EN

Ronaldo və komandası – TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarış bu həftə start götürəcək.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə sonuncu - F qrupunun komandalarını nəzərdən keçirəcəyik. Kriştiano Ronaldolu Portuqaliya təkcə qrupun deyil, çempionatın favoritlərindən sayılır.

Seçmə mərhələnin ən yaxşısı
Portuqaliya millisi seçmə mərhələdə xal itirməyən yeganə komanda olub. Kriştiano Ronaldo və yoldaşları 10 matçın hamısında qalib gəlib. Bu da onu göstərir ki, qocalmaq bilməyən superulduz 39 yaşında qatılacağı çempionata da titul arzusu ilə gedəcək. Artıq VII turda Almaniyaya vəsiqəni təmin edən “Seleçao” AVRO-2024-ə bilet qazanan ilk üç komandadan biri olub. Roberto Marinesin yetirmələri bundan sonra da sakitləşməyərək qələbələri sıralayıb. 10 matçda 36 qol vuran komanda cəmi 2 top buraxıb. Ronaldonun 10, Bruno Fernandesin 6 qol vurması da qeyd olunmalıdır. Düzdür, “Seçilmişlər” seçmə mərhələdə ciddi rəqib görməyib. Slovakiya, İslandiya, Lüksemburq, Bosniya və Herseqovina, Lixtenşteyn portuqaliyalılar üçün sadəcə “asan yem” olub. Pireneylilərin Türkiyə, Çexiya və Gürcüstanla qrupda da çətinlik çəkməyəcəyi gözlənilir.

Sabiq çempionlar
Portuqaliya Avropa çempionatlarında yetərincə gec – 1984-cü ildə debüt edib. İlk cəhdində yarımfinala qədər irəliləyən “Seleçao” AVRO-1996-dan başlayaraq yarışın daimi iştirakçısına çevrilib. Son 8 çempionata qatılan pireneylilər iki dəfə final oynayıb. AVRO-2016-nın çempionu üç il öncə itirdiyi titulu qaytarmağa çalışacaq. 20 il əvvəl gümüş qazanan yığma 2000-ci və 2012-ci illərdə də yarımfinala qədər irəliləyib. Daha iki dəfə 1/4 final oynayan Portuqaliya yalnız bir dəfə mübarizəni tez dayandırıb. Üç il əvvəl “Seleçao” 1/8 finalda büdrəyib.

Portuqaliya millisinin qrupdakı oyunları:
18 iyun. Portuqaliya - Çexiya
22 iyun. Türkiyə - Portuqaliya
26 iyun. Gürcüstan – Portuqaliya

Qeyd edək ki, F qrupunun görüşləri 4 fərqli şəhərdə - Hamburq, Helzenkirhen, Dortmund və Leypsiqdə keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
idman.biz

1Sources