EN

Çox çalışdım, asan olmadı -693.9 bal toplayan Şəbnəm Novruzova

Xəbər verildiyi kimi, iyunun 11-də Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Qəbul imtahanında  II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni Xırdalan şəhər 2 saylı tam orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. 

“İki sahil” yüksək nəticə göstərən Şəbnəm ilə həmsöhbət oldu.

Yüksək nəticə göstərəcəyimə inanırdım

O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb. Təəssüratlarını bölüşən müsahibimiz diqqətə çatdırdı ki, imtahanda hər bir fənn üzrə çətin, orta, asan suallar var idi: “Buna baxmayaraq, imtahanlarda yüksək nəticə göstərəcəyimə inanırdım. Onu da qeyd edim ki, bu balı toplamaq mənə heç də asan olmayıb. Çünki uğura gedən bu yolda çox çalışıb, mübarizə aparmışam. Qəbul imtahanının nəticələrini eşitdiyim an mənim üçün çox qürurverici və sevincli idi. Bu gözəl xəbəri ilk  olaraq ailəmlə bölüşdüm. Hər zaman mənə dəstək olan valideynlərimə, Gülnaz xanıma və bütün müəllimlərimə təşəkkürlərimi çatdırıram.”

Hər bir fənnə müəyyən qədər vaxt ayırıb, saatlara bölürdüm

Müsahibimiz diqqətə çatdırdı ki, uğurun sirri vaxtı düzgün bölmək və çox çalışmaqdır: “Yüksək bal toplamağımda əsas sirrim fənləri ardıcıl şəkildə mənimsəməyim olub. Hər bir fənnə müəyyən qədər vaxt ayırıb, saatlara bölürdüm.”

Şəbnəm imtahanlara hazırlıq vaxtı keyfiyyətli oxu ilə yanaşı, test və sınaqlara da ciddi diqqət göstərdiyini bildirdi: “Hazırlıq müddətim maraqlı və həyəcanlı keçdi. Testlə işləmək, öyrəndiklərimi test üzərində tətbiq etmək mənim üçün vacib məqamdır.”

Həmsöhbətimizin abituriyentlərə tövsiyəsi belə oldu: “Hər zaman özlərinə inansınlar. Nailiyyət üçün çox çalışsınlar. Vaxtı düzgün bölüb planlı şəkildə çalışsınlar. Zəif olduqları hissələri təkmilləşdirsinlər. ”

Yaqut Ağaşahqızı, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
ikisahil.az

1Sources