EN

Azərbaycanlı alim türkiyəli həmkarları ilə birlikdə mixi yazılı mətnləri tədqiq edəcək

Azərbaycanlı

Bakı, 11 iyun, AZƏRTAC

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycanın qədim dövr tarixi şöbəsinin böyük elmi işçisi Ramin Əlizadə Türkiyənin Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsində ezamiyyətdə olub.

AZƏRTAC xəbər verir ki, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsinin dekanı professor Levent Kayapınarın təşkilatçılığı ilə həmin fakültədə qədim dillərin (Şumer, Akkad, Babil, Aşşur və Hurri) tədqiqi ilə məşğul olan alimlərlə birlikdə müzakirələr keçirib. Azərbaycan tarixçisinin Türkiyə tədqiqatçıları ilə görüşündə əsas məqsədi Azərbaycanın qədim dövr tarixi haqqında məlumat verən mixi yazılı mənbələrin oxunması və gələcəkdə toplu halında nəşr edilməsidir.

Qeyd edək ki, Türkiyədə qədim dillərin öyrənilməsi sahəsində tanınmış elmi-pedaqoji tədqiqat qurumları Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsinin Qədim dillər və mədəniyyətlər bölməsi, Şumerşünaslıq bölməsi və Qədim tarix bölməsidir. Ramin Əlizadə bu qurumların hər üçü ilə keçirdiyi görüşlər nəticəsində həmin universitetin Qədim dillər və mədəniyyətlər bölməsi və Şumerşünaslıq bölməsi tərəfindən iki il müddətində mixi yazıların öyrənilməsi üçün dəvət məktubu alıb. Azərbaycan tarixinin ilk qaynaqları olan mixi yazılı mətnlərin tədqiq edilməsi qədim tariximizin ciddi elmi dəlillər əsasında araşdırılmasına böyük töhfə verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
azertag.az

1Sources