" kollektivinin də özünəməxsus rolu olmuşdur. Oxuculara təqdim edilən bu kitab da həmin xidmətin bir parçasından ibarədir. Belə ki, "And və əməl" kitabında toplanmış materiallar məxsusi olaraq kitab tərtib etmək üçün yazılmamış, qəzetin gündəlik fəaliyyəti prosesində qələmə alınmışdır".

Kitab müasir tariximizin ən aktual məsələləri, keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün aparılan danışıqların nəticələri və Azərbaycan Ordusunun qazandığı Zəfərə gedən yol, İkinci Qarabağ müharibəsi, eləcə də,  Zəfərdən sonrakı proseslərlə maraqlananlar üçün dəyərli vəsait kimi qiymətləndirilir.

"And və əməl" kitabının məsləhətçisi, "Xalq qəzeti"nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşovun "Ön söz əvəzi" adlı qeydlərində vurğulanır ki, burada toplanmış təxminən yüzə qədər yazı kollektivimizin dövlətçiliyə xidmətinin bariz nümunələrindən biridir:  "Xatırladım ki, bu kitabın tərtibçisi həm də müəllifdir. Belə ki, o, məxsusi olaraq kitab yazmamış, bilavasitə "Xalq qəzeti"ndə verilmiş çoxsaylı ictimai-siyasi məzmunlu yazılarının bəzilərinin kitab kimi ərsəyə gəlməsini istəmişdir".

Qeyd edilir ki, müəllif bu kitabı "44 gündə qələmə aldığım 46 yazı" adıyla nəşrə göndərmək istəyirdi. Redaksiya rəhbərliyi isə məsləhət gördü ki, kitaba İkinci Qarabağ müharibəsinə aparan yollar haqqında qələmə alınmış bəzi məqalələr də əlavə edilsin, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən materiallar da, Azərbaycanla Türkiyə Cümhuriyyəti arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətləri əks etdirən sətirlər də: "Müəllif bu təklifimizlə ona görə dərhal razılaşdı ki, yada saldığımız istiqamətlərdə onun sayını bilmədiyi qədər yazıları var".

Kitabdakı bəzi məqalələrin təkcə sərlövhəsi, adı onların hansı məram və mətləblərdən söz açdığını göstərir. "And və əməl" (44 günlük müharibədən əvvəl qələmə alınmış yazıardandır), "Azərbaycan Ordusu işğala son qoyacaqdır", "Bu, Azərbaycan xalqının azadlıq müharibəsidir", "Salam Bayraq, salam Torpaq", "Haqqın sözü və haqqın özü", "Bayraqların paradı" və digər yazılar müəllifin sözə inamından, orduya, dövlətə və Ali Baş Komandana sədaqətindən xəbər verir.

"Biz bu zəfərə inanırdıq", "44 gündə yazdıqlarım" və "Zəfərdən sonra şahid olduq ki..." adlı üç bölməyə ayrılmış bu yeni kitabın redaktoru Əməkdar mədəniyyət işçisi Hacı Qüdrət Piriyev, nəşriyyat redaktoru filologiya elmləri doktoru, professor Telman Cəfərov, korrektoru Aida Şükürlü, dizayneri isə Rövşən Toğruldur.

Nərgiz QULAMOVA























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
525.az

1Sources