EN

Verilən vaxt başa çatır – İki gün sonra Ermənistanda...

Keşiş Baqrat Qalstanyanın dörd günlük oturaq aksiyası sonuncu addımıdır, bundan sonra hərəkat nəticəsiz başa çatmış elan ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Robert Qevondyan deyib.

“Hərəkat liderlərinin məqsədi dövlət qurumlarının işini pozmaq, parlamentin girişlərini bağlamaq və yenidən hakimiyyətə qarşı ittihamlar irəli sürməkdir. Başqa yollarının olmadığını göstərirlər, buna görədə son tədbirlərə əl atırlar. Bununla belə, uydurduqları reallıqda yaşamağa davam edirlər. Hazırda Ermənistanda hakimiyyət dəyişikliyi və keçid hökumətinə ehtiyacı yoxdur”, - ekspert bildirib.

Qevondyan onu da qeyd edib ki, müxalifət deputatları Baş nazir Nikol Paşinyanın impiçmenti üçün lazım olan 36 səsi toplaya bilmirlər.

Politoloqun fikrincə, impiçment uğursuz olarsa, parlamentin müxalifət deputatları mandatlarından imtina etməyəcəklər: “Çünki erkən seçkilər keçiriləcəyi halda 2021-ci ildəki nəticələri təkrarlaya bilməyəcəklər”.

“ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Ermənistana səfəri fonunda müxalifət bu hərəkətləri ilə Rusiya meyllərinin davam etdiyini göstərməyə çalışır. İndi Qaluzin (Rusiya xarici işlər nazirinin müavini) də onlarla sinxron işləyir, Qərbin Ermənistandan istifadə etdiyini bəyan edir. Yəni qalstanyanlar manipulyasiya yolu ilə gedirlər, özlərini aldatmaqla məşğuldurlar. Hərəkat liderləri və təşkilatçıları xalqın lazımi dəstəyinə malik olmadıqlarını etiraf etmək istəmirlər”, - Qevondyan vurğulayıb.

Ekspert hesab edir ki, revanşistlər iki gün sonra fasilə elan edib, payızda yenidən tələblər irəli sürməyə başlayacaqlar.

Qevondyan qeyd edib ki, oturaq aksiya başa çatdıqdan sonra (13 iyun) kilsənin hansı addımları atacağı məsələsi daha da aktuallaşacaq: “Yaxşı olardı ki, dağılışmaq qərarı verilsin, əks halda kilsə öz fəaliyyətində xalqın belə təmizləyə bilməyəcəyi qara ləkəyə düçar olacaq. Əgər Qalstanyan hərəkat başa çatdıqdan sonra dini həyatına qayıtsa, həmin qara ləkə 1000 ildən sonra da təmizlənməyəcək”.

Qevondyana görə, aksiya başa çatdıqdan sonra Baqrat Qalstanyan kilsədən qovulmalıdır.

Qeyd edək ki, Qalstanyan və dəstəsi iyunun 9-da İrəvanda dörd günlük oturaq aksiyaya başlayıb. Eyni zamanda, o, Nikol Paşinyana bu müddətdə istefa verməsi üçün vaxt verib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
125
teleqraf.com

1Sources