EN

Tural Piriyev bölgələrdə üzləşdiyi problemləri açıqladı - "Klublarda maliyyə və infrastrukturla bağlı ciddi çatışmazlıqlar var"

Ölkə futbolunda bir çox klubun maliyyə cəhətdən dayanıqsız olduğu heç kimə sirr deyil.

Premyer-liqada belə sponsoru olmayan komanda varsa ("Kəpəz" - red.), 1-ci və 2-ci liqa iştirakçılarının durumunu təxmin etmək çətin deyil. Bilindiyi kimi, bu problemin aradan qaldırılması yönündə çalışanlardan biri də Futbolun İnkişaf Fondudu (FİF). 2022-ci ildə yaradılan FİF indiyə qədər bir çox layihə və yeniliklə gündəmə gəlib. Mövsümün başa çatdığını nəzərə alıb dünən qurumun icraçı direktoru Tural Piriyevlə söhbətləşməyi lazım bildik. O, həm geridə qalan mövsümü dəyərləndirdi, həm də gələcək planlardan söz açdı.

- Tural bəy, 2023/24 “futbol ili”ni FİF-in fəaliiyəti baxımından əlamətdar edən hadisələrdən başlayaq. Fond ötən mövsüm hansı uğurlarla yadda qaldı?
- Aşağı liqalarda iştirak edən region klublarının sayının artması FİF üçün maraqlı və əlamətdar oldu. Belədə bölgələrdə maraqlı layihələrə imza atdıq. “Zaqatala” ilə "Music Gallery" arasında baş sponsorluq müqaviləsinin imzalanması, “Biznes klub” layihəsinin bu regionda startı, klublarla birgə oyun günü təşkili və gəlirlərin diversifikasiyası sahəsində əməkdaşlıqlar yadda qalan hadisələr sırasındadı.

- Ötən mövsüm ərzində xüsusi layihələrlə diqqəti çəkməyi bacardız. Bura həm də müxtəlif mövzuları əhatə edən seminarları daxil etmək mümkündü. Maraqlıdı, əziyyətinizin bəhrəsini nə dərəcədə gördüz? Hansı reaksiyalarla üzləşdiz?
- Bu dəfə ümumi prinsipləri bir qədər dəyişdik. Daha dəqiqi, klublarla fərdi şəkildə əməkdaşlığı davam etdirməklə yanaşı, dəstəyimizdən bütün region klublarının faydalanmasını hədəflədik. Bölgə təmsilçilərini coğrafi yerləşməyə əsasən dörd qrupa böldük. Hər qrup üzrə strateji planlama, marketinq-kommunikasiya və gəlirlər sahələri üzrə dəstək göstərməyi planladıq. Gəncədə 7 klub nümayəndəsinin iştirakıyla “Strateji planlama” mövzusunda seminar baş tutdu. Düzü, nəticələrdən danışmaq üçün hələ tezdi. Onu deyə bilərəm ki,  ilkin geridönüşlər müsbətdi. Bu yanaşmanın faydalı olacağına inanırıq.

- Bayaq "Biznes klub" layihəsindən bəhs etdiz. Diqqətçəkən mövzulardan olduğunuzu nəzərə alsaq,  iş prosesi istədiyiniz kimi irəliləyirmi? Növbəti hədəflər nədən ibarətdi? 
- Bu layihəyə Zaqatalada start verilib. Paralel olaraq üç regionda planlama işləri davam edir. Əsas hədəf bölgə klubuna dəstək göstərmək istəyən, lakin sponsor olmağa hazır olmayan sahibkarlara imkan yaratmaqdı. Bu platforma klub üçün əlavə maliyyə kanalı yaratmaqla yanaşı, sahibkarlarla daimi ünsiyyət saxlamaq baxımından faydalıdı.

- Fəaliyyətiniz həm də aztəminatlı ailələlərin övladlarına diqqət göstərilməsini əhatə edir. Geridə qalan mövsümdə bu yöndə hansı addımlar atıldı?
- Ötən mövsümün əvvəlində üç bölgədə region klublarıyla birgə aztəminatlı ailələrdən olan uşaqlar üçün “Yay düşərgəsi” təşkil etdik. Bilindiyi kimi, sosial layihələr əsasən bölgə klublarıyla birgə həyata keçirilir. Əsas hədəf, sadəcə, aztəminatlı ailələr deyil, ümumiyyətlə, klubların təmsil etdiyi yerlərə bu və ya başqa sahələr üzrə fayda verməsinə imkan yaratmaq, nümunələr göstərməkdi.

