EN

Həsrət Cəfərov: “Ona qalib gəlmək asan olmadı”

“Bu yarışda fərqli çəkidə güləşdim”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

O, Macarıstanın paytaxtı Budapeştə keçirilən reytinq turnirindəki çempionluğunu şərh edib. 67 kq-da deyil, 72 kq-da xalçaya çıxan Cəfərovun sözlərinə görə, yarış onun üçün çətin keçib: “Bu da rəqiblərimin çəkisinin məndən çox olması səbəbindən idi. Xüsusilə də gürcü idmançı yetəri qədər güclü idi. Ona qalib gəlmək asan olmadı. Amma şükürlər olsun ki, onu və ardınca misirli güləşçini məğlub edərək qızıl medal qazandım. Heç vaxt hansısa yarışa özümdən razı yollanmamışam. Qələbə qazanacağıma isə inanırdım”.

O bildirib ki, bundan sonra əsas hədəfi iştirak edəcəyi Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır: “Göygöldə 14 günlük təlim-məşq toplanışında olacağıq. Burada həm fiziki, həm də taktiki baxımdan hazırlıq keçəcəyik. Əlimdən gələni edəcəm ki, ilin əsas yarışından da çempion kimi qayıdım”.

Qeyd edək ki, ikiqat Avropa çempionu yarışın ilk mərhələsində iranlı Seyid Söhrabiyə 12:6, ikinci döyüşdə isə macarıstanlı Kristofer Klanyiyə 7:0 hesabları ilə qalib gəlib. O, yarımfinalda gürcüstanlı Olimpiya mükafatçısı və Avropa çempionu Şmaqi Bolkvadzeni də mübarizədən kənarlaşdırıb (7:1). Həsrət finalda misirli Mustafa Alameldinə qalib gələrək, birinci yeri tutub.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
idman.biz

1Sources