Yayımlandı: 10 İyun 2024 13:48 Zaxarova deyir ki, Yerevana nota verilib Rusiya Xarici İşlər Nazirliyi Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfərindən narazılığını bildirib. Bu barədə nazirliyin rəsmisi Mariya Zaxarova iyunun 9-da Yerevana nota verdiklərini deyib. Onun sözlərinə görə, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatları və Kiyevə humanitar yardımın göstərilməsini qeyri-dost addım kimi qiymətləndirir: “Biz Nor-Nork vilayətinin rəhbəri Tiqran Ter-Marqaryan və Ermənistan səfiri Vladimir Karapetyanın Buçaya səfərini rəsmi Yerevanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Onların Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Biz Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik”. Mariya Zaxarova. Foto: Meydan TV Mariya Zaxarovanın sözlərinə görə, Nor-Nork inzibati dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan “qərbyönlü” Respublika Partiyasının sədri Aram Sarkisyanın silahdaşıdır: “Buna görə də onun reaksiyası tamamilə başa düşüləndir”. XİN rəsmisi həmçinin Ermənistan hakimiyyətinin bu cür bəyanatlarla razılaşmasını qəbuledilməz adlandırıb. Tiqran Ter-Marqaryan və Ermənistan səfiri Vladimir Karapetyan iyunun 2-də Buçaya səfər ediblər. Bundan əvvəl Zaxarova erməni parlamentariləri Kiyevin onlara verdiyi Buçada öldürüldüyü iddia edilən şəxslərin siyahısını bölüşməyə çağırmışdı. Ermənistanın rəsmi orqanları Rusiya XİN-nin notasına hələ ki reaksiya verməyiblər. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı rus qoşunları Buça şəhərinə daxil olarkən dinc əhalinin kütləvi şəkildə öldürülməsi faktları aşkar edilib. Rusiya Müdafiə Nazirliyi isə bu faktları “dezinformasiya” adlandırıb. Meydan TV