EN

Nikaha məcbur etməyə görə təzə cəzalar düşünülüb

Image

Lalə Mehralı: “Cinayət Məcəlləsinə təklif olunan bu dəyişikliklər...” 

Nikaha və erkən evliliyə daxil olmağa məcbur etməyə görə cəzalar müəyyənləşir. Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirilən iclasında müzakirəyə çıxarılımış Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, nikaha daxil olmağa məcbur etməyə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Eyni zamanda, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə, yaxud dörd ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif edilir. 

“...Yüksək  məbləğdə cərimələrin təklif edilməsi müsbətdir” 

Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əslində bu bizim hamımızın, media təmsilçilərinin, sosial işçilərin, ekspertlərin, ictimai birlik nümayəndələrinin, QHT-lərin illərdir gözlədiyi bir məsələ olub. “Cinayət Məcəlləsinə təklif olunan bu dəyişikliklər sosial şəbəkələrdə, cəmiyyətdə böyük əks-səda doğurub, geniş müzakirə edilir”-deyə bildirən L.Mehralı qeyd etdi ki, Cinayət Məcəllərinə dəyişikliklərlə bağlı son təkliflər çox faydalıdır. L.Mehralı bildirdi ki, cəmiyyətdə erkən nikahla, erkən nikaha məcbur etmə ilə, qohum evliliklərin yaratdığı fəsadlarla, aşınmalarla, xəstəliklərin arealının genişləndirilməsinə verdiyi “töhfələrlə” bağlı çox yazılıb, çox danışılıb.  “Demək olar ki, hər birimizin bu problemlərlə bağlı narahatlığımız vardı. Bu problemlərin müzakirəyə çıxarılmasını və Cinayət Məcəlləsinə salınmasının təklif edilməsini bizim illərdir apardığımız mübarizənin nəticəsi kimi qiymətləndirə bilərik.  Belə vacib məsələləri müzakirəyə çıxardıqlarına  və Cinayət Məcəlləsinə  dəyişikliklər təklif etdiklərinə görə deputatlar həqiqətən də təqdirəlayiq bir davranış göstərdilər”.  

L.Mehralı hesab edir ki, erkən nikahlar cəmiyyətin böyük problemlərindən biridir və bunun qarşısının alınmasında inzibati qaydaların tətbiqi mühüm rol oynaya bilər. “Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etməyə görə yüksək  məbləğdə cərimələrin təklif edilməsi müsbətdir. Bu məsələyə görə cərimələrin və azadlıqdan məhrumetmə  cəzasının gələcəkdə məcəllədə öz əskini tapması yaxşı olardı. Məhz işlək mexanizmlə bu problemin qarşısını almaq olar”.

L.Mehralı qohum nikahlarla bağlı məsələnin də təkliflər sırasında olmasını müsbət qarşıladığını deyir. “Qohun nikahları genefondun altına qoyulmuş bir bombadır. Əgər sağlam  genefonddan, sağlam nəsil artımından danışırıqsa, qohum nikahlar birmənalı olaraq qadağan olunmalıdır. Bunun sayəsində biz çoxlu sayda xəstəliyin qarşısını ala bilərik, olduqca sağlam ailə təməli ata bilərik”-deyə L.Mehralı qeyd etdi. O ümid edir ki, deputatlar Məcəlləyə təklif edilən dəyişikliklərə yekdilliklə səs verəcək və cəmiyyətimiz bu ağır bəlalardan xilas olacaq...

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources