EN

Makronun uğursuzluğu və ÜZLƏŞİLƏN FİASKO - TƏHLİL

Yelisey sarayındakı narahatlığı başa düşmək çətin deyil, çünki Avropa Parlamentində seçkilərin ilkin nəticələri heç də Makron üçün arzuolunan olmadı. Bu vaxta qədər rəsmi Parisin fasiləsiz şəkildə həyata keçirdiyi aktiv kampaniyaya baxmayaraq, Avropa Parlamentində güc balansı açıq şəkildə sağa doğru dəyişməkdədir ki, bu da Makronun İntibah partiyası üçün məntiqi uğursuzluq, fiasco deməkdir.

Makrona və partiyasına dərin etimad böhranının olduğu qənaəti üçün əsaslı zəmin var

Artıq bütün dünya ictimaiyyəti müşahidə etdi ki, Fransada keçirilən Avropa Parlamentinə seçkilərdə hakim İntibah Partiyası çox rüsvayçı bir məğlubiyyətlə qarşılaşmalı, üzləşməli oldu. Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı Milli Mitinq partiyası Makronun partiyasından iki dəfə çox səs toplamaqla rəqibini çıxılmaz vəziyyətə saldı. Makronun qazana bildiyi 15 faiz səsə qarşı rəqibi 32 faiz səs topladı və buna elə Fransa prezidenti özü də mat qaldı. Çünki Marin Le Pen onun üzərində çox təsirli, mükəmməl bir qələbə qazandı. Sözsüz ki, bu nəticə mərkəzçi düşərgəyə güclü zərbə deməkdir. Belə bir zərbə isə fransızların hazırki prezidentini, şəxsən Makronu elə bir çıxılmaz vəziyyətə salıb ki, indi o hansısa addımlar atmağa məcbur qalıb.

Sözüz ki, Makronun rəqibinin qazandığı “zəfər” bir sıra məqamlardan xəbər verir. İlk növbədə bu, Fransa vətəndaşlarının hazırkı rəhbərlikdən artan narazılığının nümayiş etdirildiyi anlamına gəlir. Bu həm də onu deməyə əsas verir ki, ölkənin siyasi mənzərəsində əhəmiyyətli dəyişikliklər baş verir. Eyni zamanda bu ondan xəbər verir ki, Makronun siyasətindən narazı olanlar kütləvi şəkildə Milli Mitinqə dəstək verdilər və bu, hakim partiyaya dərin etimad böhranının olduğu qənaəti üçün əsaslı zəmin yaradır.

Milli Assambleyanın buraxıldığının elan edilməsinin arxasında Makronun emosional reaksiyası yox, düşünülmüş siyasi hesablama dayanır

Göründüyü kimi, prezident Makron Avropa Parlamentinə seçkilərdə çox ciddi bir məğlubiyyətlə üzləşməli, qarşılaşmalı oldu. Bunu hamıdan yaxşı da məhz özü çox aydın şəkildə başa düşdü. Başa düşdü ki, belə bir məğlubiyyət onun üçün böyük bir uğursuzluq və yaddan çıxmayacaq bir fiasko sayılır. Məhz həmin bu uğursuzluqdan, ciddi məğlubiyyətdən sonra prezident Makronun Milli Assambleyanın buraxıldığını elan etməsi bu baxımdan heç də təsadüfi sayıla bilməz. “Mən heç nə olmamış kimi davrana bilmirəm və mən Milli Assambleyanı buraxıram”, deyə Fransa presidentinin bazar günü bildirməsi də əbəs yerə deyil. Diqqətə çatdıraq ki, fransızların lideri sayılan Makron iyunun 30-da növbədənkənar parlament seçkilərinin keçiriləcəyini, ikinci turun isə iyulun 7-nə təyin olunacağını belə artıq elan edib. O, bu qərarın Fransa xalqına etimad aktı olduğunu, onlara parlamentin gələcəyini seçkilər vasitəsilə müəyyən etmək imkanı verdiyini vurğulayıb. Daha dəqiq desək, belə bir vurğulama etməyə vadar olub.

