EN

HƏMAS ABŞ-nin atəşkəs planını RƏDD ETDİ: Danışıqlar prosesi dalana dirənir

“İsrail tərəfindən HƏMAS-ın tamamilə aradan qaldırılması ilə bağlı yürütdüyü hərbi və siyasi fəaliyyətin heç bir effekti olmadığını gördük”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi təhlilçi HƏMAS rəsmilərinin ABŞ-nin irəli sürdüyü atəşkəs planını rədd etməsinin səbəblərini izah edib.

Onun sözlərinə görə, Qəzzada qırğınların törədilməsi, Rəfaha hücumlar və digər addımlar atıldı, lakin bu, HƏMAS-ın 7 oktyabr hücumuna cavab olaraq adekvat bir addım olmadı:

“Əksinə, Təl-Əviv administrasiyasının beynəlxalq imicinin zədələnməsinə, eləcə də İsraillə normal münasibətləri olan ölkələrin belə onunla əlaqələrini yenidən gözdən keçirməsinə gətirib çıxardı.

Müharibənin gedişatında kirli informasiyaların şahidi olduq. Halbuki İsrail hökumətinə bağlı, eyni zamanda, transmilli media orqanlarında daha HƏMAS-ın aradan qaldırılması və məhv edilməsi istiqamətində çox təbliğat aparıldığını gördük. Lakin nəticə onu göstərdi ki, HƏMAS-ın məhv edilməsi ilə bağlı İsrail heç bir addım atmayıb və bu planlar uğursuzluqla nəticələnib. Amma Qəzzada ciddi şəkildə qırğınların törədilməsindən sonra İsrail heç nə əldə etməyib və Beynəlxalq Cinayət Məhkəməsində İsraillə bağlı problem yaranıb”.

Ə. Zülfüqaroğluya görə, hazırkı hökumət İsraili çox çətin bir vəziyyətə gətirib çıxarıb:

“Bundan əlavə, İsraillə ABŞ arasında da problemlərin yarandığının şahidi oluruq. Eyni zamanda, İsraillə Yaxın Şərq ölkələri arasında kifayət qədər gərgin münasibətlər, beynəlxalq təzyiqlərin artması nəticədə gözləmə mövqeyində olan Avropa ölkələrinin Fələstini dövlət kimi tanımasına gətirib çıxardı. İsraildə baş nazir Benyamin Netanyahu başda olmaqla ölkənin müdafiə naziri və hərbi kabinet üzvləri qətiyyətli şəkildə müharibənin davam etdirilməsinin tərəfdarıdırlar. Onlar HƏMAS-la danışıqlarda səmimi deyillər və fələstinli əsirlərin azad olunması ilə bağlı tələblərə adekvat reaksiya vermirlər”.

Mütəxəssis əlavə edib ki, Misir və ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar da heç bir effekt vermədi və girovların qaytarılması ilə bağlı razılaşma əldə edilmədi:

“Bu isə təbii ki, danışıqlar prosesinin dalana dirənməsinə gətirib çıxardı. Bundan sonra da HƏMAS hərbi əməliyyatların davam etdirilməsinə qərar verdi. Bu gün HƏMAS-a kifayət qədər dəstək var və Yaxın Şərqdə ABŞ və İsrailə qarşı ittifaq çox möhkəmdir. Yəni geosiyasi durum o qədər dəyişib ki, artıq ABŞ-nin Yaxın Şərqdəki mövqeləri sarsılıb. Bu isə HƏMAS-a silahların verilməsi, habelə dəstəyin arıtırlması ilə bağlı müxtəlif ölkələrin daha çox səy göstərməsinə gətirib çıxarıb. Burada Çin, Rusiya, Türkiyə və digər ölkələri misal göstərə bilərik. Ona görə də HƏMAS düşünüldüyü qədər sıradan çıxarılmayıb, HƏMAS var, kifayət qədər dəstəyi də mövcuddur”.

Onun fikrincə, bu gün İsrailin hazırkı hökumətinə qarşı ölkə daxilində də çox ciddi etirazlar var:

“Eyni zamanda, sionist olmayan yəhudilər var ki, dünyada kifayət qədər sayları çoxdur və hazırkı hökumətin apardığı siyasətə qarşı kəskin mövqe ortaya qoyurlar. Bu isə indiki teokratik koalisiya hökumətini çıxılmaz vəziyyətə salır. Bu isə onu deməyə əsas verir ki, HƏMAS-la təmasda olan dövlətlərin İsrail hökumətinə qarşı aparılan hücumların davam etdirilmsəinin tərəfdarıdırlar. Bunu da qeyd edə bilərik ki, İsrail hökuməti üçün qarşıda problemlər olacaq. Çünki Neanyahu başda olmaqla, digər israilli hərbi-siyasi rəsmilərin sorğulanması perspektivləri kifayət qədər çoxdur. Hesab edirəm ki, HƏMAS-ın atdığı addımlar təsadüfi deyil, müəyyən planlar hesablanıb. Bundan sonra İsrail hökumətini həm HƏMAS, həm “Hizbullah” həm də daxili-xarici təzyiqlərlə mübarizə gözləyir”.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
98
1
yenicag.az

2Sources