EN

Azərbaycan millisi üçün Macarıstanda Qazaxıstan sınağı

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanın Sombatxey şəhərində Qazaxıstan yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu, yığmamızın 2024-cü ildəki 4-cü sınağıdır.

Millimiz bir neçə gün öncə bu məkanda Albaniya yığması ilə də qarşılaşmışdı. Lakin qarşıdakı Avropa çempionatının (AÇ-2024) iştirakçısı ilə oyun azərbaycanlı futbolçular üçün uğursuz alınmışdı – 1:3. İndi yığmamız həmin uğursuzluğu qazaxlarla görüşdə unutmağa çalışacaq.

Albaniya ilə görüş həm də Arif Əsədovun rəhbərliyi altında 4-cü sınaqdır. Monqolustan üzərində 1:0 hesablı qələbə ilə debüt edən mütəxəssis Bolqarıstanla dueldə sülhə şahid olmuşdu – 1:1. Əsədovlu yığmamız yalnız albanlarla görüşdə məğlubiyyət acısı yaşasa da, hər qarşılaşmada qol vurması ilə diqqət çəkir.

Qeyd edək ki, Qazaxıstanla matç milli komandamızın tarixində 299-cu sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan Azərbaycan millisi indiyədək 298 matça çıxıb. Bu müddətdə 60 qələbə qazanan futbolçularımız 78 heç-heçəyə nail olublar, 160 dəfə uduzublar. Əvvəlki 298 qarşılaşmada 229 qol vuran futbolçularımız 492 top buraxıblar.

Macarıstanın Sombatxey şəhərindəki “Haladas Sport Komplexum” stadionunda keçiriləcək Azərbaycan – Qazaxıstan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək. Oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Yoxlama oyunu
11 iyun

18:00. Azərbaycan – Qazaxıstan
Baş hakim: Bence Csonka (Macarıstan).
Baş hakimin köməkçiləri: Teodoros Georgiu, Balaş Salai (Macarıstan).
Dördüncü hakim: Reka Molnar (Macarıstan).
Sombatxey. “Haladas SportKomplexum” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
arena.az

1Sources