- 2023/24 "futbol ili"ndə hansı bölgələrə səfər təşkil edildi? Keçirilən görüşlər inkişaf perspektivləri baxımından irəliləyiş vəd edirmi?
- Həmin aylar ərzində premyer-liqa, 1-ci liqa və 2-ci liqada təmsilçisi olan, demək olar ki, bütün bölgələrə səfər etdik. Məqsəd əraziylə daha yaxından tanış olmaq, klubun yerli icra hakimiyyəti və ictimaiyyət ilə əlaqələrini möhkəmləndirmək və dayanıqlı inkişafıyla bağlı yolları müəyyənləşdirmək oldu. Bəllidi ki, bölgələr xüsusiyyətlərinə və perspektivinə görə bir-birindən fərqlənir. Amma daha çox ötən mövsüm bölgələrdə istər yerli icra orqanları, istərsə də ictimaiyyət tərəfindən futbola marağın və dəstək istəyinin artdığını müşahidə etdik.

 - Bölgələrdən hansı düşüncələrlə qayıtdız? Futbola maraq, inkişaf etmək istəyən klubların sayı, ümumi maliyyə və infrastruktur durumunu necə xarakterizə etmək olar? Qaneedicidi, yoxsa hələ bunun üçün uzun vaxt lazım olacaq?
- Düzü, klublarda maliyyə və infrastrukturla bağlı ciddi çatışmazlıqlar var. Dayanıqlı inkişafa gedən yolun uzun vaxt tələb edən və bitməyən proses olduğunun fərqindəyik. Deyə bilərəm ki, hazırda bununla bağlı hələ ilk addımlarımızı atmışıq.

- Xatırlayıram ki, mövsümün əvvəlində etdiyimiz söhbət zamanı müəyyən kadr çatışmazlığının varlığını dilə gətirmişdiz. Bu yöndə hansı addımlar atıldı? İşlərin sürətlənməsi və yeniliklərin artımı bundan sonra nə dərəcədə mümkün olacaq?
- Təəssüf ki, bölgə klublarında kadr çatışmazlığı əsas problemlərdən biri kimi qalmaqdadı. Problemin aradan qaldırılması yönündə gördüyümüz ilk iş yuxarıda qeyd etdiyim seminarlar çərçivəsində klub əməkdaşlarının bilik və bacarıqlarının artırılması oldu. Bununla yanaşı, təhsil proqramı üzrə işlər davam edir. Çalışırıq ki, müvafiq sahələrdə biliyi olan əməkdaşların klublara cəlb olunmasına şərait yaradaq. Həmçinin ictimaiyyətlə iş və marketinq sahəsində mütəxəssislərin yetişdirilməsiylə bağlı daha bir layihə üzərində çalışırıq.

- Tural bəy, sonuncu sualım növbəti planlarla bağlıdı. Hansı yeniliklər nəzərdə tutulub? İstər azarkeşlərin stadionlara cəlb edilməsi, maliyyə çatışmazlığının aradan qaldırılması, istərsə də klubların durumunun öyrənilməsi və problemlərə çarə axtarılması yönündə hansı işlər görüləcək? Xüsusilə ilklərdən danışmaq olarmı ki, bunu ölkə miqyasında məhz FİF edəcək?
- Məncə, görüləcək işləri yenilik və ya ilk adlandırsam, pafoslu səslənər. Çünki bu günə qədər həyata keçirilən layihələrə dünyanın bir çox klublarında rast gəlmək mümkündü. Biz bölgənin xüsusiyyətini nəzərə alaraq, uyğun layihə və təşəbbüsləri tətbiq edirik. Bildirim ki, daha əvvəldən bölgə klublarında bir çox məsələlər üzrə müşahidə etdiyimiz nöqsanlarla hələ də rastlaşırıq. Lakin təcrübə göstərir ki, istəklə çalışdıqda müəyyən problemlərin həlli mümkündü. Yuxarıda qeyd etdiyiniz məsələlərə gəlincə, bununla bağlı hər klub üçün müxtəlif planlar var. Zamanla hamısını reallaşdırmaq niyyətindəyik.

KƏNAN BAHADIR 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources