EN

“Camaatın yüzminlərlə pulunu alıb sayanda xəstəliyiniz yada düşmürdü”

Talassemiyalı uşaqların müalicəsi üçün yığılmış pulları ələ keçirməkdə ittiham olunan şirkət rəhbəri Nuridə Seyidova və onun işçiləri Aynur Bayramova və Aysel Məmmədovanın məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, xanım müttəhimlərin üçü də konvoyun müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Prosesin bir neçə aydır davam etməsinə baxmayaraq, hələ ki cəmi bir təqsirləndirilən-Aysel Məmmədova sərbəst ifadə verib.

Bugünkü iclasda da Məmmədovanın əvvəlki ifadəsi elan edilib. Onun ibtidai istintaq vaxtı dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyət oıduğu üçün elana zərurət yaranıb.

Məlumat üçün deyək ki, ittihama görə cinayət işində əsas fiqurlar Nuridə və Aynurdur.

Ayselin isə adı 10 epizodda hallanır. İfadəsində zərərçəkmişlərdən alınan pulların Nuridəyə verildiyini deyib. Aysel ifadəsində yazır ki, zərərçəkmiş Zeynəb Qasımavadan 25 min manat pul alıb.

Həmin pulu da “Çinar Plazada”da Nuridəyə verib. Nuridə isə 25 min manatın üstünə 5 min manat da qoyub Mərkəzi Klinikaya köçürməsi üçün Ayselə qaytarıb.

Aysel də 30 min manat əməliyyat pulunu tapşırıldığı kimi sözügedən klinikaya köçürüb. O, digər zərərçəmiş Nərgiz Mahmudovadan aldığı 9 min manatı isə şirkətin mühasibi Toğrula verdiyini bildirib.

Təqsirləndirilən şəxs əvvəlki ifadəsini təsdiq etməyib. Deyib ki, ona iş üzrə şahid qismində tanınacağı sözü verdiklərinə görə, yazılanları oxumadan qol çəkib. Prosesin davamında Nuridə və Aynura ifadə vermələri təklif edilib.

Lakin hər ikisi xəstə olduqları üçün danışmaq istəmədiklərini deyiblər.

Sədrlik edən hakim Azad Məcidov xanım müttəhimlərin ikinci dəfə ifadə verməkdən yayınmalarına etiraz edib:

“Camaatın yüzminlərlə pulunu alıb sayanda xəstəliyiniz yadınıza düşmürdü. İndi nə oldu, xəstə oldunuz?”

Təqsirləndirilən şəxslərin ifadə verməməsi zalda əyləşən zərərçəkmişlərdən biri-Şahid Mövsümovu özündən çıxarıb:

“Bu adamlar məndən pul alanda dumbul kimi idilər. İndi özlərini artistliyə qoyublar. Hörmətli məhkəmə, məlumatınız olsun ki, bunların pul aldığı şəxslərdən üç nəfərin xəstə uşağı vəfat etdi. Vilayət var idi. Ondan talassemiyalı övladının müalicəsi üçün 25 min manat almışdılar. Uşaq da öldü, atası da…Belə şey olar?”

Təqsirləndirilən şəxslər növbəti iclasda ifadə verəcəklərini deyiblər.

Proses iyulun 3-ü davam edəcək.

İttihamda deyilir ki, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova Aynur Bayramova və Aysel Məmmədova ilə cinayətkar əlaqəyə girib. Onlar 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Sail Ağasəlim


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
116
3
qafqazinfo.az

4Sources