Bəlkə də bir çoxları Makronun bu qərarını məhz partiyasının məğlubiyyətinə emosional reaksiya verməsi kimi başa düşə bilərlər. Amma heç də belə düşünmək doğru olmaz və nəzərə almaq lazmdır ki, onun bu addımının arxasında şəksiz-şübhəsiz dərin və düşünülmüş siyasi hesablama dayanır. Ona görə belə bir qənaətdəyik ki, artıq Yelisey sarayı 9 iyun seçkilərində məğlubiyyətə səbəb olan tendensiyaların yaxın gələcəkdə də davam edəcəyindən xəbərdardır və hətta ola bilsin buna əmindir. Bəlkə də tam əmindir ki, Le Penin partiyasından olan millətçilərin siyasi xal topladığı mövzular daha da böyüyə bilər. Məsələn, miqrasiya, iqtisadi problemlər, xarici siyasətdəki uğursuzluqlar və koloniyalardakı böhranlar Fransa liderinin belə düşünməsinə əsaslı zəmin yaradır. Çünki Makron çox yaxşı bilir ki, məhz bütün bu sadalanan problemlər hələ də ölkəsi üçün aktual olaraq qalır və dərhal da öz həllini tələb edir. Heç şübhəsiz ki, Emmanuel Makronun qeyd olunan hesablaması cəmiyyətdə millətçi əhval-ruhiyyənin zəifləmədiyini və sadalanan problemlərin siyasi vəziyyətə ciddi təsirini davam etdirəcəyini anlamasına əsaslanır. Çox güman ki, Fransa prezidenti siyasi sistemin yenidən qurulması ümidi ilə xalqa yeni seçkilər vasitəsilə öz fikirlərini bildirmək imkanı vermək qərarına gəlib, amma bu, hələ hansısa nəticəyə ümid etməsi demək deyil.

Makron hazırkı vəziyyətdə özünün son şansının qaldığı barədə düşünür

Diqqətə çatdıraq ki, seçkilərin nəticələrinin hələ daha ciddi hadisələrə səbəb olacağından da Makronun ehtiyatlandığı görünür. Avropa Parlamenti seçkilərində sarsıdıcı məğlubiyyətə məhəl qoymamağın kütləvi etirazlara səbəb ola biləcəyini də görünür ki, Makron yaxşı bilir. Çox güman ki, Fransa lideri hazırkı vəziyyətdə son şansının qaldığı barədə düşünür. Bəlkə də Fransa cəmiyyətinin liberal hissəsinin qorxuları üzərində oynamaq və “Le Penə qarşı milli cəbhə” yaratmaq barədə də Emmanuel Makron düşünür və heç şübhəsiz ki, istənilən halda, məhz ən yaxın gələcəkdə onun nəyi planladığı bəlli olacaq.

Belə görünür ki, “Le Penə qarşı milli cəbhə” yaradılması sağçı əhval-ruhiyyənin yüksəlməsindən və Fransa cəmiyyəti üçün mümkün nəticələrdən narahat olan liberal və mərkəzçi seçiciləri səfərbər etmək üçün əhəmiyyətli səylər tələb edir. Məhz bu səylər fonunda maraqların özünün olduğu da təkzib edilə bilməz. Şəxsən Fransa liderinin həmin cəbhənin yaradılasında maraqlaırnın olması da bir reallıqdır. Yəni, Makron çox güman ki, bu narahatçılıqdan öz siyasəti ətrafında dəstəyi birləşdirmək üçün istifadə etmək niyyətindədir. Qeyd olunan cəbhənin formalaşdırılması əlbəttə ki, bütün sağ əleyhdarların vahid siyasi koalisiyada birləşməsini nəzərdə tutur. Bir sözlə, bu strategiyanın həyata keçirilməsinin bir sıra çətinliklərlə dolu olduğu da bəllidir. Bəllidir ki, Makron hələ bundan sonra cari problemlərin öhdəsindən gəlməyə və ölkəni sabitliyə aparmağa qadir olduğu barədə skeptikləri inandırmalı olacağını da yaxşı bilir, çətinliyini də anlayır.

