EN

"İmtahandan keçməyən müəllimlərin sayı 485 nəfərdən qat-qat çoxdur" - Ekspert

“Sertifikatlaşma prosesində Azərbaycan dili və ədəbiyyat müəllimlərindən rəsmi statisikaya görə, 6 mindən yuxarı şəxs kəsilmişdi və yaxud da imtahanda iştirak etməmişdi. Onlara bir il sonra verilən ikinci şansdan cəmi 485 nəfərin keçə bilməməsi əslində reallığı əks etdirmir. Elm və Təhsil Nazirliyi sertifikatlaşma prosesinə həddən artıq humanist yanaşır. Düşünürəm ki, reallıqda bu rəqəmlər qat-qat çox olmalı idi. Amma istənilən halda bu, Elm və Təhsil Nazirliyinin humanist addımıdır. Nazirlik yumşaq siyasət yeridir ki, müəllimlər artıq əvvəlki dönəmin getdiyini anlasınlar. Növbəti sertifikasiyada bu dəfəki humanistlik olmayacaq”.




Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O, sertifikasiya prosesinin müəllimlərin inkişafı üçün vacib olduğunu bildirib:

“Müəllim hər gün öz üzərində işləməlidir. Çünki o, insan kapitalını formalaşdıran şəxsdir. Bu baxımdan Azərbaycan müəlliminin peşəkarlığı ən üst səviyyədə olmalıdır. Müəllimlər bilməlidir ki, təhsil sistemimiz şagirdyönümlüdür. Dövlət hər bir şəxsin təhsil almasını təmin edir və hər bir təhsil alanın hüququdur ki, dövlət standartlarına uyğun olaraq keyfiyyətli təhsil alsın. Bu keyfiyyətli təhsilin verilməsində əsas fiqur müəllimdir. Müəllim qanunvericilik üzrə üzərinə düşən vəzifələrini keyfiyyət və standartlarla həyata keçirməlidir".

Ekspert qeyd edib ki, burda əsas şərt müəllimin peşəkarlığıdır:

"Sertifikatlaşdırma da məhz müəllim peşəkarlığının ölçülməsi prosesidir. Bu, əmək haqqının qalxması, təhsil sisteminin optimallaşdırılması, pedaqoji sistemə yararlı müəllimlərin cəlb edilməsinə xidmət edir. Düşünürəm ki, sertifikasiyanın ikinci mərhələsində uğur qazanmış müəllimlər növbəti sertifikasiyalarda daha ciddi olacaqlar. Orada müəllimlərin təkcə biliyi yox, eyni zamanda metodik bacarıqları da yoxlanılacaq. Hər bir müəllim peşəsinə, dövlətçiliyə hörmətlə yanaşmalıdır. Müəllim sertifikasiyadan keçmirsə, bu o deməkdir ki, o, işlədiyi müddət ərzində tədris etdiyi uşaqları mənəvi cəhətdən korlayır, dövlətdən aldığı maaşı haram yolla qazanır. Sertifikasiya prosesinin uğurla davam edəcəyinə inanıram. Bu, təhsilimizin inkişafı və gələcəyi üçün həyati əhəmiyyətli bir prosesdir”.

Qeyd edək ki, müəllimlərin sertifikasiya imtahanında 485 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi müvafiq keçid balını (30 bal) toplaya bilməyib.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
1
bakupost.az

2Sources