EN

Müəllimlərin imtahandan kəsilməsinin səbəbi məlum oldu  - Buna görə imiş...

“Müəllimlərin təkrar imtahandan keçməməsi narahatedici məsələdir və Milli Məclisin üzvü kimi məni də narahat edir. Düşünürəm ki, müəllimlər onlara verilən kifayət qədər vaxta baxmayaraq, yenidən hazırlaşa bilməyiblər. Bu o deməkdir ki, onlar elə əvvəldən hazırlıqsız müəllimlər olublar və bu səviyyə ilə uzun illər övladlarımıza dərs keçiblər”. 

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında millət vəkili Etibar Əliyev deyib. Deputat müəllimlərin sertifikasiya imtahanından kəsilməsini müəllim hazırlayan universitetlərdə təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqələndirib: 

“Müəllim hazırlayan universitetlərdə təhsilin keyfiyyəti çox aşağıdır. Elm və Təhsil Nazirliyinin sertifikasiya imtahanlarında təqdim edilən sualllar orta səviyyəli suallardır. Düşünürəm ki, ali məktəbdə fənlər yaxşı tədris olunsaydı, bu imtahanlarda kəsilənlərin sayı 3-5 faizi ötməzdi. Bu göstərici 20 faizdən çoxdursa, həyəcan təbili çalmağın vaxtıdır. Uzun illərdir ki, ali məktəblərdə təhsilin keyfiyyətsizliyindən danışırıq. Demək olar ki, tədris proqramı köhnədir, dərsliklər yazılmır, müəllimlər müxtəlif dillərdəki ədəbiyyatlardan istifadə etmirlər. Müxtəlif dillərdə yazılan fundamental ədəbiyyatların tərcüməsi həyata keçirilmir. Müəllimlər mütaliə etmir. Belə olduqda, uşaqlarda tənqidi təfəkkürün, sərbəst düşünmək qabiliyyətinin inkişafı kimi təhsilin qarşısına qoyulan məqsəd və dəyərləri aşılaya bilmirlər. Əgər müəllimin tənqidi təfəkkürü yoxdursa, şagirdlərdə də bu inkişaf etməyəcək. Bu gün birölçülü təhsil sistemində yalnız test tapşırıqları vasitəsi ilə tələbə qəbulunu həyata keçirən bir ölkəyik. Belə olduğu halda müəllimlərin öz üzərində çalışması və şagirdləri düşünməyə cəlb etmələri vacib amillərdən biridir. Əgər bu keyfiyyətlər müəllimdə yoxdursa, şagirdə də aşılaya bilməz”. 

Millət vəkili bildirib ki, dünyada təhsil paradiqmaları dəyişir, yenilənir:

“Bu gün köhnə metodika və dərsliklər işə yaramır. Bütün bunların öz yerini tapması, tətbiqi üçün müəllim hazırlığına diqqət etmək lazımdır. Çox təəssüf ki, müəllim hazırlayan universitetlər bu yükün öhdəsindən gələ bilmir. Çünki professor-müəllim heyəti öz üzərində işləmir. Müəllimlərin sertifikasiya imtahanından kəsilməsi ali təhsilin keyfiyyəti və təşkili ilə, həmçinin pedaqoji təhsildəki qüsurlarla birbaşa əlaqəlidir”. 

Aytac Şahin 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
yenisabah.az

1Sources