EN

Azərbaycan artıq qlobal aktor rolunda çıxış edir ŞƏRH

Uzun illərdir ölkəmiz mötəbər regional və beynəlxalq tədbirlərə yüksək peşəkarlıqla ev sahibliyi edir, iqtisadi, siyasi, elmi, humanitar məsələlərin, mürəkkəb proseslərin müzakirə olunduğu məkan kimi tanınır. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il ölkəmizdə keçirilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Bununla yanaşı bütün dünya ölkələrinin yekdil rəyi ilə qəbul edilmiş bu qərar dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmət və etimadın növbəti nümayişidir. Bu onun nəticəsidir ki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir.Qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayan ölkəmizin enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir. İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında prezident cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir və budəfəki Bakı Enerji Həftəsində də mühüm nəticələr əldə ediləcək. Dövlətimizin başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. Bakı Enerji Həftəsinin iştirakçılarının say tərkibində də artım Azərbaycanın, onun Prezidentinin nüfuzunun, göstərilən etimadın təqdimatıdır. Azərbaycan bütün sahələrdə olduğu kimi, enerji sektorunda da qazandığı uğurları, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası ilə diqqətdədir.

Dövlət başçısı çıxışında Azərbaycanın neft, qaz və bərpaolunan enerji sahəsində qazandığı uğurlara diqqət yönəltdi. Təbii ki, bu uğurlara yol açan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib. Cənab İlham Əliyev tədbirdəki çıxışında vurğuladı ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadı. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.

30 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyasının şanlı səhifəsi yazıldı. Bu illər ərzində müxtəlif çətinliklərə və maneələrə sinə gələrək uğurla həyata keçirilən “Əsrin müqaviləsi” ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin edib və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan verdi. “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qatdı, dünyadakı mövqeyinin möhkəmlənməsinə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verdi.

Ölkə başçısı çıxışında enerji sahəsinin inkişafı, yenilənən enerji istiqamətləri, sürətli inkişafın təmin edilməsi və Azərbaycanın energetika potensialı kimi əsas məqamlara da diqqət çəkib. Danılmaz faktdır ki, dünyada baş verən ekoloji problemlərin, bir sıra fəlakətlərin təməli iqlim dəyişikliyi ilə bağlıdır. Daha əvvəl də dəfələrlə həyəcan təbili çalınmasına rəğmən, qlobal sferada hazırkı siyasi status ekoloji problemləri prioritet məsələ kimi ikinci plana atıb. Bu səbəbdən Azərbaycanın belə önəmli məsələyə ciddi diqqət ayırması təqdirəlayiq hadisədir. Bakı Enerji Həftəsində neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislər görüş keçirir, Bakı Enerji Forumu isə enerji siyasətinin bütün seqmentlərini əhatə edir.

Azərbaycanın əldə etdiyi uğurların əsasını Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və proqmatik siyasət təşkil edir. Ölkəmizin enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir. Bir sözlə, Azərbaycanın enerji diplomatiyası sahəsində qazandığı bu uğurlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji strategiyası müstəqil dövlətimizi beynəlxalq aləmdə etibarlı enerji təchizatçısı kimi bundan sonra da qəbul ediləcək və ölkəmizin enerji potensialı getdikcə yüksək səviyyədə güclənəcək. Əminliklə deyə bilərik ki, Azərbaycanın sabahı bu günündən daha qüdrətli olacaqdır.

Samir Ağayev

YAP Biləsuvar rayon təşkilatının əməkdaşı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
sesqazeti.az

1Sources