EN

Qohum evliliyi: Tibb demir ki, sizin uşağınız 100 faiz xəstə olacaq, amma...

Xəbər verdiyimiz kimi, Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Bildirilir ki, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Bu məsələ ciddi müzakirə mövzusuna çevrilib.

Teleqraf.com-a danışan tanınmış pediatr Vaqif Qarayev bu təklifi dəstəklədiyini deyir:

“Mən bu təklifi dəstəkləyirəm. Təklif kimi səslənib, ancaq bunun Azərbaycanda reallaşacağına inanmıram. Tibbi baxımdan əla, çoxdan verilməli qərardır. Bu, həm də mənəvi məsələdir. İnsan necə öz qan qohumuyla evlənə bilər?

İrsi-genetik xəstəliklərin yayılmasının birinci səbəbi qohum evliliyidir. Tibb demir ki, sizin uşağınız 100 faiz xəstə olacaq. Deyir, ola bilər. Təcrübə göstərir ki, həqiqətən də olur. Artıq bundan qorunmaq qopmaq lazımdır.

İndi bizdə genetik analizlər aparılır. Subay insanlar da genetik analizlərlə özlərini yoxlada bilərlər. Qan qohumluğu fiziki, əqli xəstəliklərin daşıyıcısıdır. Ancaq insanların düşüncəsi dəyişmir. Öz təcürbəmə əsasən deyirəm ki, əsasən qan qohumluğundan dünyaya gələn uşaqlarda əqli problemlər olur. Onlar oliqofreniya, anadangəlmə əqli geriliklə doğulurlar.

Daha ciddi problemlərdən biri sümük xəstəlikləridir. Ancaq elə fiziki problemlər var ki, onları bərpa etmək olur və uşaq ən azından yeriyə, özünü idarə edə bilir. Əqli geriliksə düzələn deyil. Qohum evliliyində əqli problem dünya təbabətində də birinci səbəb kimi göstərilir.

Azərbaycanda ən çox yayılan talassemiyadır. Autizmin isə səbəbləri tam bəlli deyil, irsi-genetik faktorun da bunda rolu var. Qohum evliliklərində genetik istiqamətdə müayinə çox vacibdir. Daun xəstəliyi hamiləliyin elə dövründə aşkarlanır ki, ana onda uşağı məhv etmək və ya dünyaya gətirməklə bağlı seçim qarşısında qalır. Avropa ölkələrinə bu halları eşidə biləmərik”.

Həkim deyir ki, qan qohumluğu olan şəxslərdən dünyaya gəlmiş uşaqların talassemiya xəstəsi olması ehtimalı böyükdür:

“Talassemiya xəstə valideynlərdən uşaqlara gen vasitəsilə ötürülən ağır irsi qan xəstəliyidir.Tibb qohum evliliyini inkar edir. Axı sən o uşağı niyə bədbəxt edirsən?! Bir nənə, bir babadan törəyənlər qan qohumları hesab edilirlər. Valideynlər gözdağı görmək istəmirsə, qohum evliliklərindən uzaq olsunlar.

Qohum şəxslər isə öz genlərini ortaq bir atadan aldıqları üçün onların eyni genlərində mutasiya daşıma ehtimalları qohum olmayan şəxslərə nisbətən xeyli çoxdur. Beləliklə, genlərində mutasiyanın olduğu cütlüyün dünyaya gələn hər körpəsində bu xəstəliyin meydana çıxması riski 25 faiz olacaq.

Təəssüflər olsun ki, bir çox ailələr yalnız xəstə uşaq dünyaya gəldikdən sonra bu həqiqəti başa düşür. Bu səbəbdən qohum evliliyin qarşısını almaq üçün əhali məlumatlı olmalıdır".


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
109
teleqraf.com

1Sources