Ciddi problemlərlə üzləşildiyini Fransa lideri hər kəsdən yaxşı başa düşür və anlayır

Nəzərə çatdırmaq yerinə düşərdi ki, Makronun da, onun partiyasının da Avropa Parlamenti seçkilərində məğlub olması Fransanın dərin problərinin nəinki olduğunu, eləcə də həmin problemlərlə artıq çoxdan üzləşildiyini əsaslı şəkildə təsdiqləyir. İlk növbədə miqrasiya böhranının pisləşməkdə olduğu göz önündədir və bunu elə Makron özü də hamıdan yaxşı bilir. Eləcə də ölkə iqtisadiyyatının kövrək olaraq qaldığı da, xarici siyasətdə ciddi problemlərlə üzləşildiyini də Fransa lideri hər kəsdən yaxşı başa düşür və anlayır. Başa düşür və anlayır ki, Fransanın müstəmləkələri artıq müstəqillik tələb edir və əlbəttə bu da ümumi vəziyyətin daha da gərginləşməsi deməkdir.

İndi təkcə Makron yox, ən sadə fransız belə başa düşür ki, bir neçə il əvvəl başlayan miqrasiya böhranı Fransanın ictimai və siyasi sabitliyinə ciddi təzyiq göstərməkdədir. Görünən də odur ki, həmin bu təzyiq hələ də davam edir. Sirr deyil ki, davamlı miqrant axını infrastrukturu gərginləşdirir, cəmiyyətdə gərginliyi getdikcə artırır. Hətta mövcud vəziyyət ölkədə cinayətlərin artmasına belə səbəb olur. Bununla yanaşı, ölkədə iqtisadi vəziyyətin qeyri-sabit olaraq qaldığı da bəllidir və bu səbəbdən də işsizliyin artması, əhalinin həyat səviyyəsinin aşağı düşməsi anlaşılandır.

Avropa Parlamenti seçkilərində məğlubiyyət təkcə siyasi xarakter daşımır, həm də simvolik bir xarakter alıb

Makron onu da bilir ki, xarici siyasətdə belə Fransa bir çox problemlərlə üzləşməkdədir. Bilir ki, ölkə hüdudlarından kənar ərazilərdə münaqişələrin həllində uğursuzluqlar, eləcə də beynəlxalq böhranlara cavab vermək üçün yöndəmsiz cəhdlər Fransanın dünya miqyasında nüfuzunu getdikcə sarsıdır. Onun da fərqindədir ki, özü də, hökuməti də məhz öz düşünülməmiş hərəkətlərinə görə çıxılmaz vəziyyətdədir. Hətta bütün dünya, xüsusən də avropalılar yaxşı bilirlər ki, strateji baxışın olmaması və Makronun ölkəni səmərəli şəkildə idarə edə bilməməsi bütün əsas sahələrdə uğursuzluqlara səbəb olub və məhz Le Penin partiyası bu uğursuzluqlardan məharətlə istifadə edərək, seçicilərə sadə və radikal həllər təklif edərək, bununla da əhalinin böyük hissəsinin dəstəyini qazanaraq, seçkilərdə qalib gəlmək imkanını əldən verməyib. Bütün bunlar isə onu deməyə əsas verir ki, Makronun özünün də, partiyasının da Avropa Parlamenti seçkilərində məğlubiyyəti təkcə siyasi xarakter daşımır. Sözügedən seçkilərdə Fransa prezidentinin, partiyasının məğlubiyyəti həm də simvolik xarakter alıb. İlk növbədə onu diqqətə çatdıraq ki, bu, hər şeydən əvvəl Fransa cəmiyyətinin dəyişikliklərə hazır olduğunu göstərdi.

Hadisələrin gedişi onu göstərir və onu deməyə əsas verir ki, Fransada vəziyyət son dərəcə gərgin olaraq qalır. Hətta görünən odur ki, prezident Makronun parlamenti buraxmaq və erkən seçkilər keçirmək qərarı vəziyyəti, gərgin olan vəziyyəti qətiyyən dəyişən deyil. Çox güman ki, hazırki gərgin vəziyyət daha da pisləşəcək. Məhz fransızların dəyişikliklər tələb etməsini nəzərə aldıqda belə qənaətə gəlmək olur ki, bəlkə də ən yaxın zamanda Fransa siyasi təlatüm dövrünə belə qədəm qoya bilər. Bir sözlə, Makronun uğursuzluğu və üzləşdiyi fiasco hələ bundan sonra özünü daha kəskin şəkildə göstərə bilər.

Müəllif: İnam Hacıyev
Chosen
153
50
sia.az

10Sources