EN

Lui van Qal Kompani və Slotun təyinatlarından danışdı

“Bayern”in sabiq çalışdırıcısı Lui van Qal Münhen komandasının yeni baş məşqçisi Vensan Kompaninin təyinatına münasibətini bildirib.

Arena.az xəbər verir ki, niderlandlı mütəxəssis belçikalı məşqçinin bu komandanın sükanı arxasına gətirilməsinə təəccübləndiyini gizlətməyib:

“Mən təyinata həqiqətən təəccübləndim, çünki mətbuatda çoxlu etimad doğuran adlar çəkilirdi. Vensan Kompani çox da təcrübəsi olmayan gənc məşqçidir. Amma “Bayern” bir çox məşqçidən komandaya rəhbərlik etməyi xahiş etdi, buna rəğmən, onlar kluba gəlmədilər. Düşünürəm ki, bu, “Bayern” üçün çox da xoş deyil”, deyə Van Qal bildirib.

Vaxtilə “Mançester Yunayted”in baş məşqçisi olmuş Lui van Qal həmyerlisi Arne Slotun “Liverpul”a təyinatını da şərh edib. O, bu seçimin doğru olduğunu vurğulayıb:

“Yurgen Klopun varisi kimi Anre Slot üçün çətin olacaq. Amma o, yaxşı məşqçidir. Düşünürəm ki, Peter Boşla birlikdə o, hazırda Niderlandın ən yaxşı məşqçisidir. Onunla danışıqlar aparmaq isə mümkün idi, o, azad idi. Ona görə də düşünürəm ki, “Liverpul” çox yaxşı seçim etdi”.

Xatırladaq ki, Van Qal özü vaxtilə “Ayaks”, “Barselona”, “Alkmar”, “Bayern” və “Mançester Yunayted” kimi klublarda baş məşqçi kimi çalışıb. O, müxtəlif dövrlərdə bir neçə dəfə Niderland milli komandasına da rəhbərlik edib. 72 yaşlı mütəxəssis 2022-ci ildə məhz Niderland yığmasından ayrılandan bəri işsizdir. Təcrübəli mütəxəssis çalışdırdığı kollektivlərin hər biri ilə müxtəlif titullara sahib çıxıb. Van Qalın ən böyük uğurları isə şübhəsiz ki, Niderland nəhəngi “Ayaks”la həm öz ölkəsində, həm də avrokuboklarda qazandığı titullardır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
arena.az

1Sources