EN

“Ordumuz partizan dəstəsinə bənzəyir” - Tanınmış Rusiyalı generaldan açıqlama

Tanınmış rusiyalı general, vaxtilə Çeçenistandakı əməliyyatlara rəhbərlik etmiş, hazırda isə Rusiya parlamentinin Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsinin sədr müavini olan Vladimir Şamanov Dövlət Dumasındakı çıxışı zamanı Rusiya ordusunun təchizatını kəskin tənqid edib.

“AzPolitika” Rusiya KİV-inə istinadla xəbər verir ki, Şamanov Rusiya ordusunu “partizan dəstəsi” ilə müqayisə edib: “Ordu bu gün partizan dəstəsinə bənzəyir. O, öz pulu ilə, qohumlarının hesabına geyinir. Çünki gətirilən və verilən formaların keyfiyyəti sadəcə olaraq heç bir qiymətləndirməyə layiq deyil”.

Şamanov generallar haqqında da mənfi danışıb və onları "başqa bir ordu" adlandırıb. Eyham vurub ki, generallar ordunu taladığından, əsgərlər normal geyimlə belə təmin olunmurlar. General yeni Müdafiə naziri Belousovun ünvanına tərif söyləyib və onun vəziyyəti düzəldəcəyinə inandığını deyib.

Əslində, Rusiya ordusunun müharibənin ilk aylarında necə bərbad vəziyyətdə olduğu hamıya aydın idi. Lakin Şamanov Sergey Şoyqu nazir olanda nədənsə, səsini çıxarmırdı...

Xatırladaq ki, Şamanov 1990-cı illərdə Çeçenistanda Rusiya Müdafiə Nazirliyinin qruplaşmalarına, 1999-2000-ci illərdə isə 58-ci birləşmiş silahlı orduya komandanlıq edib. 2000-2008-ci illərdə mülki vəzifələrdə çalışıb, 2009-cu ildə isə Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı olub. 2012-ci ildə general-polkovnik rütbəsi alıb, 2016-cı ildə isə Dövlət Dumasının deputatı seçilməsi ilə əlaqədar ehtiyata keçirilib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources