EN

Şadlıq evləri məsuliyyətə cəlb olunacaq — Hüquqşünasdan AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisdə çıxışında deyib ki, bir çox hallarda erkən nikahla bağlı valideynləri məsuliyyətə cəlb etmək olmur. Şöbə müdiri bildirib ki, buna səbəb məcburetmənin sübuta yetirilə bilməməsidir: “Yetkinlik yaşına çatmayan şəxs polisə ifadə verir ki, onu erkən nikaha heç kim məcbur etməyib. Bu, statistikada da özünü göstərir. Misal olaraq, keçən il ölkədə cəmi bir belə fakta görə cinayət işi açılmışdı. Bu səbəbdən Ailə Məcəlləsinə yetkinlik yaşına çatmayanları erkən nikaha cəlb edənlərin cəzalandırılması ilə bağlı təklif edilən dəyişiklik alqışlanandır”.

Hüquqşünas Əsabəli Mustafayev Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. O qeyd edib ki, əvvəllər erkən nikahla bağlı mübarizənin qeyri-hüquqi müstəvidə aparılması tənqid olunurdu:

  “İnsanları tuturdular, məsuliyyətə cəlb edirdilər, adını da erkən nikahla mübarizə qoyurdular. Halbuki erkən yaşda nikah gerçəkləşə bilməz, qanunvericilikdə nikah yaşı 18-dir və dövlət tərəfindən tanınır. Dəfələrlə qeyd etdik ki, qanunvericiliyi praktikaya uyğunlaşdırmaq lazımdır. Kimsə toya hazırlaşır, nişan keçirir, deyirlər ki, erkən nikahdı. Halbuki nişanın, elçiliyin nikah kimi qiymətləndirilməsi hüquqdan kənar bir şeydir. Yəni, mübarizə hüquqdan kənar şəkildə aparılırdı. Erkən evlilik ifadəsi qanuna gətirilməlidir, yəni nikah bağlanmasa da evlilik var və ya ailənin qurulması düşünülür. Evlilik barədə sövdələşmə adlandıra bilərik bunu, bura daxildir elçilik, nişan və digər mərasimlər. Bu mərasimlərdə iştirak edənlərin 1000 manatdan yuxarı cərimə edilməsi və ya işin hallarından asılı olaraq 1-2 ay inzibati həbs cəzası nəzərdə tutulub. Bunlar İnzibati Xətalar Məcəlləsinə əlavə edilə dəyişikliklərdir. Cinayət Məcəlləsində isə artıq toy mərasiminin təşkilatçıları barədə cəza nəzərdə tutulub, həm cərimə, həm də azadlıqdan məhrumetmə şəklində. 

Rəsmi nikah bağlaya bilməyənlər molla yanında dini kəbin kəsdirirlər, bununla da erkən evlilik faktı yaranır. İndi mollaların da üzərinə vəzifə qoyulur ki, bunu etməsinlər. Onlar da buna görə cərimə olunacaqlar və ya 15 ilə qədər inzibati həbs cəzası onları gözləyir. Şadlıq evlərinin də üzərinə vəzifə qoyulmalıdır ki, tərəflərdən biri nikah yaşına çatmayıbsa, toy edilməsinə icazə verilməsin. İndi bu da qanun layihəsində əksini tapıb, buna yol verən şadlıq evləri də məsuliyyətə cəlb olunacaq”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
demokrat.az

1Sources