EN

Baş katib: Çövkən üzrə dünya çempionatında iştirakçı sayını artırmaq üçün işlər görüləcək

Baş

Bakı, 10 iyun, AZƏRTAC

"İlk dəfə Azərbaycanda yaradılan Beynəlxalq Çövkən Federasiyasının bayrağı altında birinci rəsmi yarışda toplaşmaq sevindiricidir".

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev bu gün Bakıda start götürən dünya çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Qurumun növbədənkənar Baş Assambleyasının keçirildiyini diqqətə çatdıran B.Nəbiyev burada bir sıra vacib qərarların təsdiq olunduğunu söyləyib: "İclasda bir sıra məsələlər müzakirə olundu. İlk olaraq, federasiyaya üzv ölkələrin sayı artırıldı. Bu, o deməkdir ki, biz artıq böyük bir ailəyik. Assambleyada qərar verildi ki, dünya çempionatı iki ildən bir keçirilsin. Qitə çempionatları isə 2025 və 2027-ci illərdə təşkil olunacaq. Həmçinin, bu gün iclasda əsas məsələlərdən biri də beynəlxalq çövkən qaydalarının qəbul olunması idi. Artıq federasiyaya üzv olan bütün ölkələr tərəfindən qəbul olunmuş qaydalar var ki, bunlar yalnız Azərbaycanda keçirilən turnirlərə şamil olunurdu. Bununla yanaşı, dünya çempionatında iştirak edəcək ölkələrin sayını artırmaq üçün də işlər görüləcək".

O, Azərbaycanın 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edib-etməyəcəyi ilə bağlı suala da aydınlıq gətirib: "Bu məsələyə sabah baxılacaq. Federasiyamızda regional komitələr fəaliyyət göstərir. Onların hər birinin sədri var. Bu şəxslər həmin regionda baş tutacaq bütün məsələlərə cavabdehdir. Sabah Assambleyanın ikinci günüdür. Əsas mövzumuz, təbii ki, qitə çempionatları olacaq. Əgər Azərbaycan tərəfi Avropa çempionatına maraq göstərərsə, buna müsbət yanaşılacaq".

Qeyd edək ki, 10 ölkədən komandaların iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
azertag.az

1Sources