EN

Biznesin qeydiyyatının asanlaşdırılması davam etdiriləcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüş keçirilib.

Tədbirdə Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar və yeni imkanlar barədə ətraflı məlumat verib. L.Hüseyn-zadə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxil olma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi prosesi çərçivəsində ötən müddət ərzində 30-dan çox tədbir həyata keçirilib. Biznesin qeydiyyatının sadələşdirilməsi çərçivəsində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna, Azərbaycan Respublikasının Əmək, Mülki və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanıb və hazırda Milli Məclis tərəfindən baxılmaqdadır.
Bu ildən kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” elektron imzanın tətbiqinə başlanılıb ki, ötən müddət ərzində artıq 9 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət bu üsuldan istifadə edərək qeydiyyatdan keçib. Bildirilib ki, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi ilə bağlı texniki imkanların yaradılması istiqamətində müvafiq işlər görülür.

Hüquqi şəxslərin qeydiyyatı sahəsində görülən işlərdən danışan şöbə rəisi bildirib ki, 2024-cü ilin 5 ayı ərzində 5.230 kommersiya hüquqi şəxs qeydiyyata alınıb. Onlardan 4.673-ü yerli investisiyalı MMC-lərdir. Kommersiya qurumlarının 79,8 faizi elektron qaydada qeydiyyatdan keçib, yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 89,3 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 756 yerli investisiyalı MMC qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 14,5 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 16,2 faiz təşkil edib.

L.Hüseyn-zadə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi barədə məlumat verib. Qeyd olunub ki, yeni Yol Xəritəsində 2 altindikator üzrə 4 komponent çərçivəsində 16 müxtəlif tədbirin icrası nəzərdə tutulur.Həmçinin xarici investisiyalı kommersiya qurumlarının qeydiyyatı ilə bağlı bir sıra yeniliklər tətbiq olunacaq. Görüləcək işlər çərçivəsində bu prosesdə iştirak edən dövlət qurumlarının məlumat bazalarının əlaqələndirilməsi prosesinin əhatə dairəsinin genişləndirilməsi, benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə əlaqədar texniki şəraitin təmin olunması, kommersiya hüquqi şəxslərə dair məlumatlarda sonrakı dəyişikliyin (təsisçi və rəhbər dəyişikliyi) proaktiv qaydada qeydiyyata alınması imkanının yaradılması nəzərdə tutulur.

Görüşdə biznesin qeydiyyatı ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
vergiler.az

1Sources