EN

Süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosistemi təqdim edilib

     Apple şirkəti WWDC 2024 konfransı çərçivəsində Apple Intelligence adlı süni zəka ekosistemini təqdim edib. Bu, Apple şirkətinin süni zəka funksiyalarını özündə birləşdirən vahid ekosistemdir. Şirkət sözügedən ekosistem çərçivəsində ilk növbədə öz diqqətini Siri səsli köməkçisinə ayırıb. Belə ki, yenilənmiş Siri daha da təkmilləşdirilib və üstəlik yeni istifadəçi interfeysini əldə edib. Yenilənmiş Siri generativ süni zəka texnologiyası əsasında çalışır və o, ünsiyyətdə daha təbii və gündəlik tapşırıqların yerinə yetirilməsində daha faydalı olmalıdır. Siri-nin istifadəçi sorğularına olan cavabları daha ətraflı və informativ olublar. Apple bildirib ki, yenilənmiş Siri dialoq kontekstini daha yaxşı anlaya bilir və bir ünsiyyət seansı çərçivəsində istifadəçinin daha öncəki sorğularını yadında saxlayır.     Məsələn səsli köməkçidən hansısa yerdə hava şəraiti məlumatı soruşulsa və daha sonra ondan həmin yerə marşrutun təyin edilməsi istənilsə, istifadəçi bu halda marşrutu təyin edilmiş yeri dəqiq şəkildə Siri-yə başa salmalı olmayacaq. Səsli köməkçi daha öncəki sorğu əsasında söhbətin hansı yerdən getdiyini anlayacaq. Bu, səsli köməkçi ilə dialoq çərçivəsində daha öncə səsləndirilmiş məlumatın təkrarlanmamasına istiqamətlənib. Bundan əlavə olaraq təbii dilin emalı ilə bağlı yenilənmiş alqoritmlər hesabına yenilənmiş Siri daha öncəki versiyalarından fərqli olaraq cavabları axtarıb tapa və müxtəlif əməliyyatları yerinə yetirə bilir. Siri-də reallaşdırılmış daha bir yenilik onun cihaz ekranındakı tətbiqlər və kontentlərlə inteqrasiyasıdır.     Bundan sonra səsli köməkçi iPhone və ya iPad ekranında hansı tətbiqlərin və ya kontentlərin aktiv olduqlarını görə biləcək. Bunun əsasında Siri istifadəçiyə müxtəlif mövzularda yardımçı ola bilər. Məsələn əgər istifadəçi ekranda hansısa formanı doldurursa və ona sürücülük vəsiqəsinin nömrəsi lazımdırsa, Siri avtomatik şəkildə sürücülük vəsiqəsinin fotosunu axtarıb tapacaq və ondan lazımi məlumatı əldə edərək istifadəçiyə təqdim edəcək. Səsli köməkçinin iOS-in öz tətbiqləri və kənar tətbiqlər ilə sıx inteqrasiyası üçün App Intents adlı texnologiya hazırlanıb. Bu texnologiya Siri-yə tətbiqlər daxilində daha dərin şəkildə çalışmağa imkan verir. Məsələn istifadəçi Photos tətbiqindəki hər hansısa fotoya baxaraq Siri-dən fotonun redaktə edilməsini istəyir. Bu halda Siri əl ilə redaktə interfeysini təqdim etmədən özü foto üçün lazımi filtr və effekt ayarlarını tətbiq edəcək.     Apple Intelligence ekosistemi çərçivəsində iOS tətbiqlərinin əksəriyyətində fotoların süni zəka vasitəsilə tərtibatı funksiyası istifadəyə veriləcək. Söhbət, Image Playground adlı funksiyadan gedir. Bu funksiya iOS-in bir sıra tətbiqlərində çalışmaqla yanaşı öz fərdi sistem tətbiqinə də sahib olacaq. Məsələn istifadəçi iMessage vasitəsilə kimləsə ünsiyyətdə olan və həmsöhbət olduğu şəxsin ad gününü təbrik etmək istədiyi zaman sistem həmsöhbət şəxsin profil fotosu əsasında onun üçün təbrik fotosunu tərtib edəcək. İstifadəçi həmçinin öz qeydlərində yaratmış olduğu sürətli eskizləri süni zəka vasitəsilə keyfiyyətli fotolara çevirə biləcək. Image Playground funksiyasının API-ı kənar tətbiq tərtibatçıları üçün aktiv olacaq. Beləliklə onlar bu texnologiyanı öz məhsullarına əlavə edə biləcəklər.     Apple Intelligence ekosistemi çərçivəsində təkcə fotoların tərtibatı deyil, həmçinin mətnlərin tərtibatı və emalı imkanı da aktiv olacaq. Bu imkan sayəsində hər hansısa mətni daha rəsmi hala çevirmək, onu redaktə etmək və ya mətndəki lazımi məlumatların qısa icmalını əldə etmək olar. iMessage ilə bağlı istifadəyə veriləcək daha bir yenilik isə süni zəka vasitəsilə unikal emojilərin tərtibatı olacaq. Unikal emojilər mətn formatında təsvirlər vasitəsilə tərtib ediləcək. Beləliklə istifadəçi süni zəka tərəfindən tərtib ediləcək unikal emojilər vasitəsilə özünü daha yaxşı şəkildə ifadə edə biləcək. Bu funksiya Genmoji adlanır. WWDC 2024 konfransı çərçivəsində Apple şirkəti rəsmi şəkildə elan edib ki, OpenAI şirkətinin ChatGPT çat-botu Siri səsli köməkçisinə, iOS-in müxtəlif tətbiqlərinə və Apple şirkətinin digər platformalarına inteqrasiya ediləcək.Məlumata əsasən ChatGPT iOS 18, iPadOS 18 və macOS Sequoia əməliyyat sistemlərinin istifadəçilərinə pulsuz şəkildə təqdim ediləcək. Bu sistemlərdə ChatGPT-dən istifadə etmək üçün xüsusi istifadəçi hesabının yaradılmasına ehtiyac qalmayacaq. İstifadəçi çat-botun ödənişli versiyası olan ChatGPT Plus-a abunə olduğu halda onu Apple məhsullarına qoşa biləcək. Apple bildirib ki, o, istifadəçilərin konfidensiallıqlarına yüksək dəyər verdiyi üçün süni zəka funksiyaları əsasən lokal şəkildə çalışacaqlar. Yəni onlar birbaşa cihaz daxilində işə düşəcəklər və bunun üçün şirkətin bulud serverlərindən istifadəyə ehtiyac qalmayacaq. Digər tərəfdən nəzərə almaq lazımdır ki, süni zəka heç də bütün tapşırıqların öhdəsindən lokal şəkildə gələ bilməyəcək.     Buna görə də o, bəzi hallarda şirkətin bulud serverlərinə müraciət edə bilər. Lakin məlum olub ki, sözügedən süni zəka funksiyalarından heç də bütün iPhone və MacBook istifadəçiləri istifadə edə bilməyəcəklər. Sözügedən funksiyaların lokal şəkildə çalışmaları səbəbilə onların işə düşmələri üçün güclü sistem tələblərinə ehtiyac duyulur. Beləliklə iPhone mövzusunda süni zəka funksiyalarını iPhone 15 Pro, iPhone 15 Pro Max və onlardan sonra təqdim olunacaq iPhone modellərində, o cümlədən M1, M2, M3 və M4 seriyasına daxil olan prosessorlardan birinə sahib MacBook-larda istifadə etmək mümkün olacaq. Apple bildirib ki, süni zəka funksiyaları il ərzində tədricən istifadəyə veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
98
technote.az

1Sources