EN

Pis vərdişlərlə barışmaz mövqe...

Hazırda dünyanı ən çox narahat edən sosial məsələlərdən biri narkomaniyadır. Bu bəlaya meyl göstərənlərin sayı hər il artır.  Bilə-bilə narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki tərəfdən də məhvə aparır. Onun sonu  ölümdür, rəzalətdir, fəlakətdir. Hətta 12-13 yaşlı yeniyetmələr narkotik vasitələrdən istifadə   edirlər. Bu da gələcək üçün dəhşətli faciədir.

Respublikamızda narkomaniya  ilə bərabər, zərərli vərdiş olan erkən nikahlara da çox rast gəlinir. Vəziyyətdən çıxmaqdan ötrü ciddi düşünməyin vaxtıdır. Hər iki zərərli vərdişlə mübarizə yeni istiqamətlərin, metodların tətbiqini istəyir. Bütün bu işlərdə fəal olmaq isə hər bir fərdin borcudur.  Amma son vaxtların araşdırmaları göstərir ki, narkotik  maddələrdən istifadə edən gənclərin valideynləri əksər hallarda övladlarına lazımi qədər diqqət, qayğı, sevgi göstərməyən ana-atalardır. Elə erkən nikahın törətdiyi fəsadların başlanğıcında övladının “xoşbəxtliyini” tez ərə verməkdə görən valideynlər dururlar.

Məhz dağlar diyarı Lerik rayonu A.Mirzəyev adına Şingədulan kənd tam orta məktəbində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində baş tutan “Erkən nikah və narkomaniya” mövzusunda maarifləndirici görüşdə cəmiyyətin, məktəbin, ayrı-ayrı dövlət strukturlarının gənc nəslin təlim-tərbiyəsindəki danılmaz rolunu göstərməklə yanaı, o da xüsusilə vurğulandı ki, gələcəyimiz üçün uçurum  olan pis vərdişlərə qarşı mübarizədə və bütövlükdə gənclərin şəxsiyyət, xeyirli vətəndaş kimi yetişməsində ən böyük məsuliyyət ailənin üzərinə düşür. Onu demək kifayətdir ki, narkotik istifadəçiləri bu yola qədəm qoyduqdan az sonra ailəsinin, dostlarının sağlamlığını, əmlakını və həyatlarını  əlində alır. Nəticədə get-gedə xalqın, millətin ciddi bəlasına çevrilən narkomaniya ilə mübarızə aparmaq hər bir  valideynin işidir.

Lerik rayonu üzrə gənclər və idman sektoru müdirinin, rayon Polis Şöbəsi əməkdaşlarının, məktəbin  müəllim və şagirdlərinin, valideynlərin qatıldığı tədbirdə gənclərdə narkomaniya, zərərli vərdişlərə qarşı mübarizə, erkən nikahının fəsadları haqqında düzgün təsəvvürlərin yaradılması, bu sahədə gənclərin məlumatlılıq  səviyyəsinin artırılması və izahat işlərinin güclənməsi, həmçinin sağlam  həyat tərzi barədə ətraflı məlumat verildi.  

Hər kəsin fəallığı şəraitində keçən tədbirdə şagirdləri düşündürən suallar da öz ətraflı cavabını tapdı.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
hurriyyet.az

1Sources