EN

“Barselona” Mbappenin keçidinə necə cavab verəcək? -Kataloniya klubu hələ də maliyyə çətinliyi yaşayır

“Real” Kilian Mbappenin transferini bitirməklə İspaniya futbolunun ağırlıq mərkəzini bir qədər də Madridə doğru çəkdi.

“Football-plus.az” xəbər verir ki, “Barselona” isə azarkeşlərini depressiyaya salmamaq üçün buna hansısa böyük keçidlə cavab verməlidi, əks halda qarşıdakı mövsümdə də çempionluq şansları sıfra bərabər olacaq. Bu klubların praktikasında əvvəllər də belə hallar yaşanıb. Kataloniyalılar 2009-da Kriştiano Ronaldonun keçidinə Zlatan İbrahimoviçlə cavab vermişdi, ardından Qaret Beyl – Neymar, Xames Rodriges – Luis Suares, Eden Azar – Antuan Qrizmann “atışması” oldu. Belə görünür ki, İspaniya nəhənglərindən birində “ağırçəkili” transfer gerçəkləşəndə rəqib buna cavab verməyə bilməz. Maliyyə çətinliklərinə və “Barsa”nın prezidenti Xuan Laportanın yay transferləri arasında böyük adların olmayacağını deməsinə baxmayaraq, “göy-qırmızılar” Mbappenin keçidinə reaksiya verməyə məcburdu. Kluba yeni baş məşqçi gəlib, yeni hədəflər müəyyənləşdirib. Bu geniş siyahıdan hətta bir-iki futbolçunun transferi belə “Barsa” üçün böyük uğur olacaq.

Dayaq yarımmüdafiəçisi Coşua Kimmix (29 yaş, indiki klubu – “Bavariya”)
“Barsa” mövsümboyu güclü dayaq yarımmüdafiəçisi sarıdan əziyyət çəkdi. Serxio Busketsin gedişindən sonra bu mövqeyə dəvət olunan 31 yaşlı Oriol Romeu qətiyyən onun yerini vermir. Problemli mövqe dərhal gücləndirilməlidi, təəccüblü deyil ki, Flik bu yerdə yaxşı tanıdığı, “Bavariya”da və Almaniya yığmasında birgə çalışdığı Kimmixi görür. Komandanın sabiq baş məşqçisi Xavi də almaniyalı futbolçunu istəyirdi. Kimmix mövsüm boyunca münhenlilərin baş məşqçisi Tomas Tuxellə meydadakı yerinə görə söyüşdü, bu da onun getmək ehtimalını artırır. Düzdü, indi “Bavariya”ya yeni baş məşqçi – Vensan Kompani gəlib. “Diario Sport” yazır ki, artıq “Bavariya” ilə “Barselona” arasında danışıqlar başlayıb, Coşua kataloniyalılar üçün bu “transfer pəncərəsi”ndə prioritet variantdı. Sadəcə, almaniyalı İspaniya klubu üçün çox baha ola bilər. Elə həmin qaynaq iddia edir ki, Laporta futbolçunun illik 19,5 milyon avro əməkhaqqını verə bilməz. Transfer hardasa 40 milyona başa gələcək – kataloniyalılar bu məbləği verə bilməsə, onda futbolçunun müqaviləsinin müddətinin bitəcəyi növbəti yayı gözləməlidi.

Sol cinah hücumçusu Niko Uilyams (21, “Atletik”)
Bu da problemli mövqedi. 2023/24 mövsümü boyunca sol cinah hücumçusu yerində Joao Feliş, Ferran Torres, hətta sağ cinah oyunçusu Rafinya da göründü, ancaq heç biri ümidləri tam doğrultmadı. Üstəlik icarəyə götürülən portuqaliyanın “Barsa”nı tərk etmək ehtimalı realdı. Bu mövqeni gücləndirmək üçün əsas namizəd Niko Uilyamsdı. 21 yaşlı ispaniyalı “Atletik”də yaxşı mövsüm keçirib: bütün turnirlər çərçivəsində 37 oyunda 8 qol vurub, 17 məhsuldar ötürmə verib, komandasına ölkə kubokunu qazanmaqda yardım edib, sentyabrda isə yığmanın heyətində - Gürcüstanla oyunda (7:1) ilk qolunu vurub. Düzdü, Niko qışda basklarla müqavilə müddətini 2027-nin yayına qədər uzadıb və indi “Barsa”ya minimum 50-60 milyon avroya başa gələcək. Şayiələrə inansaq, “Barsa” bundan artıq da ödəməyə hazırdı, ancaq bir şərtlə ki, basklar hissə-hissə ödənişə razılaşsın.

Sol cinah hücumçusu Kinqsli Koman (27, “Bavariya”)
Problemli mövqeyə daha bir namizəd 27 yaşlı Komandı. Flik fransalı futbolçu ilə də Münhendə çalışıb. Özü də uğurlar: 2019/20 mövsümündə Kinqsli PSJ-nin qapısında yeganə qolu keçirməklə münhenliləri ÇL-də qələbəyə daşıyıb. Düzdü, Koman son vaxtlar zədədən çox əziyyət çəkir. Ötən mövsüm meydanda olduğu dəqiqələrin sayı 2 mindən az olub. Flikin Komana maraq göstərdiyi iki nəşr “Bild” və “L’Equipe” iddia edir. “Bavariya” isə zədəyəmeyilli futbolçu ilə vidalaşmağın əleyhinə deyil, sadəcə, yaxşıca pul qazanmaq istəyir. Fransalının qiyməti 50 milyon avrodu. Uilyams kimi, onun da müqaviləsinin müddəti 2027-nin yayına qədərdi.

Dayaq yarımmüdafiəçisi Xavi Gerra (21, “Valensiya”)
Meydanın mərkəzi üçün daha bir potensial debütant Gerradı. Xavi “Valensiya”da yaxşı mövsüm keçirib: həm “yarasalar”ın, həm də İspaniya yığmasının heyətində daimi yer qazanıb. “Marca”nın yazdığına görə, Flik onun timsalında Qaviyə bənzəyən futbolçu görür. Fiziki cəhətdən möhkəm xavbek yaxşı müdafiə vərdişlərinə malikdi, həmçinin ötürmə bacarığı yüksəkdi. Hans-Diter “Barsa”nı iki dayaq yarımmüdafiəçisi ilə oynatmaq fikrindədi, bu üzdən orta sahənin gücləndirilməsi vacibdi. Bu futbolçu “Barsa”ya 20-25 milyon avroya başa gələcək. Ancaq hətta bu məbləğ də klub üçün çoxdu. Gerra qışda az qala “Valensiya”nə tərk edəcəkdi. Onda bu futbolçu ilə “Napoli” maraqlanırdı. Xaçvari bağları zədələnən Qavinin bərpa prosesi uzun çəkə, Frenki de Yonq isə klubu tərk edə bilər. Odu ki, “Barsa” Gerra variantına ciddi yanaşmağa məcburdu.

Hücumameyilli xavbek Bruno Fernandeş (29, “Mançester Yunayted”)
Portuqaliyalı ilə təkcə “Barselona” yox, maliyyə durumu daha yaxşı olan “Bavariya” da maraqlanır. Futbolçunun təmsilçiləri onun xidmətini kataloniyalılara təklif edib. Onlar Erik ten Haqla müqayisədə Flikin oyun üslunun Bruno üçün daha münasib olduğunu güman edirlər. Çox güman, Fernandeşin “Barsa”ya mümkün transferinin hərəkətverici qüvvəsi MY-nin kapitanın həmvətəni – kataloniyalıların idman direktoru Dekudu. Ancaq Flik hələ ki portuqaliyalının transferinə razılıq verməyib, bu üzdən danışıqlar dondurulub. “Bavariya” isə danışıqlarda kifatət qədər irəliləyib. Kataloniyalıların Brunonu alması çətin olacaq: onun MY ilə hələ ikiillik müqaviləsi var, bu üzdən “qırmızı şeytanlar” böyük məbləğ istəyəcək. Futbolçu özü də yaxınlarda “Yunayted”dəki çıxışına kökləndiyini bildirib.

Dayaq xavbeki Amadu Onana (22, “Everton”)
Premyer-liqada çıxış edən bu yarımmüdafiəçiyə də “Barselona” dayaq zonasını gücləndirmək üçün variant kimi baxıt. 22 yaşlı belçikalı “Everton”un heyətində ən yaxşılardan biridi, həmçinin yığmada sabit oyun göstərir. Liverpul təmsilçisi Amadunu satmaq istəməsə də, iqtisadi çətinlik yaşayır və tezliklə futbolçulardan bir neçəsiilə vidalaşmalıdı. Klub iyunun 30-na qədər “maliyyə feyr-pleyi” prinsipinə uyğunlaşmalıdı. Liverpullular həmin prinsipin pozulması üzündən son mövsümdə 8 xaldan oldu. “Everton” futbolçunun qiymətini qətiyyən aşağı salmaq fikrində deyil. “Göylər” ona görə 60 milyon avro istəyir, kataloniyalılar isə maksimum 40 milyon avro ödəməyə hazırdı. Yeri gəlmişkən, “Bavariya” bu futbolçuya da maraq göstərir.

Sol cinah vingeri/forvardı Luis Dias (27, “Liverpul”)
27 yaşlı kolumbiyalı “Liverpul”un vacib fiquruna çevrilib, son mövsüm bütün turnirlərdə 51 oyuna çıxıb. “Barselona”ya isə məhz sol cinah vingeri lazımdı. Futbolçunun atası hələ payızda bildirmişdi ki, Dias bu komandanın sadiq fanatıdı:
“Barselona” ilə bağlı az şey bilirəm. Luis həqiqətən bu komandanın qatı fanatıdı, ora keçməyi arzulayır”.


Düzdü, yazda məlum oldu ki, “Liverpul” liderlərindən birinə görə 120 milyon avro tələb edir. Transfermarkt.de portalı futbolçuya 75 milyon avro qiymət qoyub. “Barsa” bu transferi gerçəkləşdirmək üçün iqtisadi durumunu ciddi şəkildə yaxşılaşdırmalıdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources