EN

Elektron Hökumət İnformasiya Sistemindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

Elektron

Bakı, 12 iyun, AZƏRTAC

Elektron Hökumət İnformasiya Sistemindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Təqdim olunan qanun layihəsinə əsasən, Əmək, Vergi və Cəzaların icrası məcəllələrinə, həmçinin “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişiklər nəzərdə tutulur.

Təklif edilən dəyişikliklərdə qanunvericilik sistemində ilk dəfə olaraq ”elektron xidmət”in anlayışı verilir, dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasına dair tələblər, həmin sistemin istifadəyə verilməsi, elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestrin aparılması qaydaları, dövlət informasiya ehtiyatları və sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqi və auditinə dair ümumi qaydalar müəyyən olunur. Layihədə ümumilikdə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan məsələlərə dair əsas müddəalar əks olunub.

Dəyişikliklərin bir qismi isə dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlər zamanı Elektron Hökumət İnformasiya Sistemindən istifadənin daha da genişləndirilməsi, vətəndaşlara göstərilən xidmətlər zamanı vaxt itkisinin qarşısının alınması (vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması, şəxsiyyət vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi və s.) dövlət orqanları arasında məlumat mübadiləsi prosesinin daha da sürətləndirilməsi məqsədilə hazırlanıb.

Layihədə əks olunan digər dəyişikliklər normativ aktlar arasında uyğunluğun təmin edilməsi və dəqiqləşdirmə məqsədi daşıyır.

Chosen
89
azertag.az

1Sources