EN

Paketa ömürlük diskvalifikasiya oluna bilər - Pul qoyuluşuna görə onun MS-yə transferi pozulub

Nəzarətedici orqanlar bukmeker kontorlarına pul qoyan futbolçuları ovlamaqdadı.

“Football-plus.az” xəbər verir ki, İtaliyada ötən il yaşanan qalmaqaldan xəbərdarsız. Orda top-klubların bir neçə oyunçusu qeyri-leqal pul qoyuluşuna görə ittiham olundu. “Nyukasl”dan “Milan”a keçəndən dərhal sonra “tora düşən” Sandro Tonali uzunmüddətli cəza aldı və hələ də yaşıl meydandan kənarda qalıb.

İngiltərə premyer-liqasında da yatmırlar. Ötən ilin mayında “Brentford”un forvardı Ayvan Toni 8 aylığa cəzalandı. İndi isə sıra bir başqa qayda pozucusuna çatıb. Bu dəfə necə deyərlər, tora böyük balıq düşüb. “Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketanı pul qoyuluşu naminə bilərəkdən vərəqələr aldığına görə ömürlük diskvalifikasiya gözləyir.

“Siti”yə transferi niyə alınmayıb?
Araşdırma ötən ilin yayında – “Mançester Siti” liqanın ən yaxşı yarımmüdafiəçilərindən biri ilə maraqlananda başlayıb. “Şəhərlilər”lə “çəkicdöyənlər” sövdələşməyə başlayıb, hətta mediada 130 milyon avro rəqəmi də görüb, ancaq günlərin birində səbəblər izah olunmadan hər şey dayanıb. Ortada yalnız şayiələr var idi ki, transfer Paketaya münasibətdə başlayan araşdırma üzündən alınmayıb. Bir qədər sonra həmin şayiələr təsdiqləndi – “Mail Sport” hətta xəbər verdi ki, “Vest Hem”in əsas sponsoru, “Betway” bukmeker şirkəti futbolçu ilə bağlı “donos ötürüb”. Bundan sonra bu hekayə mediada söndü – ancaq məmurların kabinetlərində yox. Və yaxınlarda yeni dalğa vüsət aldı.

Paketa bilərəkdən vərəqə almaqda suçlanır
İngiltərə Futbol Assosiasiyası mayın 23-də belə bir bəyanat yaydı:
“Lukas Paketanın bilərəkdən vərəqə almaqla pul qoyuluşu bazarına təsir göstərməsi, bir və ya bir neçə adamın qazanc götürməsinə çalışmaqla oyunun axarına müdaxilə etdiyi təsdiqlənir”.


Bəyanatda konkret detallar da yer alıb – söhbət 2022-ci ilin noyabrında “Lester”, 2023-cü ilin martında “Aston Villa”, mayında “Lids” və avqustunda “Bornmut” ilə keçirilən oyunlardan gedir. Futbol məmurları belə hesab edir ki, Paketa məhz həmin oyunlarda şübhəli vərəqələr alıb.

“The Sun” da mövzu ilə bağlı əlavə informasiya yayıb – məsələn, Paketanın sarı vərəqə alacağı ilə bağlı təxminən 60 adam pul qoyuluşu edib, onlar toplam 100 min funt qazanıb, özü də cəmi 7 funt qoymaqlar. Zahirən təəccüb doğuran heç nə yoxdu, hər kəs futbol oyunlarına pul qoya bilər. Ancaq təhqiqat zamanı aydın olub ki, pul qoyuluşlarının bir hissəsi Paketa adasında olub. Bəli-bəli, Lukas məhz bu adanın şərəfinə soyadını dəyişib. Futbolçu ittihamları qəti şəkildə rədd edir:
“Məni ittiham etməyə qərar verdiklərinə görə hədsiz təəccübləndim və məyus oldum. 9 ay ərzində təhqiqatın hər mərhələsində yaxından iştirak etdim, istintaq orqanı ilə əməkdaşlıq etdim, verə biləcəyim bütün informasiyanı verdim. İttihamı tam rədd edirəm və adımı təmizləmək üçün son nəfəsimə qədər mübarizə aparacam. Proses davam etdiyinə görə bundan sonra bu mövzuda heç bir şərh verməyəcəm”.


Məmurlar ömürlük diskvalifikasiya tələb edir
“The Sun” həmçinin maraqlı təfərrüatı çatdırır – ittiham aktında günahı sübuta yetirilərsə, Paketanın futboldan ömürlük uzaqlaşdırılması məsləhət görülür. Bu halda Paketa premyer-liqa tarixinə belə sərt şəkildə cəzalanan ilk futbolçu kimi düşəcək.

Oxşar presedentlər yaxınlarda olub, ancaq bu səviyyədə yox. Məsələn, 2018-ci ildə “Linkoln Siti”nin müdafiəçisi Bredli Vud iki şübhəli sarı vərəqəyə görə 6 illiyə futboldan uzaqlaşdırılıb. 2021-ci ildə isə “Stratford Taun”un müdafiəçisi Kinan İsaak bilərəkdən sarı vərəqə aldığına görə 10 illiyə cəzalanıb. Həmin tarixçə kədərli bitdi – 28 yaşlı futbolçu dərhal karyerasını bitirdi.

Paketa dörd mümkün qanun pozuntusunda suçlanır. Deməli, şübhələr təsdiqlənərsə, onu gözləyən ən yüngül cəza uzunmüddətli diskvalifikasiya olacaq. Hazırda araşdırma gedir. Nəzərə alsaq ki, futbolçunun karyerası müzakirə mövzusudu, onda daha bir neçə ay gözləmək lazım gələcək. Futbolçunun vəkilləri onu müdafiə etməyə hazırlaşır. Ola bilsin, “Vest Hem” də bu prosesə qoşulacaq. Axı Paketa milyonlarla avro dəyərli olan qiymətli klub aktividi. Onu itirmək “çəkicdöyənlər” üçün hədsiz çətin olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources