EN

"Kəpəz"in xilas yolu

2022/23 mövsümündə Tərlan Əhmədovun rəhbərliyi altında elitadakı yerini qoruyan "Kəpəz"in geridə qalan "futbol ili"ndə də Misli Premyer Liqasında qaldığına şahidlik etdik. Bu dəfə Azər Məmmədovla uçuruma doğru irəliləyən Gəncə təmsilçisini uzun müddət işsiz qalan, hələ məşqçi kimi tükənmədiyini isbatlamaq üçün alışıb-yanan Adil Şükürov vəziyyətdən çıxardı. Yekunda Birinci Liqaya yuvarlanan "Qəbələ"ni qabaqlayan "sarı-göylər" belə desək, kəfəni yırtdılar. Qarşıdan yeni mövsüm gəlir və elita təmsilçiləri indidən heyətlərinə əl gəzdirməklə məşğuldurlar. "Kəpəz" isə gözləmə mövqeyindədir. Komandanın bu ayın sonunda yığışacağı ilə bağlı məlumat alsaq da, hələ hər hansı transfer çalışmalarından səs-soraq yoxdur. İki futbolçu - Elçin Əlicanovla, Vüsal Məsimov gedib, vəssalam.

Sponsor tapılmırsa...

Bəlli məsələdir ki, "Kəpəz" AFFA-nın verdiyi 3 milyon manat sayəsində ayaqda qalmağa çalışır və klub özünə sponsor tapa bilmir. Əlbəttə, maliyyənin nə qədər az olduğunu nəzərə alsaq, komandanın hər mövsüm Premyer Liqanı tərk etməyə real namizəd hesab edilməsi başadüşüləndir. Pul problemi varsa, səviyyəli oyunçularla güclənmək xəyal olaraq qalır və klub hər mövsümün sonunda başqalarının diqqətini çəkən heç bir futbolçusunu heyətdə saxlaya bilmir. Bəs niyə sponsor tapılmır? Əlbəttə, yerli futbol qurumunun ianəsi ilə ciddi hədəflərə köklənmək müşkül məsələdir və rəhbərliyin əsas missiyalarından biri kluba sponsor tapmaqdır. "Kəpəz"ə yaxın duran yoxdursa, deməli, Gəncə təmsilçisinin İdarə Heyətinin sədri postunu tutan İlqar Nadiri işinin öhdəsindən gələ bilmir. 2019-cu ildə sözügedən camiəyə icraçı direktor təyin edilən Nadirinin AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun güvəndiyi kadrlardan biri olduğu hər kəsə bəllidir. Məmmədovun Azərbaycan futbolundakı hegemonluğuna son qoyulubsa, hansısa şirkət rəhbərinin onun kadrları ilə əməkdaşlıqda perspektiv görmədiyi şübhə doğurmur. Düzdür, İlqar bəy bu ilin aprelində "Kəpəz"in növbəti mövsümdən yüksək hədəflər uğrunda mübarizə aparacağını dilə gətirib, ancaq bu, daha çox vaxt qazanmağa hesablanmış addıma bənzəyir. 

Atalar üçdən deyib

Yuxarıda qeyd etdiyimiz kimi, "Kəpəz" son iki mövsümdə çətinliklə elitada qalıb. Bu, hələ yeni sponsorundan xəbər çıxmayan gəncəlilərin Premyer Liqadakı üçüncü mövsümüdür. Birillik fasilədən sonra səhnəyə qayıdan "Şamaxı" artıq başına gələnlərdən dərs çıxarıb və yayılan məlumatlara görə, legionersiz mübarizə aparmaq niyyətində deyil. "Aslanlar" artıq ölkənin ən bacarıqlı mütəxəssislərindən birini - Ayxan Abbasovu baş məşqçi postuna gətiriblər. Sirr deyil ki, Abbasov çempionatda say düzəltmək xatirinə mübarizə aparan komandanın "sükanı arxası"na keçməyə razılıq verməzdi. O, klubun layihəsi ilə tanış olandan, döyüşkən kollektiv formalaşdırmasına şərait yaradılacağına inanandan sonra "Şamaxı" rəhbərliyinə "hə" deyib. Şamaxı təmsilçisinin yeni oyunçuları ilə bağlı rəsmi açıqlama yaymaması onların bu yöndə gecikdiyi anlamına gəlməməlidir. Gördüyünüz kimi, heç komandanın Ayxan bəyə tapşırılmasını da ictimaiyyətə açıqlamayıblar. 5-6 yeni transferi eyni vaxtda elan etsələr, təəccüblənməyin. Belədə, hələ fil qulağında yatmış "Kəpəz" yeni mövsümdə hansı komandanı qabaqlayacaq? Vəziyyət olduqca ciddidir. 

Çıxış yolu nədədir?

Gəncə həqiqətən futbol ənənələri olan şəhərdir və yerli futbolsevərlər autsayder komandaya fanatlıq etməkdən məmnun deyillər. Hər oyunda tribunalarda narazılıqlar, rəhbərliyə qarşı aşkar iradlar, "istefa" şüarları səsləndirilir. Bəli, komandanın qələbə qazandığı oyunlarda da kefi pozulan "azarkeşlər" var. Belələrini yerli futbolla yaxından maraqlananların hamısı tanıyır, ancaq komandanın daimi autsayder imici ilə barışmayanların da haqqını yemək olmaz. Ya rəhbərlik verdiyi sözü tutaraq yeni mövsüm başlamamış əlavə maliyyə dayaqlarını ortaya qoymalı, ya da yerini bu işi görə biləcək yeni idarəçilərə verməlidir. Hər şey olduğu kimi qalsa, 2025-ci ilin yazında "Kəpəz" çox böyük ehtimalla, elita ilə vidalaşacaq. Bizə gözləmək qalır.

Nihat

Chosen
109
fanat.az

1Sources