EN

“Qəbələ” iki od arasında qalıb - YAZI

2023/24 “futbol ili” “Qəbələ” üçün çox ağrılı keçdi.

Mövsümün əvvəlində komandanın autsayderlər sırasında qərarlaşması belə ağla gəlmirdisə, nəticə daha faciəvi oldu. Hər kəsin bildiyi kimi, bölgə təmsilçisi artıq 1-ci liqa iştirakçısıdı. Əlbəttə, çoxu bunu arzulamırdı. Əsas səbəblərdən biri, daha dəqiqi, birincisi “Qəbələ”nin, sadəcə, futbol yox, idman klubu olması və ölkənin ən yaxşı infrastrukturuna sahib olmasıdı. “Qırmızı-qaralar” ölkə futbolu üçün bacarıqlı mütəxəssislər və futbolçular yetişdirməklə ad-san qazanıb. Hər halda, heç nə müqəddəratın önünə keçə bilmədi. İndi isə klub daha böyük təhlükəylə üz-üzədi.

“Yağışdan çıxıb yağmura düşmək...”
Bilindiyi kimi, klubun premyer-liqanı tərk etməsi AFFA-nın ayırdığı 3 milyon manatın 10 dəfə azalması deməkdi. Belədə akademiyanın fəaliyyətinin iflic olması və infrastrukturun baxımsızlıqdan tanınmaz hala gəlməsi reallığa yaxın ehtimallar sırasına düşür. Lakin bu yöndə müəyyən addımların atıldığını bilirik. Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin iyunun 3-də keçirilən iclasında “Qəbələ”yə akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 manat vəsaitin ayrılması qərara alındı. Üstəlik “Qəbələ”yə dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi də nəzərdə tutulub, yəni klub burdan da müəyyən məbləğdə pul qazansın. Nəcib təşəbbüsə və addıma görə quruma təşəkkür etməyə dəyər. Lakin 700 min manatın bəs etməyəcəyi sirr deyil. Çünki klubun, sadəcə, akademiyasının fəaliyyətini həmişəki qaydada davam etdirməsi üçün azı 1 milyon manat lazımdı. Hələ bunun infrastruktur, baza, yəni məşqlərin və oyunların keçirildiyi meydançalara qullaq və başqa məsələlər də var... Kəsəsi, “Qəbələ” AFFA-dan istədiyi məbləğin, demək olar ki, yarısını alıb. Təbii ki, “Futbol+” olaraq, mövzuyla bağlı klubun idman direktoru Səbuhi Səfiyarlı və akademiya rəhbəri Famil Xəlilovla əlaqə saxladıq. Klub rəsmiləri qəzetimizə açıqlamasında bir ağızdan danışmaq istəmədiklərini dedilər. Sözsüz, ortada ciddi problem var. Ölkə futbolunun vacib elementlərindən olan “Qəbələ”nin uçuruma doğru yuvarlandığı göz önündədi!

“İki od arasında...”
Son məlumatlara görə, klub arzuladığı vəsaiti əldə edə bilmədiyindən bəzi tədbirlər görməyə vadar olub. İşçi personalının sayının kəskin azaldılması yolunda müəyyən addımlar atılıbsa, xeyli plan təxirə salınıb. Bəzi əməkdaşların isə maaşı azaldılıb. Müxtəlif yaş qrupları üzrə komandaların fəaliyyətində maneələr ortaya çıxıb. İndi bəzi futbolçuların da akademiyadan ayrılması gündəmdədi. Həmçinin mütəxəssislərində sıra ilə geriyə baxmadan klubu tərk etmək ehtimalı böyükdü. Hər halda, artıq Rakif Əliyev istefa verib və qərarını sırf maliyyə məsələsiylə əlaqələndirib. Növbədə kimin olduğunu demək indi çətindi.

Nə etməli?
“Qəbələ” dərhal qabaqlayıcı addımlar atmalıdı. Klubun prioritet vəzifəsi məhz maliyyə durumunu yaxşılaşdırmaq olmalıdı. Bunun üçün mövcud sponsorun daha böyük vəsait ayırması mümkündüsə, əlavə sponsorların cəlb edilməsi mütləqdi. Çox güman, AFFA artıq edəcəyini edib. Bundan sonra qurumdan əlavə maliyyə gözləmək sadəlövhlük və bəlkə müəyyən mənada həm də sırtıqlıq olar. Digər məsələ isə azarkeşlərlə bağlıdı. Xatırlayırsızsa, “Kəpəz” tərəfdarları bir neçə gün əvvəl komandanın yaşaması üçün ianə kampaniyasına start verdi. Belə addımı “qırmızı-qaralar”ın fanatları niyə atmasın?! Yoxsa “Qəbələ” vaxtilə maliyyə problemləri üzündən uçuruma yuvarlanan və sonda fəaliyyətini dayandıran “Xəzər Lənkəran”, “Bakı”, “MKT-Araz”, “Şəmkir”, “İnşaatçı”, “Xəzər” və başqalarının aqibətini yaşayacaq. Onda tərəfdarlar “Qəbələ”nin yenidən fəaliyyətini bərpa edəcəyi günü gözləməyə başlayacaq. Düzdü, vaxtilə “ölən” klublardan “Karvan” və “Şəfa” artıq “dirilib”, “Xəzər Lənkəran”ın da dönəcəyi haqda xəbərlər var. Amma işləri bu yerə çatdırmağın nə mənası var? Haydı, “Qəbələ” üçün iş başına!

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources