EN

Paşinyanı istefaya göndərmək istəyən keşiş özü rüsvayçı duruma düşür...

Image

Erməni Apostol Kilsəsi Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın ölkə hakimiyyətinə qarşı bir aydan çoxdur başlatdığı etiraz aksiyası hələ də davam edir. Iyunun 9-da keçirilən növbəti mitinqdə Baqrat Qalstanyan vətəndaşları dörd günlük fasiləsiz etiraz aksiyalarına çağırıb.

Onun sözlərinə görə, hətta minlərlə insanın axşam yığıncaqları vasitəsilə hakimiyyəti tərk etmək mümkün deyil, amma məsələ başqa cür həll oluna bilər: “4 gün fasiləsiz, işə getmədən, istirahət etmədən, yatmadan küçədə olub öz iradəmizi tətbiq etsək, problemi həll edə bilərik”. O qeyd edib ki, müxalifət fraksiyaları hökumətin istefası və yeni Nazirlər Kabinetinin formalaşdırılması tələbi ilə iyunun 11-də parlamentin iclasına təşəbbüs göstərməlidir. Eyni zamanda, hərəkat bu təşəbbüsə qoşulmaq üçün təkcə müxalifətə deyil, iqtidar fraksiyasına da müraciət edir. Bundan sonra, etiraz hərəkatı liderinin qeyd etdiyi kimi, xalqın tələbi ilə parlament hökumətin istefasını təsdiq edəcək. Arxiyepiskop bütün sahibkarlara, o cümlədən bu hərəkatdan əvvəl həmişə hakimiyyət dəyişikliyindən danışan tanışlarına müraciət etdi: “Mən burada çox adam görmədim, onlar yəqin ki, gizli fəaliyyət göstərməyə çalışırdılar, amma bizim hələ də bir-birimizin gözünün içinə baxmağa vaxtımız olacaq”. Əslində, bununla keşiş aksiyanın istədiyi kimi alınmadığını etiraf edib. Arxiyepiskop, həmçinin, siyasi qüvvələri proseslərdə daha fəal iştirak etməyə çağırıb. O, müəllimlərə, incəsənət nümayəndələrinə müraciət edərək qeyd etdi ki, həqiqət anı gəlib çatıb: ya indi, ya da heç vaxt. Qalstanyanın sözlərinə görə, təhlükəsizlik qüvvələri və onların rəhbərləri son günlər sübut ediblər ki, onların “yalançı və qorxağ”ın təhlükəsizliyini təmin etməkdən başqa heç bir funksiyası yoxdur: “Sizə müraciət edirəm: qanuna zidd əmrləri yerinə yetirməyin, qanun çərçivəsində hərəkət edin!”. Mitinq başa çatdıqdan sonra müxalifət Baqramyan prospektində çadırlar qurub. Hakimiyyət isə keşişi və müxalifəti şou yaratamaqda ittiham edib. Parlamentin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Arusyak Julhakyan bu xüsusda qeyd edib: “Ermənistan Respublikasının qanunvericiliyi hökumətə etimadsızlıq nümayiş etdirmə prosedurunu nəzərdə tutmur. Baqrat Respublika meydanında keçirilən mitinqdə hökumətin istefası gündəliyi ilə Milli Məclisin iclasının çağırılması tələbini səsləndirib. Milli Məclisin növbəti iclaslarının qrafiki ilin əvvəlində bəllidir. Bütün il üçün müntəzəm sessiyaların bütün cədvəli Milli Məclisin internet saytında təqdim olunur. Hələ bu ilin yanvarında hamımız bilirdik ki, iyunun 11-də Milli Məclisin növbəti iclası keçiriləcək. İndi müxalifətin lideri elan edir ki, parlament onun xahişi ilə iyunun 11-də sessiya çağırmalıdır. Bu da yalançılıq, ikiüzlülükdür. Ona kömək etməyəcəklər, o təkbaşına, utanaraq gedəcək”. Hakim partiyadan digər deputat Tsovinar Vardanyan isə qeyd edir: “Qalstanyanın münaqişə yaratmaq cəhdləri ondan xəbər verir ki, o, yalan və boğucu gündəmlə insanları davamlı olaraq aldada bilməyəcəyini yaxşı bilir. Təəssüf ki, o, insanları çirkli gündəminin bir hissəsi etməkdən çəkinmir. Onun nə düşündüyünə baxmayaraq, arxiyepiskopun təhlükəsizlik yastığı hər an açıla bilər”.

Bununla belə, rüsvayçılığını nümayiş etdirməmək üçün Qalstanyan artıq müvəqqəti Nazirlər Kabinetinin formalaşdırılması ilə bağlı ilk tezislərini açıqlayıb. Birincisi, hakimiyyət müxtəlif siyasi qüvvələrin tərəfdarları arasında barışıq əldə edəcək. İkincisi, müstəqil xarici siyasət yürütməyə çalışacaq. Üçüncüsü, ədalət prinsipini pozmamaq üçün “müəyyən müddətdə” növbədənkənar parlament seçkiləri olacaq, burada müvəqqəti hökumət  iştirak etməyəcək. Bundan əvvəl Qalstanyan baş nazir olmaq istədiyini bildirib. Lakin onun hökumətinə kimi qəbul etməyə hazır olduğu hələlik məlum deyil. Müxalifətçinin sözlərinə görə, indiki hakimiyyət adları bilən kimi həmin şəxsləri təqib etməyə başlayacaq. Buna baxmayaraq, ehtimal etmək olar ki, onun tərkibinə parlamentdəki “Şərəfim var” və “Hayastan” fraksiyaları ilə əlaqəli siyasətçilər də daxil olacaq, onlar artıq Paşinyanın impiçmentini təşkil etməyə hazır olduqlarını bəyan ediblər. Artıq  Ermənistanın eks-prezidenti Serj Sarkisyan Qalstanyanla görüşüb. “Qraparak” qəzetinin  yazdığına görə, “Vətən naminə Tavuş” hərəkatının lideri keçmiş dövlət başçısına əvvəlcə Paşinyanı parlament proseduru ilə dərhal istefaya göndərəcəyinə ümid etdiyini, lakin sonra küçə etirazları ilə ona təzyiq etmək qərarına gəldiyini deyib. Öz növbəsində, Sarkisyan Qalstanyan Tavuş vilayətindən İrəvana çatmazdan əvvəl hərəkatı dəstəklədiyini və “Nikoldan qurtulmağa” kömək etməyə hazır olduğunu bildirib. Bu arada, Paşinyanın komandası keşişin maliyyə maxinasiyalarını üzə çıxarmaqdadır. Məsələn, hakimiyyətə yaxın media Qalstanyanın hərəkatının iki üzvünün müxalifətin mitinqlərində iştirak edənlərə 5 min dram  ödəmələrini müzakirə etdiyi və çətin “iş” şəraitindən şikayət etdikləri audioyazı yayıb. İstintaq Komitəsi insanlara rüşvət vermə maddəsi ilə cinayət işi açıb və artıq əsas şübhəli şəxsi saxlayıb. Öz növbəsində, Qalstanyanın ətrafında olanlar deyirlər ki, həqiqətən də söhbət olub, amma media Qarabağ ləhcəsindən bir sözü erməni dilinə səhv tərcümə edib, ona görə də bütün məna səhv çatdırılıb. Əslində, onlar pul transferini yox, ayaqqabıları müzakirə ediblər, deyə  müxalifət iddia edir. Erməni politoloq Arşaluys Mqdesyan isə bildirir: “Qalstanyanın bazar günü keçirdiyi mitinq  də Ermənistan üçün əlamətdar hadisə olmadı. Yenə də onun hərəkatı bütün ay ərzində sönmək yolunda oldu və qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilmədi. Paşinyanın impiçmentinin başlanması, yolların blokadaya alınması və sair uğursuzluqla nəticələndi. Amma bu o demək deyil ki, Paşinyan əvvəllər düşündüyündən də güclüdür və ya mövqeyini möhkəmləndirib. Əksinə, ölkənin bütün siyasi sistemi, o cümlədən iqtidar və müxalifətin legitimliyi zəifləyir”.

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources