EN

Juninyonun qiyməti ikiqat artdı

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yeni transfer qiymətləri açıqlanıb. Matc.az xəbər verir ki, “Transfermarkt” saytının təqdim etdiyi siyahıda çempionatımızın ən dəyərli 6 oyunçusu yer alıb. 2023/24 mövsümündə dəyəri ən çox artan oyunçular “Qarabağ”ın üzvləri olub. “Qızıl dubl” edən Ağdam klubunun heyətinin ümumi dəyəri 16,5 milyon avroya yüksəlib. Dəyəri ən çox azalan isə “Neftçi” olub. Hazırda Azərbaycanın 4 klubunun ümumi dəyəri 10 milyon avronu aşır. “Qarabağ”dan əlavə, “Sabah” (10,4 milyon avro), “Neftçi” və Zirə”nin (hər ikisi 10,3 milyon avro) da heyətinin ümumi dəyəri 10 milyon avrodan yuxarıdı. 2023/24 mövsümündə ən ucuz heyətə malik komanda isə “Qəbələ” olub. “Transfermarkt” I Liqaya düşən “qırmızı-qaralar”ın oyunçularının ümumi dəyərini 4,3 milyon avro olaraq göstərib. Premyer Liqamızın ən dəyərli futbolçusu Olavio Juninyodu. “Qarabağ”ın braziliyalı hücumçusu transfer dəyərini 1 milyon avrodan 2 milyonadək yüksəldə bilib. Juninyo başa çatan mövsümdə “Qarabağ”ın heyətində ümumilikdə 55 oyun keçirib, 31 qol və 11 assistlə yadda qalıb. Adı müxtəlif klublarla birgə hallanan “sambaçı”nın “Qarabağ”la 2026-cı ilə qədər müqaviləsi var. Ölkə çempionunun digər futbolçusu Leandro Andrade isə dəyərini 1,5 milyon avroya yüksəldib. Andrade son mövsümdə “Qarabağ”ın heyətində ümumilikdə 58 oyunda meydana çıxıb və aktivinə 15 qol, 18 assist yazdırıb. “Neftçi”nin müdafiəçisi Yuri Matiasın dəyəri isə sabit qalıb - 1,2 milyon avro. “Qarabağ”ın gənc hücumçusu Nəriman Axundzadə transfer qiymətini artıranlardandı. Onun dəyəri 700 min avrodan 1,2 milyon avroya yüksəlib. 20 yaşlı forvard 2023/24 mövsümündə Ağdam klubunun heyətində ümumilikdə 48 oyunda 17 qola imza atıb. “Qarabağ”ın əlcəzairli futbolçusu Yassin Benzianın isə 1,2 milyon avroluq dəyəri sabit qalıb. Benzia son mövsümdə 49 oyunda 16 qol vurub, 15 məhsuldar ötürmə verib. “6-lıq”da sonuncu pilləni adı “Qalatasaray”la birgə hallanan Toral Bayramov tutub. Son mövsümdə “Qarabağ”ın heyətində 54 oyunda 15 qol və 12 assistlə yadda qalan Bayramovun dəyəri 800 min avrodan 1 milyona yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
matc.az

1Sources