EN

Makron bu dəfə Le Penin əlindən qurtara bilməyəcək- düz 2 dəfə ondan az səs alıb...

Image

Arzuxan Əlizadə: “Bu, Makron üçün sonun başlanğıcıdır və onu artıq kimsə xilas edə bilməyəcək”

İyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər Fransanın hazırkı hakimiyyətində məyusluq yaradan nəticələr doğurdu. 

Marin Le Penin rəhbərlik etdiyi "Milli birlik" partiyası əvvəlki nəticələrini xeyli yaxşılaşdıra bildi və bu, həmin gün Milli Assambleyanın buraxıldığını və ölkədə iki turdan ibarət növbədənkənar parlament seçkilərinin (müvafiq olaraq, iyunun 30-da və iyulun 7-də) keçiriləcəyini elan edən hazırkı Prezident Emmanuel Makron üçün pis xəbər oldu.

Fransa Daxili İşlər Nazirliyinin verdiyi rəsmi məlumata görə, "Milli birlik" səslərin 36.8 faizini qazanıb. Makronun avropayönlü mərkəzçi “İntibah” Partiyası 14.6 faizlə ikinci, mərkəz-solçu Sosialist Partiyası isə 13.8 faizlə üçüncü olub. Makronun şok seçki elanından öncə "Milli birliy"in baş qərargahında qələbə nitqi ilə çıxış edən partiya lideri Jordan Bardella deyib ki, “indiki hökumətin misli görünməmiş məğlubiyyəti dövrün sonu və post-Makron çağının birinci günü deməkdir”.

Göründüyü kimi, Makronun partiyası Le Penin partiyasından iki dəfə az səs toplayıb. O baxımdan bu nə deməkdir?

“Belə acınacaqlı duruma düşməsinin başlıca səbəbi onun verdiyi vədləri yerinə yetirməməsi ilə bağlıdır” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bu, Makron üçün sonun başlanğıcıdır və onu artıq kimsə xilas edə bilməyəcək: “Yəni bu o deməkdir ki, iyunun 30-da Fransa Milli Assambleyyasına keçiriləcək seçkilərdə də Makronu məğlubiyyət gözləyir. Avroparlamentə keçirilən seçkilərdə Makronun avropayönlü mərkəzçi “İntibah” Partiyasının məğlubiyyəti bunun xəbərçisidir. Heç bir Aİ ölkəsində Fransanın hakim partiyası qədər aşağı göstərici yoxdur. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin mənsub olduğu Avropa Xalq Partiyası mövqelərini əsasən qoruya bilib. Makronun belə acınacaqlı duruma düşməsinin başlıca səbəbi onun verdiyi vədləri yerinə yetirməməsi, ona inananların etimadını doğrultmaması ilə bağlıdır. Belə bir vəziyyətdə ilk ağla gələn Makronun 2017-ci il mayın 7-də - prezident seçkilərində birinci qalibiyyəti zamanı verdiyi vəd olur. Belə ki, Makron həmin vaxt ifrat radikal siyasətçilərə səs verməməsi üçün seçicilərə heç bir tutarlı əsas verməyəcəyinə and içmişdi. Ancaq zaman keçdikcə Makron verdiyi vədləri unutdu. Buna baxmayaraq, radikal sağ millətçilərin önünü kəsmək üçün 2022-ci ildə keçirilən seçkilərdə yenə Makrona səs verildi, amma bunun da faydası olmadı. Hətta Makronun növbədənkənar parlament seçkiləri elan etməsi faktı da onun əleyhinə çevrildi. Onun qərarını açıqlamaq üçün vaxt seçməsi - Avropa Parlamenti seçkilərinin məyusedici nəticələrinin məlum olduğu gün - bu iki hadisənin bir-biri ilə əlaqəli olduğuna və birinin digərini şərtləndirdiyinə heç bir şübhə yeri qoymadı”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
151
50
baki-xeber.com

10Sources