EN

Bu qədər müəllim sertifikasiyadan keçə bilmirsə, biz onların dövlət məktəblərində qalmasında maraqlı olmamalıyıq – Ekspert

Bu günlərdə ötən il keçirilən sertifikasiyadan yaxşı nəticə əldə etməyən müəllimlər yenidən imtahan verdilər. Növbəti nəticələr də müəllimlərimizn öz üzərlərində çalışmadıqları gerçəkliyini üzə çıxartdı.

Yaranmış durumu Herbiand.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirdi ki, 2022-ci ildə bu proses başlayanda hər bir fənn üzrə minimum 10-12 faiz müəllimin bu sertifikasiyadan keçə bilməyəcəyini gözləyirdik. Çox təəssüflər, nəticələr müəllimlərin öz üzərində işləmədiyini göstərdi:

“Dünyanın bütün ölkələrində sertifikasiya həyata keçirilir. Burada müəllimin peşəkar bacarığı yoxlanılır. Sertifikasiya isə indiyədək keçirilən bütün qiymətləndirmə arasında ən alisidir. Və bu sertifikasiya imtahanı ləğv olunmayacaq. Bildiyimiz kimi, bu sertifikasiya imtahanı nəticəsində 4000-ə yaxın müəllim işini itirib. Bu, o demək deyil ki, sertifikasiya insanların yenidən təhsil sistemində işləmək hüququnu məhdudlaşdırıb. Sertifikasiya imtahanından kəsilən müəllimlər adi qaydada növbəti ildən etibarən MİQ vasitəsilə işə qəbul oluna bilər. Əgər onlar bu müddət ərzində öz üzərlərində çalışsalar, yenidən müəllim kimi çalışmaq imkanı əldə edəcəklər. Bundan başqa elm və təhsil naziri humanizm  prinsipini irəli sürərək onların həmin məktəblərdə digər sosial pedaqoq yerlərində çalışmasında maraqlıdır. Çünki bu müəllimlərin məktəblə bağlı təcrübələri var. Bununla da onlara yenidən təhsil sistemində işləmək icazəsi verir”.

Ekspert 20-30 illlik pedaqoji stajı olan müəllimlərin sertifikasiyada iştirakını normal hesab edir:

“Çünki müasir dövrün tələbləri var. BMT-nin 2030-cu illə bağlı hədəflərindən biri kimi yüksək ixtisaslı və peşəkar müəllimlərin yetişdirilməsini irəli sürür. Dəyişən dünyada yeni müəllim kontingentinin formalaşması əsas götürülür. Və bu biz o məsələyə belə yanaşmayaq ki, 4000 müəllimi itirdik. Əvəzində biz daha hazırlıqlı, bacarıqlı, savadlı, gənci MİQ-ə daxil etdik”.

Kamran Əsədov sertifikasiya imtahanlarında tərtib olunan sualların müəllimlərin bildiyi mövzular əsasında hazırlandığına diqqət çəkdi. Və belə olan halda sualların düzgün cavablandırılmasını xoşagəlməz hal kimi dəyərləndirdi:

“Biz sertifikasiyaya cəlb etdiyimiz müəllimlərə heç də fərqli sahədən test tapşırıqları təqdim etməmişdik. 20-30 il onların öyrətdikləri əsasında suallar hazırlanmışdı. Məhz bu proqram əsasında özləri dərs deyir, ksq, bsq hazırlayırlar. Çox təəssüf ki, bu suallardan bal toplaya bilməyiblər. Bu yaxşı nəticə deyil. Əlbəttə bu müəllimləri sistemdən tamamilə uzaqlaşdırmayacağıq. Dünyada sertifikasiya ilə bağlı daha sərt qaydalar var. Azərbaycanda keçən il humanizmlik edilib bu müəllimlərə növbəti dəfə sertifikasiyada iştirak etmək şansı verildi. Bu müddət ərzində onlar üzərlərində çalışmalı idi. Amma biz nə gördük? Çox təəssüflər ki, onlar öz üzərlərində çalışmayıblar. Hətta bu müəllimlər əyri yollara əl atıb qiymətlərinin kimlər tərəfindənsə yazılmasına çalışırdılar. Heç bir təhsil sisteminin səviyyəsi müəllimin bilik səviyyəsindən üstün deyil. Bu gün əsas hədəf daha yaxşı Azərbaycan müəllimi formalaşdırmaqdır. Biz bu gün buraxılış və qəbul imtahanlarının nəticələrindən şikayət edirik. Uşaqlarımızın göstəricilərindən narazılıq edirik. Çünki onlara dərs deyən müəllimlərin özlərinin kompetensiyaları yüksək deyil. Təsəvvür edin ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimi şagirdlərin təməlinin qoyulmasında mühüm rol oynayır. Və bu fənləri tədris edənlər arasında bu qədər müəllim sertifikasiyadan keçə bilmirsə, biz onların dövlət məktəblərində qalmasında maraqlı olmamalıyıq. Amma onlar növbəti MİQ imtahanında iştirak edib yüksək nəticə əldə edərlərsə, yenidən məktəbdə işləmək şansını qazana bilərlər”.

Ekspert növbəti illərdə sertifikasiyanın daha sərt və çətin olmasını da tövsiyə etdi. Qeyd etdi ki, biz bununla çox güclü, bacarıqlı, savadlı müəllimlərin formalaşmasına nail olarıq:

“Sertifikasiya imtahanları keçirilənə qədər müəllimlər öz üzərlərində çalışmayıblar. Çox təəssüflər ki, nəticələr bunu deməyə əsas verdi. Sertifikasiya Azərbaycanda təhsil sisteminin inkişafına, uşaqların daha yaxşı bilik və bacarıq əldə etməsinə gətirib çıxaracaq”.   

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
herbiand.az

1Sources